Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-193/2023 01.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1996-cı ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Şəxs 01 may 2023-cü il tarixdə saat 03:00 radələrində sərxoş vəziyyətdə Balakən şəhəri S.Gözəlov küçəsində ictimai qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən Balakən rayon Polis Şöbəsinin əməkdaşları Şahid1 və Şahid2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və işdə olan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid1 və Balakən rayon Polis Şöbəsinin məsul növbətçisi Anar Mehdiyevin raportu əsasında Şəxs törətdiyi inzibati xəta üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən şahidlərin ifadələri, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları alınmış və ünvan 3 ünvanında yaşayan xx.xx.1996-cı il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o,ikinci Qarabağ Müharibəsi veteranıdır. Müharibədə göstərdiyi şücaətlərə görə bir neçə medalla təltif edilmişdir. O, Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən Grand Palace adlı şadlıq sarayında toy mərasimləri olanda qarson kimi orada işləyir.xx.xx.2023-cü il tarixdə də kömək etmək üçün ora getmişdir. Toy mərasimi yekunlaşdıqdan sonra o¸bir nəfər iş yoldaşı ilə birlikdə şadlıq sarayının aşağı hissəsində birinci mərtəbəsinə düşərək yemək yeməyə başlamış və spirtli içki qəbul etmişdir. Daha sonra o, şadlıq sarayının yan hissəsinə keçərək əvvəlcədən orada qoyduğu spirtli içki şüşəsini götürməyə getmişdir. Bu zaman orada olan mühafizə xidmətinin işçisi ona haraya getdiyini soruşmuş və bu zaman ona spirtli içki şüşəsini götürməyə getdiyini bildirmişdir. O isə bununla bağlı olaraq ona irad bildirmişdir.Daha sonra isə polis əməkdaşları oraya yaxınlaşmış, içkili halda olduğundan polis əməkdaşları ilə onun arasında sözlü mübahisə yaranmışdır. O, polis əməkdaşlarına onu əsassız yerə polis şöbəsinə apardıqlarını bildirmişdir. O, spirtli içkinin təsiri altında olduğundan özündə olmamışdır.Əməlindən peşimandır.Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 2017- ci ildən DİO-da və hal-hazırda tutduğu vəzifədə xidmət aparır. xx.xx.2023-cü il tarixdə saat təxminən 03 radələrində Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Balakən şəhəri S.Gözəlov küçəsində xidmətdə olduğu zaman Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən “Grand Palace” adlı şadlıq sarayında işləyən mühafizə xidmətinin əməkdaşı telefonla zəng edərək bir nəfər şəxsin orada sərxoş halda ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması barədə məlumat vermişdir. Bundan sonra onlar dərhal oraya yaxınlaşmış və oraya çatdıqdan sonra həqiqətən də bir nəfər şəxsin orada ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmasını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq ictimai yer olduğunu və nalayiq ifadələr işlətməməsini dəfələrlə irad bildirsələr də həmin şəxs onların tələblərinə qəsdən məhəl qoymayaraq ictimai qaydanı pozmağa davam etmişdir. Bu səbəbdən həmin şəxsi Balakən RPŞ-yə gətirərək növbətçi hissəyə təhvil vermiş və bu barədə Balakən Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, O,təxminən 9 aydır ki, “Vətən” mühafizə xidmətində rəsmi müqavilə əsasında işləyir və Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən “Grand Palace” adlı şadlıq sarayında mühafizə xidmətində işləyir. xx.xx.2023-cü il tarixdə o, orada mühafizə postunda xidmətdə olan zaman əvvəlcədən tanıdığı Şəxs adlı şəxs sərxoş halda oraya gələrək şadlıq sarayının yuxarı hissəsinə, orada “əvvəlcədən spirtli içki gizlətmişəm və onu götürməyə gəlmişəm” deyərək qalxmaq istəmiş və bu zaman ona icazə verə bilməyəcəyini desə də həmin şəxs sərxoş halda olduğundan ucadan ünvansız və onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Bundan sonra o, yaxınlıqda xidmət aparan post patrul xidməti əməkdaşlarına telefonla zəng edərək bu barədə məlumat vermişdir. Az sonra polis əməkdaşları oraya yaxınlaşmışlar və həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də o onların qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı pozmağa davam etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 01 may 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01 may 2023-cü il tarixdə 05:00-da inzibati qaydada tutulmuş, 01 may 2023-cüil tarixdə saat 16:30-da azad edilmişdlir. İşdə olan 01 may 2023-cü il tarixli 183 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə 05:00-da sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir,onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə əməlindən peşiman olması onun məsuliyyətini yüngülləşdirən haldır.Onun bu inzibati xətanı sərxoş vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini,məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halları, törədilmiş xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, 150 (bir yüz əlli ) manat cərimə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-193/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-193/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver