Məhkəmə qərarları › İş №3(019)-2/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-2/2022

11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-2/2022 11.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə hüquqi ünvanı Balakən şəhəri, Heydər Əliyev, ev 54 olan Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Hüquqi şəxs Şəxs MMC (VÖEN **********) 2020-ci il üzrə maliyyə hesabatlarını (konsilidə edilmiş) 2021-ci ildə audit rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməmişdir. Bu barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri X2 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə 30.11.2021-ci il tarixli, MN1262304 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşə baxılmasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşə əlavə olunan Şəxs MMC-nin direktoru X1 məhkəməyə göndərdiyi yazılı etirazda göstərilir ki, Balakən Rayon Məhkəməsi 3(019)-409/2021 saylı iş üzrə 23.12.2021 ci il tarixində saat 12:35 də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinin tələblərinin pozulmasına dair barələrində inzibati xəta haqqında iş üzrə məhkəmədə iştirak etmələri üçün bildiriş göndərmişdir. Həmin bildiriş Şəxs MMC-ə 15.12.2021 ci il tarixində daxil olmuşdur.Eyni zamanda qeyd etmək istəyir ki, həmin tarixdə, yəni 15.12.2021 ci il tarixində Maliyyə Nazirliyindən Şəxs MMC-yə 01.12.2021 ci il tarixli MİHO/1.1-2-2021-6947 saylı məktub və MN № ******* saylı İnzibati xəta haqqında Protokol daxil olmuşdur. Qeyd etmək istəyir ki, Maliyyə Nazirliyi Şəxs MMC-ni həmin inzibati protokolun tərtibatı ilə bağlı qərarın qəbul edilməsi məsələsinə baxılması üçün onlara heç bir rəsmi və yaxud qeyri-rəsmi qaydada əvvəlcədən bildiriş göndərməmişdir və bununla bağlı onları məlumatlandırmamışdır. Ən əsası onların bu məsələ ilə bağlı heç bir məlumatları olmamışdır. Maliyyə Nazirliyinin onlara göndərdiyi 01.12.2021 ci il tarixli MİHO/1.1-2-2021- 6947 saylı məktub və MN № ******* saylı İnzibati xəta haqqında Protokol məhkəmə tərəfindən onlara göndərilən məhkəmə bildirişi ilə eyni gündə 15.12.2021 ci il tarixində daxil olmuşdur. Onlar həmin inzibati protokolla bağlı 15 dekabr 2021 ci il tarixində Maliyyə Nazirliyinin qaynar xəttinə zəng vurmuşlar. Maliyyə Nazirliyinin qaynar xətti onları Uçot siyasəti şöbəsinə yönləndirmişdir. Uçot siyasəti şöbəsinin əməkdaşı (Lətifə xanım, tel: *** *** ** **) onlara bildirdi ki, inzibati protokolla bağlı qərarın qəbul edilməsi məsələsinə baxılması üçün onlara 15 noyabr 2021 ci il tarixində bildiriş göndərmişlər. Onlar isə öz növbələrində həmin bildirişin onlara gəlib çixmadığını bildirmiş və onlardan göndərdiyi həmin məktubun poçt göndərişinin qəbzinin surətini onlara təqdim etməyini xahiş etmişlər. Lətifə xanım isə cavabında bildirmişdir ki, onlar həmin məktubu sadə poçt göndərişi ilə göndərmişlər və qəbzləri yoxdur. Belə olan halda onlar Balakən rayon poçt şöbəsi ilə əlaqə saxlamışlar. Şəxs MMC-yə daimi məktubları gətirən poçtalyon onlara bildirmişdir ki, Maliyə Nazirliyindən onların ünvana göndərilən əvvəlki məktub onların poçtuna daxil olmamışdır. Onlar tərəfindən onların ünvanına göndərilən yalnız bir məktub daxil olub və həmin məktub onlara 15.12.2021 ci il tarixində təqdim edilmişdir. Yuxarıda qeyd etdikləri nəzərə alınsa, açıq-aydın görünür ki, onların xəbəri olmadan, onların dəvəti olmadan, onların məlumatı olmadan barələrində inzibati protokol tərtib edilmişdir. Xahiş edir ki, bu məsələni bir daha araşdırıb, həmin inziibati protokolun ləğvi barədə qərar qəbul edilsin və onlara köməklik göstərilsin. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Həm də Şəxs MMC-nin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, işdə olan hüquqi şəxs Şəxs MMC-yə ünvanlanmış 15 noyabr 2021-ci il tarixli bildirişdə Şəxs MMC 2020-ci il üzrə birləşdirilmiş (konsilidə edilmiş) maliyyə hesabatlarını audit rəyi ilə birlikdə 30 iyun 2021-ci il tarixdən gec olmayaraq təşkilatın rəsmi internet səhifəsində yerləşdirilməməsi və mətbu orqanda dərc edilməməsinə görə inzibati xəta haqqında işə 29 noyabr 2021-ci il tarixdə saat 10-00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılacağı barədə Şəxs MMC-yə məlumat verilməsi göstərilməklə, təşkilatın 2020-ci il üzrə birləşdirilmiş (konsilidə edilmiş) maliyyə hesabatlarını audit rəyi ilə birlikdə mətbu orqanda və ya internet səhifəsində dərc edildilyi mövcud olduğu təqdirdə həmin rəyi və maliyyə hesabatlarını yuxarıda qeyd edilən tarixədək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinə göndərilməsi xahiş olunmuşdur. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə bu Qanunun 12.2-ci maddəsində qeyd edilən təşkilatlardan həmçinin aşağıdakılar tələb olunur: 12.3.1. qurumun İnternet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması; 12.3.3. qurumun illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının nüsxəsinin auditor rəyi ilə birlikdə hər hansı şəxsə, onun müraciəti əsasında pulsuz təqdim olunması. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi, mühasibat uçotu sənədlərinin saxlanılması ilə əlaqədar qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş «Kommersiya təşkilatlarının illlik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları»nın 3.1-ci bəndinə uyğun olaraq birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən ictimai əhəmiyyətli qurumlar həmin hesabatları hesabat dövrü başa çatdıqdan sonra, sonrakı ilin iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdəki sübutlardan müəyyən olunur ki, hüquqi şəxs Şəxs MMC (VÖEN **********) qanun normasının tələblərini pozaraq 2020-ci il üzrə maliyyə hesabatlarını (konsilidə edilmiş) 2021-ci ildə (2021-ci ilin iyun ayının 30-dan gec olmayaraq) audit rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməmişdir. Şəxs MMC-nin direktorunun məhkəməyə göndərdiyi yazılı etirazında göstərdiyi dəlillərə hüquqi qiymət verərək, bu xüsusda qeyd edirəm ki, hətta Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən onlara göndərilmiş bildirişi almadıqları qəbul olunsa belə, qanunda birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən ictimai əhəmiyyətli qurumların həmin hesabatları audit rəyi ilə birlikdə internert səhifəsində və ya mətbu orqanında dərc etdirmələri bir vəzifə olaraq müəyyən olunmuş və bu tələbi yerinə yetirməyənlərin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində (İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi) nəzərdə tutulmuş inzibati məsuliyyətlə cəlb olunmaları təsbit edilmişdir. Belə olan halda hüquqi şəxs Şəxs MMC də qanunvericiliyin tələbinə uyğun olaraq 2020-ci il üzrə maliyyə hesabatlarını (konsilidə edilmiş) 2021-ci ildə audit rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanında dərc etdirməli olmasını və bunu etmədiyi təqdirdə inzibati məsuliyyət daşımalı olmasını bilməli idi. Ümumi hüquq prinsipinə görə qanunu bilməmək məsuliyyətdən azad etmir. Digər tərəfdən Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilmiş, həmin bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən alınmış, yəni Şəxs MMC-yə məhkəmə prosesində iştirak etmək, inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və sair hüquqlarından, o cümlədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə etmək üçün şərait yaradılmış, lakin Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Həmçinin Şəxs MMC tərəfindən onun barəsində icraatı başlanmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın mahiyyəti üzrə, yəni həmin inzibati xəta hadisəsinin olub-olmaması, onun əməlində həmin inzibati xətanın tərkibinin olub-olmaması, bu və ya digər əsaslar üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya özünü həmin xətanın törədilməsində təqsirli bilməsi ilə bağlı hər hansı mülahizəsini və bu xüsusda sübutları məhkəməyə təqdim etməmiş, məhkəməyə göndərdiyi etirazında bu məsələlərlə bağlı hər hansı münasibətini bildirməmişdir. Sözügedən həmin etirazda həmçinin məhkəmədən Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 30 noyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğvi tələb edilir ki, bu da əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində və başqa qanunvericilik aktlarında məhkəmə üçün inzibati xəta haqqında protokolun ləğvi səlahiyyətləri müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsində inzibati xəta haqqında işə baxan məhkəmələr və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134 və 135-ci maddələrində inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə baxan məhkəmələr tərəfindən qəbul olunan qərarların sırasında inzibati xəta haqqında protokolun ləğv edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmamışdır. Bu da təbiidir. Belə ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən inzibati xəta haqqında işlərə və ya inzibati xəta haqqında qəbul edilən qərarlardan verilən şikayətlərə baxır və qanunda nəzərdə tutulmuş qərarlar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99-cu maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün qanunda göstərilən hüquqi sənəddən biridir (İnzibati Xətalar Məcəlləsinin 99.4.2-ci maddəsi). Qanunvericiliyə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün digər hüquqi sənədlərə bu Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol (İnzibati Xətalar Məcəlləsinin 99.4.1-ci maddəsi), inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında prokurorun qərarı (İnzibati Xətalar Məcəlləsinin 99.4.2-ci maddəsi) və bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qəbul edilən qərardaddır (İnzibati Xətalar Məcəlləsinin 99.4.3-cü maddəsi). Göründüyü kimi, qanunvericiliyə görə o cümldəən inzibati xəta haqqında protokolla İnzibati Xətalar Məcəlləsinin hər hansı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanır və həmin icraat üzrə səlahiyyətli vəzifəli şəxs və ya orqan tərəfindən yekun qərar qəbul edilir ki, həmin qərardan da qanunda göstərilmiş şəxslərin qanunda nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət vermək hüququ nəzərdə tutulmuşdur. Həmin qərardan verilən şikayətə baxan o cümlədən məhkəmə həmin inzibati xəta haqqında iş üzrə qəbul edilən qərarı ləğv etmək səlahiyyətinə malikdir. Qanunda inzibati xəta haqqında işin baxılması və müvafiq qərarın qəbul edilməsi predmeti kimi inzibati xəta haqqında protokoldan şikayət vermək hüququ və məhkəmənin həmin protokolu ləğv etmək səlahiyyəti nəzərdə tutulmamışdır. O da nəzərə çatdırılmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta həmin Məcəllənin 36-cı fəslində nəzərdə tutulmuş vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən belə xətalara görə inzibati məsuliyyətə cəlb etmə müddəti bir il müəyyən edilmişdir. Ona görə də hazırki inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs MMC “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin onun əməli İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, inzibati xəta nəticəsində hüquq şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar