Məhkəmə qərarları › İş №3(019)-2/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-2/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-2/2024 26.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə, Zərərçəkmiş şəxs, müdafiəçi- Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 30 may 2023-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-89/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs bu günədək 13300 manat aliment borcunu tələbkara ödəməkdən imtina etmiş, bununla da icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-89/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2017-ci il tarixdən başlayaraq azyaşlı- 09 noyabr 2008-ci il tarixdə anadan olmuş X3 və 29 aprel 2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edir. İş üzrə qanuni qərarın çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-89/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2017-ci il tarixdən başlayaraq azyaşlı-09 noyabr 2008-ci il tarixdə anadan olmuş X3 və 29 aprel 2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ondan hər ay hər uşaq üçün 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Hal-hazırda o, tələbkar Zərərçəkmiş şəxs ilə razılığa gəlmiş və onunla barışmışdır. O, Zərərçəkmiş şəxs ev bağışlamış, Günay da əvəzində bu günə qədər yığılmış aliment borcundan imtina etmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi yoxdur. Qeyd edilənləri nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-89/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2017-ci il tarixdən başlayaraq azyaşlı-09 noyabr 2008-ci il tarixdə anadan olmuş X3 və 29 aprel 2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin tutulub ona verilməlidir. Hal-hazırda hazırki iş üzrə Şəxsla barışmışlar. Aralarındakı razılığa görə Şəxs ata evini razılaşma əsasında oğlu X4 bağışlamış və notariusda təsdiq edilmişdir. Odur ki, X2 bu iş üzrə heç bir şikayət və tələbi yoxdur. İşin icraatına xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, ərizəsində göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə hazırki iş üzrə barışmışlar. Aralarındakı razılığa görə Şəxs ata evini razılaşma əsasında oğlu X4 bağışlamış və notariusda təsdiq edilmişdir. Odur ki, Şəxs bu iş üzrə heç bir tələb və şikayəti yoxdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəislə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə yazılı ərizə ilə müraciət edərək, tələbkar Zərərçəkmiş şəxs ilə razılığa gəldiklərini, onunla barışdıqlarını, Zərərçəkmiş şəxs ev verdiyini, Günayın da əvəzində bu günə qədər yığılmış aliment borcundan imtina etdiyini bildirmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-89/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2017-ci il tarixdən başlayaraq azyaşlı-09 noyabr 2008-ci il tarixdə anadan olmuş X3 və 29 aprel 2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-89/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra vərəqəsi icraya yönəldilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-89/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən və bu icra sənədini icra etməkdən yayınmamış, aliment borcundan ödənişlər etmişdir. İş materiallarından həmçinin görünür ki, Şəxs ilə Zərərçəkmiş şəxs barışmış, aralarındakı razılığa görə Şəxs ata evini razılaşma əsasında oğlu X4 bağışlamış və notariusda təsdiq edilmişdir. Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir tələb və şikayəti yoxdur və o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəislə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-89/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və bu icra sənədini üzrlü səbəb olmadan icra etməməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən bu vəzifə həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İş materialları ilə Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-89/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və bu icra sənədini üzrlü səbəb olmadan icra etməməsində, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübut olunmur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin müəyyən olunmuş hallarını yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək, hesab edirəm ki, əməlində inzibati xətanın tərkibi olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil1, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil1 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 60 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 112, 113, 105.1, 109.2, 114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibəti xətanın tərkibi olmadığı üçün xitam verilsin; Şəxs inzibati məsuliyyətdən azad edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil1 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 60 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar