Məhkəmə qərarları › İş №3(019)-195/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-195/2021

09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-195/2021 09.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X8, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi-Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X6 iştirakı ilə, 18.09.1963-cü ildə Balakən rayonu Gərəkli kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olmaqla Balakən rayonu Poştbinə kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 22.05.2021-ci il tarixdə, saat 13.25-də Balakən rayonu Gərəkli kəndində X1 əlinə çubuqla vuraraq ona qəsdən fiziki ağrı yetirməsi əsası ilə bağlı Şəxs barəsində Balakən RPŞ-nin İTB-nin sahə rəisi Qiya Musayev tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 09 iyul 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protocol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Gərəkli kəndində yaşayır. Balakən rayonu Poştbinə kəndi ərazisində yanacaq doldurma məntəqəsi ilə üzbəüz heyvanlarını otaran zaman, həmkəndlisi X4 özü mal otaran yerə yaxınlaşaraq, heyvanları nəyə görə bura gətirdiyini soruşmuş, özü də cavab olaraq niyə də gətirməməsini demişdir. Aynurə Qardaşova heyvanları həmin ərazidən sürüb çıxartmaq istəyəndə özü buna icazə verməmişdir. Ərazi və torpaq sahəsi onun olmadığı üçün özünə məxsus malları ordan qovmağa Aynurə Qardaşovanın ixtiyarı olmamışdır. Həmin vaxt Aynurə Qardaşova onu təhqir etmiş, o, isə əsəbləşərək Aynurə Qardaşovaya onun özünə dedikləri sözləri geri qaytarmışdır. Onun əlində çubuq olmuş, çubuğu əlindən Aynurə Qardaşovanın özü dartıb çıxartmışdır. O, Aynurə Qardaşovaya çubuq vurmamışdır. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 izahatında göstərdi ki, o, üç oğlu ilə birlikdə Balakən rayonu Gərəkli kəndində yaşayır. Həyat yoldaşı X12 vəfat etmişdir. Özü evdar qadındır. Həmkəndlisi Şəxs 15 baş iri buynuzlu heyvanını otararaq, özü heyvanını otaran sahəyə gətirmişdir. Şəxs heyvanlarını otararaq onun malı otlayan sahəyə niyə gətirdiyini demiş, Şəxs ona “gətirə bilmərəmmi” deyə cavab vermişdir. O, Şəxs heyvanları bura gətirməməsini demiş, onda Şəxs “get ilişəsi adam tap, mənə ilişmə, mən səninlə danışmağa qadın gətirərəm” demişdir. Sonra Şəxs onun ünvanına çox pis və nalayiq söyüşlər söymüş, üç dəfə ona “pozğun qadınsan” sözünü demişdir. O, Şəxs cavab qaytaranda o, söyüşlər söyərək üstünə gəlmiş və çubuqla sol əlinə vurmuşdur. Şəxs şikayətçidir. Onun barəsində ən sərt tədbirin görülməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi X13, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib edərək, İXM-nin 157-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görürlməsini xahiş etmişdir. İşdə olan Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı polis kapitanı X5 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 27.05.2021-ci il tarixli qərarından görünür ki, X2 şikayəti əsasında toplanmış HK-1-379 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Balakən rayonu Gərəkli kənd sakini Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsinin tərkib əlamətləri olduğundan sonuncunun qeyd edilən maddə əsasında inzibatı məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 24.05.2021-ci il tarixli, 139 nömrəli rəyində göstərilmişdir ki, X3 müəyyən edilmiş xəsarət-sol əlin arxa səthində, sol əlin 3-cü barmağın əsas falanqa nahiyəsində arxa səthdə qançırlar- bərk küt əşyanın ( əşyaların ) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 22.05.2021-də əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs məhkəmə iclasında verdiyi izahata hüquqi qiymət verərək, həmin izahatda Aynurə Qardaşovanı çubuqla vurmaması, çubuğu əlindən Aynurə Qardaşovanın özünün dartıb çıxartması barədə bildirdiklərini işdəki mötəbər sübutlarla təsdiq olunmadığı üçün özünümüdafiə kimi qiymətləndirir və işin faktoloji halı kimi qəbul etmir. Belə ki, iş materialları, o cümlədən zərərçəkmiş şəxs X2 izahatı, Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı polis kapitanı X5 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 27.05.2021-ci il tarixli qərarı və məhkəmə-tibbi ekspertizasının 24.05.2021-ci il tarixli, 139 nömrəli rəyi ilə Şəxs 22.05.2021-ci il tarixdə, saat 13.25-də Balakən rayonu Gərəkli kəndində X1 əlinə çubuqla vuraraq ona qəsdən fiziki ağrı yetirməsi və bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirilən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X10 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X7 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X7 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar