Məhkəmə qərarları › İş №3(019)-216/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-216/2021

11.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-216/2021 11.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi və Şəxs MMC-nin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, ev 6, mənzil 33 olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 483-cü maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs MMC tərəfindən 11.11.2020-ci il tarixdə **********2886 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 14600.00 ABŞ dolları olan 4658.00 kq qurudulmuş xurma Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən Gömrük Postunda rəsmiləşdirilərək Rusiya Federasiyası Moskva şəh,2-ci Filesk küç, ev 7, kor.6 mərtəbə 1. Pom 3 otaq 7H qeydiyyatda olan "Ksanti Treydinq” MMC ünvanına konsiqnasiya yolu ilə ixrac olunmuş, ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 1211.76 ABŞ dolları (2059.99 manat) məbləğində xarici valyutanı geri qaytarmamışdır. Bu barədə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən 17.07.2021-ci il tarixli, 11000-0993/21 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi-vəkili X8 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində hüquqi şəxsi təqsirli bilməyərək, izahatında göstərdi ki, Şəxs MMC 2016-cı ildə təsis olunmuş və ünvan 2 ünvanında qeydiyyata alınmışdır. Şirkətin əsas fəliyyəti müxtəlif rayonlardan xurmanın əhalidən tədarükü, emalı və satışından ibarətdir. Xurma Balakəndə ən çox əkilən və bol məhsul verən meyvəçilik sahələrindən biri olduğundan şirkətin emal müəssisələri Balakən rayonunda yaradılıb. 29 yanvar 2019-cu il tarixdə Rusiya Federasiyası, Moskva şəhəri, 2-ci Fileslc küçəsi, bina 7, korpus 6 ünvanında qeydiyyatda olan “Ksanti Treyding” şirkəti ilə Şəxs MMC arasında ümumi dəyəri 41325,00 ABŞ dolları olmaqla qurudulmuş xurma meyvəsinin satılması üçün 01/19 saylı müqavilə bağlanmışdır. Bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq dəyəri 14600 dollar olan 4658 kiloqram “qurudulmuş xurma dilimləri” yükü 11 noyabr 2020ci il tarixində **********2886 saylı Gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək 99JP518 qeydiyyat nişanlı yük maşını ilə Rusiya Federasiyasına konsiqnasiva yolu ilə ixrac olunmuşdur. Hal-hazırda **********2886 saylı gömrük bəyannaməsi üzrə ixrac olunan malın dəyərinin böyük hissəsi, yəni 13388.24 ABŞ dolları müvəkkil banka ödənilmişdir. Ödənilməmiş 1211.76 ABŞ dollarını Şəxs MMC faktiki əldə etməmişdir. Yuxarıda göstərilənlərə əsasən Şəxs MMC tərəfindən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində 11.11.2020-ci il tarixli **********2886 nömrəli Gömrük bəyannaməsi ilə ixrac olunmuş məsulun ümumi dəyərindən 1211.76 ABŞ dolları vəsait əldə olunmadığından və bu hərəkət/hərəkətsizliklə nzibəti xəta hadisəsi və inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati materialda olan sənədlərdən görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə inzibati xəta haqqında iş üzrə icraata başlanmış, Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş və şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 1211.76 ABŞ dolları məbləğində xarici valyutanın geri qaytarılmamasının səbəbinin aydınlaşdırılması məqsədilə Şəxs MMC-nin nümayəndəsi X2 Şöbəsinə dəvət olunaraq, sorğu-sual olunmuşdur. Şəxs MMC-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, 29 yanvar 2019-cu il tarixdə Rusiya Federasiyası, Moskva şəhəri, 2-ci Fileslc küçəsi, bina 7, korpus 6 ünvanında qeydiyyatda olan “Ksanti Treyding” şirkəti ilə Şəxs MMC arasında ümumi dəyəri 41325,00 ABŞ dolları olmaqla qurudulmuş xurma meyvəsinin satılması üçün 01/19 saylı müqavilə bağlanmışdır. Bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq dəyəri 14600 dollar olan 4658 kiloqram “qurudulmuş xurma dilimləri” yükü 1 1 noyabr 2020-ci il tarixində **********2886 saylı Gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək 99JP518 qeydiyyat nişanlı yük maşını ilə Rusiya Federasiyasına konsiqnasiva yolu ilə ixrac olunmuşdur. Hal-hazırda **********2886 saylı gömrük bəyannaməsi üzrə ixrac olunan malın dəyərinin böyük hissəsi, yəni 13388.24 ABŞ dolları müvəkkil banka ödənilmişdir. Şəxs MMC bu 1211.76 ABŞ dolları məbləğini faktiki əldə etməmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXMnin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığı üçün hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin dispoziyasında qeyd edilmiş “Az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması” özü özlüyündə inzibati xətanın törədilməsini ehtiva etmir. “Az miqdarda xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdırsa”, bu zaman inzibati xətanın əlamətləri formal cəhətdən mövcud olsa da, həmin “Az miqdarda xarinci valyuta vəsaitlərinin xaricdən qaytarılmamsında” Şəxs MMC-nin təqsiri müəyyən edilməlidir. Əgər təqsir vardırsa, onda inzibati məsuliyyət mövcud inzibati xəta mövcud olmur. Buna görə də məhkəmə qeyd edir ki, inzibati xəta əlamətlərinin mövcudluğu şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetəri deyildir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində MMC-nin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Şəxsin əməlində -inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplanmamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsulyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin inzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İş materiallarında olan sənədlərlə (11.11.2020-ci il tarixli Gömrük bəyannaməsi, 29/01/2019 saylı müqaviləyə dair invoice, X9 rəisi X10 Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Arif Mehdiyevə ünvanladığı 08.07.2021-ci il tarixli raport, Şəxs MMC-nin nümayəndəsi X1-sual edilməsi barədə 17.07.2021-ci il tarixli protokol, Qərb Ərazi Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı Natiq Əmirovun 17.07.2021-ci il tarixli arayışı, Azərbaycan Respublikası Mərkəzi Bankının 11.11.2020-ci il tarixdən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı X7 və 17.07.2021-ci il tarixli,11000-0993/21 №-li inzibati xəta haqqında protokolla) təsdiq olunur ki, 29 yanvar 2019-cu il tarixdə Rusiya Federasiyası, Moskva şəhəri, 2-ci Fileslc küçəsi, bina 7, korpus 6 ünvanında qeydiyyatda olan “Ksanti Treyding” şirkəti ilə Şəxs MMC arasında 01/19 saylı müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən ümumi dəyəri 14600 ABŞ dolları olmaqla qurudulmuş xurma yükü 11 noyabr 2020-ci il tarixdə **********2886 saylı gömrük bəyannaməsi ilə Balakən Gömrük İdarəsində rəsmiləşdirilərək ixrac edilmişdir. Göndərilən yükə görə 13388.24 ABŞ dolları vəsait şirkətin Rabitəbankdakı hesabına oturmuşdur. Ödənilməyən 1211.76 ABŞ dolları (2059.99 manat) vəsaiti faktiki olaraq Şəxs MMC əldə etməmişdir. Yəni 1211.76 ABŞ dolları (2059.99 manat) məbləğin Azərbaycan Respublikasına qayıtmaması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin təqsiri olmadan baş vermişdir. Göstərilənləri, 1211.76 ABŞ dollarının (2059.99 manatın) Azərbaycan Respublikasına qayıtmamasının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin iradəsindən asılı olmayaraq baş verməsini və bunda onun təqsirinin olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Başqa sözlə, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış orqanın vəzifəli şəxsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXMnin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olmasını təsdiq edən əsaslı şübhədən uzaq, faktlar barəsində eyni cür təkzibedilməz nəticələrə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə bu vəzifə həmin orqanın vəzifəli şəxsinin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, Şəxs MMC xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan qalan 1211.76 ABŞ dolları (2059.99 manat) məbləğində vəsaiti faktiki olaraq əldə etməmişdir və bunda onun təqsiri mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübut yetirilmədiyindən, onun əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 53, 105.1, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Əməlində inzibati xəta tərkibinin olmamasına görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar