Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-194/2025 19.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, protokol tərtib etmiş şəxs Balakən rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Balakən rayonu Şambul kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, 3 azyaşlı uşağı olan, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Balakən RPŞ-nin inzibati binasının 1-ci mərtəbəsində Mahamalar kənd sakini Zərərçəkmiş şəxs sifət nahiyəsinə 1 dəfə şillə vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 məhkəmə iclasında bildirmişdir ki, 14 aprel 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qəbul edilmiş qərar əsasında araşdırma aparılması ona həvalə edilmiş, aparılmış araşdırma zamanı Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, Rasim, Bahar və Ravil adlı 3 övladı var. Onun həyətyanı sahəsində ailə təsərüfatına aid mal-qaraları var. Oğlu Ravil ilə Rasim mütəmadi olaraq qoyunları və iri buynuzlu heyvanları kənd ərazisində otarırlar. Qonşusu Qəmər adlı qadın ilə aralarında münasibətləri yaxşı vəziyyətdə deyil. Bir neçə dəfə olub ki, heyvanları onun həyətyanı sahəsinə keçdiyi üçün Qəmər ilə arasında sözlə mübahisə yaranıb. xx.xx.2025-ci il tarixdə 18 radələrində azyaşlı oğlu Ravil qoyunları otarmaq üçün həyətyanı sahədən çıxardıb yola getdi. Bir qədər sonra Ravil evə gəlib Qəmərin onun qarşısını kəsib onun haqqında nalayiq ifadələr işlədib təhqir etməklə qoyunları yolda otarmağa icazə vermədiyini dediyini, bundan başqa Qəmərin onun arxasınca daş atdığını dedi. O da bundan əsəbiləşib DİN-in 102 xidmətinə zəng etmişdir. xx.xx.2025-ci il tarixdə o, polis şöbəsində olan vaxtı hadisə ilə bağlı izahat vermişdir. Bir qədər sonra polis şöbəsinə Qəmər gəlmişdir. Onlar birlikdə söhbət edən vaxtı o, Qəmərə nəyə görə barəsində nalayiq ifadələr işlətdiyini soruşanda aralarında sözlə mübahisə yaranmış və əsəbilərini cilovlaya bilməyib Qəmərin sifətinə 1 dəfə sillə vurmuşdur. Törətdiyi əməldən peşmandır. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Balakən RPŞ-nin inzibati binasında Şəxs ona sillə vurmuşdur. Şöbədə polisin sualına cavab verəndə ona vurmuşdur. Uşaqların yanında söyüş söyməyi yalan məlumatdır. Bir aydır ki, onu və uşaqlarını görməyib. Qəti barışmaq fikri yoxdur. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında toplanmış HK-1-237 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 70 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarət — sifətinin sağ yuxarı səthində qançır — küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci ildə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı 3 azyaşlı uşağı var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemoloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında (3-cü bəndində) qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında Ali Məhkəmənin icmalında qeyd olunmuşdur ki, bəzi hallarda xuliqanlıq niyyəti müəyyən olunmadan şəxsin əsassız olaraq xuliqanlığa və yaxud bu niyyətlə törədilən digər cinayətə görə təqsirli bilinməsi ondan irəli gəlir ki, ibtidai istintaq orqanları və məhkəmələr hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq və yaxud xuliqanlıq niyyətilə törədilən digər cinayət kimi qiymətləndirirlər (halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir) İşin hallarını, məhkəmə iclasında dindirilmiş şəxslərin izahatını, iş materiallarını və hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə müəyyən etmişdir ki, hadisə Polis Bölməsində baş versə də, Şəxs ilə zərərçəkmiş şəxs arasında əvvəldən yaranmış şəxsi münasibətlər zəminində baş vermişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən himayəsində on dörd yaşınadək uşağı olan barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olması, əməlindən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-194/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-194/2025
19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver