Məhkəmə qərarları › İş №3(019)-195/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-195/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-195/2023 19.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, ev 6, mənzil 33 olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 483-cü maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə **********2297 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 57672,00 ABŞ dolları olan qurudulmuş xurma dilimləri yükü Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən Gömrük Postunda rəsmiləşdirərək Niderland Krallığına ixrac olunmuş, ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 1232,40 ABŞ dolları (2095,08 manat) məbləğində xarici valyuta geri qaytarılmamışdır. Bununla əlaqədar hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXMnin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 11000-02715/23 nömrəli (EP № 0005875) inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə BALXURMA» MMC-nin nümayəndəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə **********2297 saylı gömrük bəyənnaməsi üzrə rəsmiləşdirilməklə ixrac olunmuş «qurudulmuş xurma» dilimləri yükünün müqabilində qaytarılmalı olan 1232,40 ABŞ dolları (2095,08 manat, kurs:1 ABŞ dolları=1,70) məbləğində vəsaitin müvəkkili bank hesabına köçürülməməklə xaricdən qaytarılmaması xx.xx.2017-ci il tarixli 13112017 nömrəli müqavilə, xx.xx.2022-ci il tarixli gömrük bəyənnaməsi, Balakən gömrük postunun rəisinin xx.xx.2023-ci il tarixli raportu xx.xx.2022ci il tarixli bildiriş, 03/22DP nömrəli İnvoice, 01 may 2023-cü il tarixli 11000-02715/23 nömrəli inzibati xəta haqqında protokol və sair işdə olan sənədlərlə təsdiq olunur. Belə ki, həmin sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən Niderland Krallığında qeydiyyatda olan «GEOBAS» şirkətinə 13112017 saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixində **********2297 saylı gömrük bəyənnaməsi ilə dəyəri 57672,00 ABŞ dolları olan 8010,60 kq «qurudulmuş xurma dilimləri» yükü rəsmiləşdirilərək ixrac olunmuş və ixrac olunan malın müqabilində 1232,40 ABŞ dolları məbləğində valyuta vəsaiti bəyan olunan gündən 180 gün ərzində cəmiyyətin bank hesabına daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində inzibati məsuliyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin «Qeyd» hissəsinə əsasən Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair» 17 may 2021-ci il tarixli qərarında göstərlir ki, 1. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır; 2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur; 3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs MMC MMC 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməlidir. Həm də Şəxs MMC-nin əməli Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə düzgün tövsif edilmişdir. Bu xüsusda Şəxs MMC tərəfindən Şəxs MMC-nin həmin inzibati xətanın törədilməsində təqsirli olmaması barədə müvafiq sübutlar; ixrac olunmuş 1232,40 ABŞ dolları dəyərində xurma dilimləri məhsulunun hamısının aşağı keyfiyyətdə olması, keyfiyyət standartlarına cavab verməməsini təsdiq edən ekspertiza rəyi və digər sənədlər, həmçinin qiymətin keyfiyyətin aşağı olmasına görə mütənasib azaldılmasına aid sənədlər məhkəməyə təqdim edilməmişdir. Bu konteksdə məhz aşağı keyiyyətdə olan mal səbəbindən məhsulun qiymətinin azaldılması ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.1-ci maddəsinin normaları da hazırki işdə tətbiq edilə bilməz. Belə ki, Mülki Məcəllənin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğısatqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Göründüyü kimi, Mülki Məcəllənin 587.1.1-ci maddəsi lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının alış qiymətini mütənasib azaldılması hüququnu təsbit edir. Alış qiymətinin mütənasib azaldılması əşyanın tam dəyərinin ödənilməsini deyil, müqavilədə nəzərdə tutulmuş malın qiymətinin lazımi olmayan keyfiyyət göstəricilərinin dərəcəsinə uyğun olaraq mütənasib azaldılmasını ehtiva edir. Şəxs MMC tərəfindən isə malın müvafiq keyfiyyət göstəricilərinə uyğun olmaması və onların bunda təqsirli olmaması barədə hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bundan başqa, qanuna görə (Mülki Məcəllənin 587.2.2 maddəsi) alıcının lazımi keyfiyyəti olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etmək hüququ vardır. Lakin nədənsə alıcı həmin lazımi keyfiyyətdə olmadığı qeyd edilən malın müqaviləyə uyğun keyfiyyətli malla əvəz edilməsini Şəxs MMC-dən tələb etməmiş və bu barədə hər hansı müraciət göndərməmişdir. İş materiallarından görünür ki, sözügedən xurma dilimləri yükü kömrük orqanında bəyan olunmuş və xaricə göndərilmişdir. Belə olan halda Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarında göstərilən müddət hazırki hala şamil edilir. Qanunvericiliyin tələbinə əsasən Şəxs MMC-nin göndərdiyi malın dəyərini təşkil edən 1232,40 ABŞ dolları valyuta məbləği xarici təşkilat tərəfindən Azərbaycan Respublikasının müvəkkil bank hesabına köçürülməli idi ki, həmin vəsait də köçürülməmişdir. Bu vəsaitin köçürülməməsi Şəxs MMC-nin təqsiri nəticəsində baş vermişdir ki, bu faktoloji hal da İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinin tələbinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın-1232,40 ABŞ dolları dəyərinin otuz faizi- 369,72 ABŞ dolları (1232,40 ABŞ dollarının 30 %-i=369,72 ABŞ dolları) məbləğində cərimə edilsin; həmin 369,72 ABŞ dolları ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar