Məhkəmə qərarları › İş №3(019)-217/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-217/2021

22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-217/2021 22.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçi- Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1961-cı ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Qullar kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddələri ilə icraatı başlanmış Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində 22.07.2021-ci il tarixdə, saat 11:30 radələrində Balakən şəhəri Məmməd Əliyev küçəsində ictimai yerdə ünvansız nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozması və polis əməkdaşlarının onu nizam-intizama dəvət etməsinə məhəl qoymayaraq, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması əsası ilə 22 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* №-li və 22 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Qullar kəndində ailəsi ilə yaşayır. 22.07.2021-ci il tarixdə, saat 11.30 radələrində əsəbi olmuşdur. Sonra əsəbi halda küçəyə çıxmış və özündən asılı olmadan ünvansız nalayiq söyüşlər söymüşdür, Bu zaman iki nəfər şəxs ona yaxınlaşmış, özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bilmişdir. Lakin əsəbi olduğundan öz söyüşlərini davam etdirmişdir. Bu səbəbdən onu rayon polis şöbəsinə gətirmişlər. İnzibati xətaları törətməsini etiraf edir və bu xətaları törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu halın ona inzibati tənbeh verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 oğlu, Şəxs Azərbaycan Respublikası İXMnin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib edərək, İXM-nin 510 və 535.1-ci maddələrilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görürlməsini xahiş etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməliyyat müvəkkili X5 izahatında göstərdi ki, 22.07.2021-ci iİ tarixdə, saat 11:30 radələrində Balakən RPŞnin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Ceyhun İsmayılov ilə birlikdə xidməti zərurət ilə əlaqədar olaraq Balakən şəhəri Y.Məmmədəliyev küçəsində olan zaman Şəxs adlı şəxsin ucadan nalayiq ünvansız söyüşlər söyməsiini görərək ona yaxınlaşmş, özlərini təqdim etmişlər. Lakin yenə də həmin şəxs öz söyüşlərini davam etdirmiş və onlar da bu səbəbdən həmin həmin şəxsi rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X3 da X4 izahatına uyğun izahat vermişdir. İşdə olan inzibati qaydada tutma haqqında 22.07.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 22.07.2021-ci il tarixdə saat 15.30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdəki sübutilara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək miqdarda cərimə və ya on beş günədək inzibati həbs, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında isə fiziki şəxslər üçün iki yüz manat məbləğində cərimə və ya bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh daha ağır olduğundan o, daha ciddi xəta hesab edilir, ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirilən və məsuliyyətini ağırlaşdırılan halların olmamasını və cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbsin yuxarı həddinin dörddə birindən az olmamaqla inzibati həbs tənbehinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından qanuni və əsaslı hesab edirəm. Həmin inzibati həbs müddətinin əvvəli Şəxs inzibati qaydada tutulduğu 22 iyul 2021-ci il tarixdən saat 15.30-dan hesablanmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 49-51, 114,115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri qaydasında daha ciddi xəta sayılan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin; həbs müddətinin əvvəli onun inzibati qaydada tutulduğu 22 iyul 2021-ci il tarixdən saat 15.30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar