Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-217/2020 09.07.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi x5 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1966-cı ildə Balakən rayonunun Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Balakən rayonu Maliyyə idarəsində işləyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Gərəkli kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2 və 510-cu maddələri ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs 08.04.2020-ci il tarixdə saat 21:30 radələrində Balakən rayonu ərazisində tibbi maskadan istifadə etməyərək və sosial məsafə tələbinə əməl etməyərək sanitarepidemiya və karantin rejimi qaydalarını pozmuş və rayon polis şöbəsinin inzibati binasının qarşısına gələrək polisin ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi, x2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.2 və 510-cu maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilib baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 211.2 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 08 iyul 2020-ci il tarixdə axşam saat 22:00-da qardaşı oğlu x1 döyülərək rayon Polis Şöbəsinə gətirilməsi ilə əlaqədar rayon Polis Şöbəsinə gəlmiş və orada 102 xidmətinə zəng etmişdir. O, polis şöbəsinin qarşısında səs-küy salmamışdır. Səs-küyü onun yanında olan x1 anası salmışdır. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid izahatında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəridir. 08.07.2020-ci il tarixdə saat 21:40 radələrində Balakən rayon Polis Şöbəsinin 1 nömrəli Postunda PPXB-nin polis nəfəri, polis sıravisi Anar Nəbiyev ilə birlikdə xidmətdə olduqları zaman xüsusi karantin rejimini pozduğuna görə barəsində inzibati tədbir görülməsi üçün rayon polis şöbəsinə gətirilmiş Balakən rayonu Qazma kənd sakini x1 demələrinə görə qohumları 2 nəfər qadın 7-8 nəfər kişi özlərinə məxsus avtomaşınla şöbənin qarşısına gələrək ucadan səs-küy salaraq şöbənin həyətinə girməyə çalışmışlar. Bu zaman onlar həmin şəxsləri durdurmuş və nizam-intizama dəvət etmişlər. Lakin onlar qəsdən öz hərəkətlərini davam etdirərək rayon polis şöbəsinin şəxsi heyətinin və DİN-in rəhbərliyinin ünvanına nalayiq ifadələr işlədərək iş vaxtlarını pozmuşlar. Təxminən 30 dəqiqəyə yaxın xidmət vaxtları pozulmuş, ətrafdan keçən sakinlərin diqqətini özlərinə cəlb edərək hərəkətlərini davam etdirmişlər. Sonradan həmin şəxslərdən biri Asiman Əsgərovun yaxın qohumu Qələmzər adlı qadın olduğu müəyyən edilmişdir. Asiman Əsgərov barəsində müvafiq tədbirlər görülərək sərbəst buraxıldıqda «sən şöbənin həyətindən çıxma, biz səni təhvil almırıq, çünki səni burada döyüblər deyib» onu şöbənin həyətinə itələyərək səs-küy salmağa davam etmişdir. Bundan sonra rayon polis şöbəsinin rəhbərliyi həmin şəxsləri sakitləşdirərək oradan getmələrini bildirdikdən sonra həmin şəxslər oradan uzaqlaşmışlar. Sonra o, həmin şəxs barəsində aidiyyəti tədbir görülməsi üçün polis şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində, xırda xuliqanlığa görə İXM-in 510-cu maddəsində, inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İşin hallarını müəyyən edib, işdəki sübutları yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.2 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirlidir, onun əməli İXM-nin 211.2 və 510-cu maddələri ilə düzgün tövsif edilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin sanksiyasında fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində inzibati cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Göründüyü kimi, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-217/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-217/2020
09.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver