Məhkəmə qərarları › İş №3(019)-179/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-179/2021

09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-179/2021 09.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və orada yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 26.05.2021-ci il tarixdə Balakən rayonu Tülü kəndi ərazisində səki ilə hərəkət edən piyadanı vurması əsası ilə Balakən RPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru, polis mayoru Ruslan Rzayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 09.06.2021-ci il tarixli, AP seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, onun etibarnamə ilə idarə etdiyi VAZ 2107 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. 26.05.2021-ci il tarixdə, saat təxminən 15 radələrində Balakən şəhərindən Balakən-Qabaqçöl magistral yolu ilə Balakən şəhəri istiqamətindən Qabaqçöl qəsəbəsi istiqamətinə Qazma kəndində yaşadığı evə Vaz 2107 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini saatda saatda 55-60 km saat sürətlə idarə edərək getmişdir. Tülü kəndinə yerləşən “Tülü” marketə çatmaya 30-35 m qalmış yol sola istiqamətləndiyini görərək, avtomobilin istiqamətini sola istiqamətləndirmək istəsə də, idarə etməni itirərək, yolun sağ tərəf ehtiyat hissəsi ilə hərəkətdə olan piyadanı vurmamaq üçün əyləci işə salsa da, avtomobili saxlaya bilməyərək, yolun sağ ehtiyat zolaqda olan piyadanı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsi vurmuş, bundan sonra avtomobil dayanmışdır. Avtomobildən tez yerə düşərək, piyadaya yardım etmiş, həmin zaman onun avtomobilinin arxası ilə gələn atası Arzu piyadanı avtomobilə qoyaraq, rayon xəstəxanasına aparmış, özü isə avtomobilin yanında dayanmışdır. Təxminən 10-15 dəqiqədən oraya polis əməkdaşları gələrək, müvafiq sənədləşdirmə apararaq,fotoşəkillər çəkdikdən sonra avtomobili polis şöbəsinin müvəqqəti duracağına aparmışlar. Hal hazırda onun adına BC kateqotiyalı sürücülük vəsiqəsi də mövcuddur. O, həmin zaman avtomobilində tək olmuşdur. O, yol nəqliyyat hadisəsi zamanı xəsarət almamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 03.06.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Balakən rayonu Tülü kənd sakini Zərərçəkmiş şəxs baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq, Balakən RMX-yə müraciət etməsi əsasında toplanmış HK-1-391 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilmiş, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, Balakən rayonu Qazma kənd sakini Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 26.04.2021-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, X1 Orxan Arzu oğluna VAZ 21074 markalı, 08BX137 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək barədə etibarnamə vermiş və etibarnamədə onun 7 ay 26 gün müddətinə verilməsi və 22.12.2021-ci il tarixədək qüvvədə olması göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində inzibati məsuliyyət nəzədə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və Azərbaycan Respublikası İXM-nin 32.1.7-ci maddəsində törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi məsuliyyəti yüngüləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Qanun normasının tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşimançılığını və vurulmuş zərərin əvəzinin könüllü sürətdə ödənilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun bir ilədək müddətə məhdudlaşdırılma tənbehi nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamasını, törədilmiş xətanın xarakterini,onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimənin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar