Məhkəmə qərarları › İş №3(019)-189/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-189/2025

09.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-189/2025 09.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, protokol tərtib etmiş şəxs Balakən RPŞ-nin İTB-nin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Zaqatala rayonu Muxax kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, taksi sürücüsü işləyən, Balakən rayonu Katex kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Balakən RPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2025-ci il tarixli MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:30 radələrində ünvan 2 ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı kobud surətdə pozmuş, bu hərəkətlərinin dayandırılmasını tələb edərək onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Balakən RPŞ-nin İTB-nin sahə rəisi X4, xx.xx.2025-ci il tarixdə icraatına raport daxil olduğunu, həmin raport əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edildiyini, inzibati xətaları törətməsinin iş materialları ilə təsdiq olunduğunu, barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 13:30 radələrində həmkəndlisi və dostu X5 ilə birlikdə Katex kənd sakini Mirvan İsayevin evinin qarşısında dayanmışdılar. Bu zaman iki nəfər polis əməkdaşı oraya gəldilər. Onlar polis əməkdaşlarını gördükdə üzlərini gizlətməyə çalışmışlar. Bunu gördükdə polis əməkdaşları onlara yaxınlaşmış və özlərini təqdim etdikdən sonra onlardan da özlərini təqdim etmələrini xahiş etmişlər. Bundan sonra o polis əməkdaşları ilə aqressiv rəftar etməyə, sözlü mübahisə yaratmağa başlamışlar, əsəbi halda hər ikisi uca səslə ünvansız nalayiq söyüşlər söymüşlər. Polis əməkdaşları isə onlardan etdikləri davranışlara son qoymalarını tələb etmişlər. Ancaq onlar söyüşlər söyməkdə davam etmişlər. Mübahisə təxminən 20-25 dəqiqə davam etmiş, sonra polis əməkdaşları onları rayon Polis Şöbəsinə gətirmişlər. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq edilməmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, Balakən rayonu Katex kənd sakini Mirvan İsayevin yaşadığı kəndin ərazisində yerləşən mağazasından oğurluq edilməsi ilə bağlı müraciəti əsasında rayon Polis Şöbəsində aparılan araşdırma ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə saat 13:30 radələrində Balakən RPŞ-nin Qabaqçöl PB-nin CA xətti üzrə baş əməliyyat müvəkkili, polis mayoru Rəşad Yusifovla birlikdə rayonun Katex kəndi ərazisinə, sonuncunun yaşadığı ünvana gedən zaman M.İsayevin evinin qarşısında, küçədə iki nəfər şəxsin dayanmasını görmüşlər. Həmin şəxslərin şübhəli davranışları diqqətlərini cəlb etdiyi üçün onlara yaxınlaşaraq özlərini təqdim etmiş və eyni zamanda onlardan da özlərini təqdim etmələrini xahiş etmişlər. Bu zaman hər iki şəxs aqressiv davranışlar nümayiş etdirərək onlarla əsassız sözlü mübahisə etməyə, davamında isə uca səslə ünvansız söyüşlər söyməyə başladılar. Onlar hər iki şəxsdən etdikləri davranışa son qoymalarını tələb etsələr də öz qanunazidd hərəkətlərini davam etdirmişlər və onların qanuni tələblərinə qəsdən tabe olmadılar. Təxminən 20-25 dəqiqə davam edən cəhddən sonra həmin şəxsləri rayon Polis Şöbəsinə gətirmiş və Növbətçi Hissəyə təhvil vermişlər. RPŞ-də olan zaman həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, Balakən rayonu Katex kənd sakini Mirvan İsayevin yaşadığı kəndin ərazisində yerləşən mağazasından oğurluq edilməsi ilə bağlı müraciəti əsasında rayon Polis Şöbəsində aparılan araşdırma ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə saat 13:30 radələrində Balakən RPŞ-nin İTB- nin sahə polis nəfəri, polis serjantı Cahid Məmmədovla birlikdə rayonun Katex kəndi ərazisinə, sonuncunun yaşadığı ünvana gedən zaman M.İsayevin evinin qarşısında, küçədə iki nəfər şəxsin dayanmasını görmüşlər. Həmin şəxslərin şübhəli davranışları diqqətlərini cəlb etdiyi üçün onlara yaxınlaşaraq özülərini təqdim etmiş və eyni zamanda onlardan da özlərini təqdim etmələrini xahiş etmişlər. Bu zaman hər iki şəxs aqressiv davranışlar nümayiş etdirərək onlarla əsassız sözlü mübahisə etməyə, davamında isə uca səslə ünvansız söyüşlər söyməyə başladılar. Onlar hər iki şəxsdən etdikləri davranışa son qoymalarını tələb etsələr də, həmin şəxslər məhəl qoymadan öz qanuna zidd hərəkətlərini davam etdirdilər və onların qanuni tələblərinə qəsdən tabe olmadılar. Təxminən 20-25 dəqiqə davam edən cəhdlərindən sonra həmin şəxsləri rayon Polis Şöbəsinə gətirmiş və Növbətçi Hissəyə təhvil vermişlər. RPŞ-də olan zaman həmin şəxsin Balakən rayonu Katex kənd sakinləri, xx.xx.1994-cü il təvəllüdlü X5 və xx.xx.1999cu il təvəllüdlü Şəxs olduqları məlum olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:40-da inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən 50 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. İnzibati xəta haqqında protokollar xx.xx.2025-ci il tarixdə tərtib olunsa da, məhkəməyə xx.xx.2025-ci il tarixdə baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə işin hallarını araşdıraraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.2-ci maddəsinə əsasən görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. Şəxs səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmiş, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətaların xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta sayılan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs tətbiq edilməli, onun inzibati həbs müddətinin əvvəli 08 may 2025-ci il tarixdən saat 14:40-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs müddətinin əvvəli 08 may 2025-ci il tarixdən saat 14:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar