Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-181/2022 26.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məhəmməd oğlunun iştirakı ilə, xx.xx.1971-ci ildə Balakən rayonu Meşəşambul kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Balakən rayonu Meşəşambul kəndində qeydiyyatda olan və orada yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 24.04.2022-ci il tarixdə saat 19 radələrində Balakən rayonu Talalar kəndi ərazisində yolu keçən velosipedçini vurması əsası ilə Balakən rayonu inzibati təcrübə üzrə baş inspektoru, polis leytenantı Şamil Kanayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 17.05.2022-ci il tarixli, İXP seriyalı, 4641030№-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, onun istifadəsində VAZ 2106 markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı tünd yaşıl rəngli avtomobili vardır. O, həmin avtomobili etibarnamə əsasında idarə edir və özünə lazım olan yerə gedib-gəlmək üçün istifadə edir. O, 1988-ci ildən BC kateqoriyalı sürücülük vəsiqəsi almış və həmin vaxtdan da avtomobil idarə edir. 24.04.2022-ci il tarixdə saat təxminən 19 radələrində o, Balakən şəhərindən Qabaqçöl qəsəbəsi istiqamətinə gedirdi. Yolun Talalar kənd İƏD üzrə nümayəndəliyin inzibati binasından təxminən 150-200 metr keçmişdir ki, qarşıdan ağ rəngli Vito markalı avtomobil gəlirdi. Həmin atomobilin arxası ilə yolun sol tərəfindən sağ tərəfinə təxminən 10 yaşında uşaq velosiped ilə keşdiyini gördü. O, avtomobilini saxlamaq istəsə də, avtomobilinin qabaq bamperinin sağ tərəfi ilə velosipedin arxa təkərindən vurdu. Velosiped sağ tərəfə uşaqla birlikdə aşdı. O, avtomobilini yol ilə gələn maşınlara mane olmasın deyə velosipedi vurduğu yerdən təxminən 3-4 metr yolun asfaltından çıxmadan sağ tərəfdə saxladı. Bundan sonra tez avtomobilindən düşərək uşağı idarə etdiyi avtomobilin arxa oturacağına uzatdı. Bu zaman orada bir qadın ona yaxınlaşdı və onu avtomobilinə əyləşdi. Sonradan o, həmin qadının uşağın anası olması bildi. O, avtomobili ilə vurduğu uşağı Balakən rayon xəstəxanasının Acil şöbəsinə gətirdi. Orada uşağa həkimlər tərəfindən ilkin tibbi yardım göstərilərək müayinə etdilər. Poüs əməkdaşları xəstəxanaya gələrək onu avtoqəza törətdiyi avtomobil ilə hadisə yerinə apardılar və orada sənədləşmə işləri apararaq fotoşəkillər çəkərək hadisə yerinin sxemini tərtib etdilər. O, 24.04.2022-ci İİ tarixdə saat 19 radələrində Balakən-Qabaqçöl avtomobil yolunun Talalar kəndindən keçən hissəsində yolu velosiped ilə keçən uşağı etibarnamə ilə idarə etdiyi VAZ 2106 markalı,**-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə vurduğu vaxtı spirtli içki qəbul etməmiş və sərxoş olmamışdır. O, 24.04.2022-ci il tarixdə saat 19 radələrində Balakən-Qabaqçöl avtomobil yolunun Talalar kəndindən keçən hissəsində yolu sol tərəfdən sağ tərəfinə velosiped ilə keçən uşağı etibarnamə ilə idarə etdiyi VAZ 2106 markalı, **-UG-*** dövlət nömrə nişanlı avtomobili ilə vurduğu zaman avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə zərərçəkmiş azyaşlı şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi olan anası X3 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən zərərçəkmiş azyaşlı şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi olan anası X1 iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 13.05.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Balakən rayonu Talalar kənd sakini Zərərçəkmiş şəxs baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq Balakən RMX-yə müraciət etməsi əsasında toplanmış HK-1-254 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, Balakən rayonu Meşəşambul kənd sakini Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin DYPB-nə, Zərərçəkmiş şəxs və Şəxs göndərilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 12.05.2022-ci il tarixli 94 nömrəli rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər-sağ üst göz qapağında yara, sağ alın və təpə nahiyyəsində şişkinlik, beş-beyin silkələnməsi, sol burun sümüyündə minimal yerini dəyişimiş qapalı sınıq xətti bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 24.04.2022-ci ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə onun sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, X2 oğluna VAZ 21065 markalı, 10UG832 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək barədə etibarnamə vermiş və etibarnamədə onun 1 il müddətinə verilməsi və 11.05.2022-ci il tarixədək qüvvədə olması göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 27.04.2022-ci il tarixli 10 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yoxlama zamanı Şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində inzibati məsuliyyət nəzədə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və Azərbaycan Respublikası İXM-nin 32.1.7-ci maddəsində törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi məsuliyyəti yüngüləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Qanun normasının tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşimançılığını və vurulmuş zərərin əvəzinin zərərçəkmiş şəxsə könüllü sürətdə ödənilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun bir ilədək müddətə məhdudlaşdırılma tənbehi nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini,onun məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimənin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-181/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-181/2022
26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver