Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-18/2024 23.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, xx.xx.1995-ci ildə Balakən rayonu Püştətala kəndində anadan olmuş, subay, orta təhsilli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Balakən rayonu Püştətala kəndində qeydiyyatda olmaqla yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 442-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Balakən rayonu Püştətala kəndində yerləşən bərbərxanada satışı qadağan olunan pirotexniki vasitələr satmışdır. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi Bazarov Nurlan Nəriman oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, həqiqətən də Balakən rayonu Püştətala kəndində yerləşən bərbərxanada satışı qadağan olunan pirotexniki vasitələr satdığını göstərmiş, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanında qeydiyyatda olduğunu, VÖEN aldığını, lakin VÖEN-in dayandırıldığını bildirmişdir. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış Balakən RPŞ-nin İTB-nin sahə rəisi Bazarov Nurlan Nəriman oğlu məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə Balakən RPŞ-nin İTB-nin sahə rəisi Bazarov Nurlan Nəriman oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarında olan Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı X1 RPŞ-nin rəisi, polis polkovniki Çingiz Aslanova ünvanlandığı xx.xx.2023-cü il raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Balakən rayonu Püştətala kəndi ərazisində xidmətdə olduğu zaman həmin kəndin sakini Şəxs kənd ərazisində işlədiyi bərbərxanada satılması qadağan olunan pirotexniki malların satışını həyata keçirməsini aşkar etmiş və bundan sonra həmin pirotexniki malları ondan götürərərək, Şəxs barəsində müvafiq araşdırma aparılması üçün rayon Polis Şöbəsinə dəvət etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli satılması qadağan edilən malların müsadirə edilməsi haqqında aktdan görünür ki, Balakən RPŞ-nin əməkdaşları tərəfindən Şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Balakən rayonu Püştətala kəndi ərazisində pirotexniki malların satışı ilə məşğul olarkən aşkarlanmış həmin mallar müvafiq akt tərtib edilərək ondan götürülmüşdür. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Balakən RPŞ-yə verdiyi izahatdan görünür ki, o, Püştətala kəndində bərbər işləyir. Yeni il ərəfəsi olduğu üçün qazanc əldə etmək üçün pirotexniki vasitələri əldə edib satmaq qərarına gəlmişdir. O, bu məhsulları xx.xx.2023-cü il tarixdə Zaqatala rayonunda tanımadığı bir şəxsdən əldə etmişdir. O, dəyəri təxminən 150 (yüz əlli) manat olan 21 növ pirotexniki vasitə əldə etmişdir. Həmin malların içərisində güclü səs yaradan, işıqlandırıcı və s.tipli vasitələr vardır. Aldığı malları işlədiyi bərbərxanada satırdı. Məqsədi qazanc əldə etmək idi. İş materiallarından həmçinin görünür ki, Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq və işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İlk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materialları ilə Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə tənbehi nəzərdə tutulmuşdur. İş materialları ilə müəyyən olunur ki, Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi xx.xx.2019-cu il tarixdə verilmiş ********** nömrəli VÖEN əsasında olmaqla təşkilati-sərəncamverici funksiyalara malikdir, yəni Azərbaycan Respublikası İXM-nin tələbləri üçün vəzifəli şəxsdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin «Qeyd» hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Bu xüsusda məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun vergi orqanında fəaliyyətini dayandırması və ona görə də vəzifəli şəxs olmaması barədə mülahizələrini qəbul etmir. Belə ki, qanunvericiliyin tələbinə əsasən vergi orqanında fəaliyyətinin dayandırılması Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi fəaliyyətinə xitam verilməsi, fəaliyyətinin ləğv olunması demək deyildir. Fəaliyyətinin dayandırılması halında da Şəxs ********** nömrəli VÖEN daşıyıcısı olmaqla təşkilati-sərəncamverici funksiyalara malikdir, yəni vəzifəli şəxsdir. Ona görə də o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi fəzifəli şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, ondan götürülmüş və Balakən Rayon Polis Şöbəsində saxlanılan 21 növ pirotexniki vasitələr dövlət nəfinə müsadirə edilməklə 1650 (bir min altı yüz əlli) manat məbləğdə inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ondan götürülmüş və Balakən Rayon Polis Şöbəsində saxlanılan 21 növ pirotexniki vasitələr dövlət nəfinə müsadirə edilməklə 1650 (bir min altı yüz əlli) manat məbləğdə inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-18/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-18/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver