Məhkəmə qərarları › İş №3(019)-218/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-218/2022

24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-218/2022 24.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis X1 Bölməsinin (bundan sonra Balakən RPŞ İTB) sahə rəisi Nümayəndə, müdafiəçi-Balakən rayonu Vəkil Bürosunun vəkili Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-ci ildə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Hənifə kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddələrilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 22.30 radələrində Balakən rayonu Hənifə kəndində ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması, bu hərəkətlərinə son qoyulmasını tələb edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması əsasları ilə Balakən RPŞ-nin sahə rəisi Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 09 iyun 2022-ci il tarixli, MN ******* və 09 iyun 2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında işlərə baxılması Balakən Rayon Məhkəməsinə aid olduğundan, onların bir icraatda məhkəmədə baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin o cümlədən 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXMnin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərdi ki, o, Balakən rayonu Hənifə kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə o, Balakən rayonu Hənifə kəndində bir qrup gənclə aralarında yaranmış mübahisə zamanı onların ünvanına nalayiq ifadələr işlətmişdir. Sonra polis əməkdaşları ona yaxınlaşmış, söyüş söydüyünü və ona görə də polis şöbəsinə getməli olduğunu ona bildirmişlər. O, polis əməkdaşları gəldikdən sonra söyüş söyməmiş və polis əməkdaşları ilə qanun çərçivəsində davranmışdır. O, nəyə görə polis şöbəsinə getməli olmasını soruşduqda, polis əməkdaşları zorla onu polis maşınına mindirməyə başlamışlar. Bu zaman hansı vəziyyətdə polis avtomaşınının arxa podpresinin sınmasını və sağ gözünün altından və sol boyun nahiyyəsindən xəsarət almasını bilmir. Ehtimal edir ki, polislər onu avtomaşına mindirəndə başı podpresə dəymiş, həmçinin polis əməkdaşlarının əli onun sağ gözünün aşağı nahiyyəsinə və sol boyun nahiyyəsinə dəymişdir. Onu rayon polis şöbəsinə gətirmişlər. Sağ gözünün alt nahiyyəsinin şişməsi və sol boyun nahiyyəsinin qızartısının hansı vəziyyətdə yaranmasını bilmir. Amma həmin xəsarətlər polis əməkdaşları hadisə yerinə gələndə onda olmamışdır. Polis şöbəsinə gətiriləndə şöbədə tibbi müayinədən keçirilməmişdir. Hazırda inzibati xəta törətməsini etiraf edir və inzibati xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin sahə rəisi Nümayəndə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib edərək, Azərbaycan Respublikası İXMnin 510 və 535.1-ci maddələrilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görürlməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixində saat 22.30 radələrində gecə vaxtı Şahid2 ilə birlikdə xidmətdə olarkən Hənifə kəndində sonradan adının Şəxs olduğunu bildikləri şəxsin küçədə ucadan nalayiq ifadələr işlətdiyi görmüş və ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Dəfələrlə onu nizam-intizama dəvət etməyə çalışsalar da Şəxs sərxoş olduğu üçün onlara qəsdən tabe olmayaraq öz əməllərini davam etdirmişdir. Ona görə də onlar Şəxs polis maşınına mindirərkən o, baş nahiyəsini maşının arxa şüşəsinə vuraraq sındırmışdır. Onlar onu Balakən RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 da Şahid1 izahatına uyğun izahat vermiş və onun izahatında göstərdiyi halları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 83 nömrəli «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq Vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, tibbi müayinə zamanı Şəxs həmin vaxt 1.330 promili olmaqla yüngül alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 iyun 2022-ci il tarixdə, saat 23.00-da tutulmuş və 11 iyun 2022-ci il tarixdə saat 11.00-da azad edilmişdir. İş materiallarında olan xx.xx.2022 -ci il tarixli aktda göstərilir ki, Balakən RPŞ-nin məsul növbətçi polis kapitanı X3, növbətçi köməkçisi polis serjantı X2 iştirakı ilə tərtib edilir bu akt ondan ötrü ki, Balakən rayonu Hənifə kənd sakini Şəxs PPXB-nin əməkdaşları tərəfindən RPŞ-yə gətirilmiş üzərinə baxış keçirilərkən üstündən bir ədəd qara rəngli Samsung A 10 markalı mobil telefon götürülmüş zahiri görünüşünə baxdıqda sağ gözünün alt nahiyyəsi şişmiş və sol boyun nahiyyəsinin qızartısı aşkar edilmişdir. Vətəndaş həkim tərəfindən sərxoşluq müayinəsindən keçirilərkən onun orta ağır dərəcədə sərxoş olduğu məlum oldu. Akt tərtib edildikdən sonra tərəflərindən iştirakçılara ucadan oxundu. Heç bir şikayət və vəsatət daxil olmadı. Odur ki, aktın doğruluğunu aşağıdakı imzalarla təstiq edirik. Məsul növbətçi: Samir Çeerçiyev, İTB-nin sahə rəisi: Nümayəndə, Növbətçi köməkçisi : Rəşad İsayev, Vətəndaş: Şəxs. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 146 nömrəli rəyində göstərilmişdir ki, Şəxs müəyyən edilmiş xəsarətlər- sağ göz altında qançır, boynunun sol orta hissəsində sıyrıq izi-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə və eləcə də özünün ilk məlumatda göstərdiyi şəraitdə, yəni xx.xx.2022 -ci ildə sağ göz altında qançırı alın nahiyəsinin-sifətinin avtomaşının arxa podpresinə dəyməsi təsirindən,sol boyundakı sıyrıq isə sınmış şüşə parçasının qəlpəsinin sıyırması təsirindən əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Tosovda digər xəsarətlər olmadı. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 146 nömrəli rəyi ilə Şəxs sağ göz altında qançır, boynunun sol orta hissəsində sıyrıq izi xəsarətlərinin müəyyən olunması halına iş materialları ilə birlikdə hüquqi qiyməti verərək, hesab edir ki, işdəki sübutlara əsasən həmin xəsarətlər polis əməkdaşları tərəfindən qeyri-adekvat güc tətbiq edilməsi nəticəsində deyil, hadisə vaxtı sərxoş vəziyyətdə olan Şəxs öz başını polis avtomaşınının arxa podpresinə vurması nəticəsində yaranmışdır. Bu hal Şəxs izahatı, polis əməkdaşları Şahid1 və Şahid2 Nəriman oğlunun izahatları və məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 146 nömrəli rəyi ilə təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs qarşı qanunun tələblərindən kənara çıxan hər hansı hərəkət edilməmiş, polis əməkdaşları tərəfindən görülən tədbirlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlinə adekvat və qanuni olmuşdur. İşin hallarını müəyyən edib, işdəki sübutları yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməlidir, onun əməli Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün iki yüz manat məbləğində cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xəta həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Ona görə də İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyytəi yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şəxs inzibati xətaları törətməsindən səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsində inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən xüsusi texniki vasitələrlə yoxlanılması zamanıi alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasını müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşlduq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibb müayinəyə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Yenə də həmin Qaydaların 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir göstərən malddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 3.4-cü bəndinə əsasən müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. İnzibati xətaları sərxoş halda törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alıram. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətaların xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xətaları törətməsindən səmimi peşmançılığı kimi məsuliyyətini yüngülləşdirən halı və inzibati xətaları sərxoş vəziyyətdə törətməsi kimi məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin Şəxs 09 iyun 2022-ci il tarixdə saat 23.00 -dan 11 iyun 2022-ci il tarixdə saat 11.00-dək inzibati qaydada tutulduğundan, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilərkən Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta sayılan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 200 manat məbləğində inzibati qaydada cərimə edilsin; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbləri qaydasında onun 09 iyun 2022-ci il tarixdə saat 23.00 -dan 11 iyun 2022-ci il tarixdə saat 11.00-dək inzibati qaydada tutulduğu nəzərə alınmaqla Şəxs qəti olaraq 100 manat məbləğində inzibati cərimə təyin edilsin. Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar