Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-183/2021 05.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, X1 tərəfindən verilmiş ona cərimə yazan polis işçiləri barəsində tədbir görülməsi barədə şikayət ərizəsini ona əlavə edilmiş sənədlə birlikdə nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, ona cərimə yazan polis işçiləri barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş şikayəti, ona əlavə edilmiş sənədlə birlikdə baxaraq hesab edirəm ki, X1 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Adı çəkilən hüquq normalarından göründüyü kimi protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qərardaddan şikayət verilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Göstərilən qanun normalarının analogiya üzrə tətbiq edilməklə müəyyən olunur ki, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi göstərilmişdir. Azərbaycan Respublikası İXM-də inzibati xəta haqqında protokoldan şikayət verilməsi və protokolun ləğv edilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda X1 barəsində inzibati xəta haqqında qərarın özü şikayət ərizəsinə əlavə edilməmişdir. İş materiallarından görünür ki, Balakən Rayon Polis Şöbəsinin sahə rəisi, Həmid Tanrıverdiyev tərəfindən X1 barəsində 04.04.2021-ci il tarixli inzibati xəta haqqında ptorokol tərtib edilsə də, X1 barəsində inzibati xəta haqqında qərarın (inzibati tənbeh vermə haqqında qərarın) qəbul edilib-edilməməsi aydın deyildir. Bu da işə mahiyyəti üzrə baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, X1 tərəfindən verilmiş ona cərimə yazan polis işçiləri barəsində tədbir görülməsi barədə şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6 və 128-130-cu maddələrini rəhbər tutub qərara aldım: X1 tərəfindən verilmiş ona cərimə yazan polis işçiləri barəsində tədbir görülməsi barədə şikayəti geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-183/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-183/2021
05.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver