Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-181/2021 29.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, borclu Şəxs barəsində Balakən Rayon İcra və Porbasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək müəyyən etdim Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 29 iyun 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9573/2016 nömrəli 30 noyabr 2016-cı il tarixli icra sənədinə əsasən 7480 manat aliment borcunu X1 ödəməmiş, aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəməyə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, Şəxs barəsində Balakən rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: - protokolun tərtib edildiyi tarix və yer; - protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; - inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; - inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; - olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; - inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; - inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; - inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-8.3-cü maddələrinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: - könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; - borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İş materiallarına Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9573/2016 nömrəli 30 noyabr 2016-cı il tarixli icra sənədinin Balakən rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilməsi, bu barədə icraata başlamaq haqqında qərar qəbul edilməsi, borcluya könüllü icra üçün bildirişin verilməsi, xəbərdarlığın göndərilməsi barədə heç bir sübut əlavə edilməmişdir. Eyni zamanda “İcra haqqında” Azrbaycan Respublikası Qanununun 10.1 və 10.3-cü maddələrinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. İcra zamanı borclunun yaşayış yeri və ya olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) yazılı məlumat verir. İş materiallarından görünür ki, Şəxs 22 iyul 2020-ci il tarixdən Bakı şəhəri Binəqədi rayonu ərazisində yaşayır. İcra məmuru qanunvericiliyin tələbinə uyğun olaraq bir gün müddətində icra sənədini borclunun yeni yaşayış yeri üzrə icra məmuruna göndərməli olduğu halda bir ilə yaxın müddətdə icra sənədini öz icraatında saxlamışdır. Göründüyü kimi Şəxs barəsində Balakən rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu məhkəmə iclasında tamamlana bilməyəcək dərəcədə natamamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Balakən rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddələrini rəhbər tutub qərara aldım: Borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Balakən rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-181/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-181/2021
29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver