Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-186/2025 06.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, protokol tərtib etmiş vəzifəli şəxs Balakən rayon İcra və Probasiya şöbəsinin rəisi X5, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Balakən Rayon Vəkil Bürosunun vəkili X4 iştirakı ilə xx.xx.1988-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, Balakən rayonunun Hənifə kəndində yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 06 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-1008/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbkara ödəməli olduğu 9000 manat aliment borcunu ödəməkdən imtina etmişdir. Bununla da icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən rayon İcra və Probasiya şöbəsinin rəisi X8 izahatında bildirmişdir ki, icra sənədi üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərarın, bildirişin surəti icra edilməsi üçün borcluya göndərilmişdir. Şəxs mütəmadi ödəniş etsə də, hazırda zərərçəkmiş şəxs onun 9000 manat borcu qaldığını bildirir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, uşağın biri xəstədir, hər ay uşağın müalicəsi üçün Bakıya gedibgəlir. Hər dəfə gedəndə 500-600 manat xərcləyir. Fəhləlik edib pul qazanır. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, uşağın biri serebral iflicdir. Uşağa verilən 400 manat pensiya müalicəsi üçün sərf olunur. Bakıya gedəndə yol pulunu bəzən borclu, bəzən özü verir. 8-9 aydır ki, borclu aliment borcunu ödəmir, 2 uşağa tək baxa bilmir. Borclunun 900 manat aliment borcu vardır. Barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-1008/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, 14 iyun 2018-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 110 (yüz on) manat aliment alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-1008/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borcluya dərhal icranı könüllü təmin etməsi təklif olunmuşdur. xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2025-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Şəxs inzibati məsuliyyətinə cəlb olunması haqqında xəbərdar edilmişdir. Zərərçəkmiş şəxs Balakən Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Şəxs hal-hazırda aliment borcu 9000 manat təşkil edir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, icra məmurunun izahatını dinləyib hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, o, 9000 manat məbləğində aliment borcunu tələbkara ödəməmişdir. Lakin zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında aliment borcunun 900 manat, Balakən Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsində isə 9000 manat olduğunu bildirmişdir. Göründüyü kimi məhkəmə iclasında borclunun aliment borcunun 9000 manat olması öz təsdiqini tapmamışdır. Şəxs isə öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bununla da Şəxs icra sənədinə əsasən 9000 manat aliment borcunun üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməsi sübuta yetirilməmişdir. Məhkəmə işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur, ona görə də iş üzrə icraata xitam verilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından vəkil X6 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına 2 iş saatına görə 22 manat köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Vəkil X7 tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 22 manat Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-186/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-186/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver