Məhkəmə qərarları › İş №3(019)-216/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-216/2020

09.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-216/2020 09.07.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclaskatibi x3 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Balakən rayonunun Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Qazma kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1, 510 və 535.1-ci maddələri ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 08.07.2020-ci il tarixdə saat 19:40 radələrində Balakən rayonu Talalar kəndiərazisində maskadan istifadə etməyərək, müəyyən edilmiş sosial məsafə və 10 nəfərdən artıq toplaşmamaq barədə sanitar-epidemiya və karantin rejiminə əməl etməmiş, ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onu nizam intizama dəvət edən və karanti qaydalarına əməl etməsini tələb edən Balakən rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi, x1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1, 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilib baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, Balakən rayonunun Qazma kəndində yaşayır. 99-SA 135 dövlət nömrə nişanlı kamaz markalı avtomaşının sürücüsüdür. 08.07.2020-ci il tarixdə saat təxminən 18:30 radələrində Balakən rayonu Talalar kəndi ərazisində həmin Kamazla ot satmaq üçün dayanmışdır. Həmin vaxt orada ondan başqa 6-7 Kamaz maşını da ot satmaq üçün dayanmışdır. Bu zaman həmin əraziyə polis əməkdaşları gəlmiş və orada olan kamaz sürücülərinə kənd ərazisində küçə ticarəti ilə məşğul olmamalarını, ot satmaq üçün rayonda ot bazarı olduğunu bildirərək otu bazarda satmalarını demişlər. Həmçinin ona sosial məsafə saxlanması, maska taxması təklif edilmişdir. O, maska taxmamaış, bundan sonra yenidən ona maska taxması tələb edilmiş, barəsində inzibati xəta yazılacağı bildirilmişdir. Bununla bağlı ona polis şöbəsinə getməli olduğu bildirilmişdir. O, etiraz edərək polis şöbəsinə getməyəcəyini bildirmişdir. Həmin vaxt orada mübahisə yaranmış və polis əməkdaşları onu döyüb polis şöbəsinə gətirmişlər. O, heç bir qanunsuz əmələ yol verməmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında göstərdi ki, 08.07.2020-ci il tarixdə saat 19:30 radələrində xüsusi karantin rejiminin pozulmasının qarşısını almaq məqsədi ilə rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik- leytenantı Vüsal Rüstəmovun rəhbərliyi ilə rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə rayonunun Talalar kəndi ərazisində reyddə olmuşlar. Talalar kəndi ərazisində reyddə olduqları zaman 15 nəfərdən artıq şəxsin toplaşaraq tibbi maskadan istifadə etmədən və sosial məsafədən istifadə etməyərək qanunsuz küçə ticarəti etdiklərini aşkar etmişlər. Onlar həmin şəxslərə yaxınlaşaraq nə üçün tibbi maskadan istifadə etmədiklərini, eyni zamanda sosial məsafə saxlamadıqlarını, qanunsuz küçə ticarəti ilə məşğul olduqlarını, 10 həfərdən artıq toplaşdıqlarını soruşmuşlar. Həmin vaxt onlardan biri onların qanuni tələblərinə pozaraq ucadan nalayiq ifadələr işlədərək səs-küy salmışdır. Onlar həmin şəxsi nizamintizama dəvət etsələrdə o, 15-20 dəqiqəyə yaxın öz hərəkətlərini davam etdirərək ətrafda olan insanların diqqətini özünə cəlb etməklə işlərinə mane olmuşdur. Onlar həmin şəxsi özləri ilə birlikdə rayon polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs 1986-cı il təvəllüdlü Şəxsdur. Bundan sonra o, həmin şəxs barəsində aidiyyəti tədbir görülməsi üçün raporta şöbə rəhbərliyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 Rövşən oğlu Şahid1 Şaidl oğlunun ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişlər. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində, xırda xuliqanlığa görə İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İşin hallarını müəyyən edib, işdəki sübutları yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirlidir, onun əməli İXM-nin 211.1, 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərin iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə , yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərin iki yüz manat məbləğində cərimə edilməsi və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş xəta həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamasını, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirilən və məsuliyyətini ağırlaşdıran halların olmamasını, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, ona Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 09 iyul 2020-ci il tarixdən saat 16:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar