Məhkəmə qərarları › İş №3(019)-223/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-223/2022

24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-223/2022 24.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1952-cı ildə Balakən rayonu Tülü kəndində anadan olmuş, evli, orta ixtisas təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, təqaüdçü, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 232-1-cı maddəsi ilə icraatı başlanmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən RPŞ-nin İTB-nin sahə rəisi X5 tərəfindən Şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Balakən rayonu Tülü kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində yerləşən “G4 Elestr” tipli qaz sayğacını sındırması və nəticədə əmlaka 77.64 manat ziyan vurması əsası ilə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 13 iyun 2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Tülü kəndində arvadı X1, oğlu X4, gəlini X6 və iki az yaşlı nəvələri ilə birlikdə yaşayır. Yaşadığı ev ilə yanaşı mərhum qardaşı Nazimin ailəsinin yaşadığı ev yerləşir. Evin arxa tərəfində isə digər mərhum qardaşı Teymurun ailəsinin yaşadığı ev yerləşir. Mərhum qardaşı Teymurun evində qardaşı oğlu Ruslan və onun arvadı Fəxriyyə öz övladları ilə yaşayırlar. Qardaşı oğlu Ruslanın yaşadığı evə gedən qaz borusu onun yaşadığı ev ilə mərhum qardaşı Nazimin ailəsinin yaşadığı evin həyətyanı torpaq sahələri arasında yerləşən şifer hasarın üzəri ilə gedir. O, neçə vaxtdır ki, qardaşı oğlu Ruslana və onun arvadına həmin onların evinə gedən qaz borusunun hasarın üzəri ilə deyil, hasarın yanı ilə çəkmələrini demiş, lakin, onlara bunu deməyinə baxmayaraq, onun sözlərinə məhəl qoymamışlar. Sonuncu dəfə o, yenə də Ruslana həmin qaz borusunu hasarın üzəri ilə deyil, yan tərəfi ilə çəkməsini demiş, Ruslan onu nalayiq sözlər deyərək təhqir etmişdir. Ruslan onu təhqir etdiyindən Ruslana əsəbləşərək, həmin hasarın üzəri ilə gedən qaz borusunu yaşadığı həyət tərəfdən itələyərək digər qardaşının ailəsinin yaşadığı həyətə yıxmışdır. O, qaz borusunu itələyərək o biri həyətə yıxdığında qaz borusunun ucunda olan qaz sayğacı da boru ilə birlikdə yerə düşmüşdür. Daha sonra yaşadığı evə keçmişdir. Həmin zaman orada oğlu Anar olmuş, digər tərəfdə isə qardaşı oğlu Ruslan və onun arvadı Fəxriyyə olmuşdur. Həmin qaz borusu və qaz sayğacı Ruslan və Fəxriyyəyə məxsusdur. Əməlindən çox peşmandır, bir daha bu kimi hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbehin tətbiq edilməsini xahiş edir. İşə baxılmasının yeri və müddətinin onlara vaxtında bildirilməsinə baxmayaraq iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclaslarına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Ona görə də hazırki işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarında olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 may 2022-ci il tarixli qərarından görünür ki, Balakən rayonu Tülü kənd sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Balakən RPŞ-yə etdiyi şikayət əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından HK-1-257 sayli material üzrə cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialda Şəxs əməlində CM-nın 186-cı maddəsinin tərkibi əlamətləri olmadığından həmin maddə əsasında cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsinin tərkibi əlamətləri olduğundan həmin şəxs qeyd edilən maddə əsasında inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin İTB- yə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna və Zərərçəkmiş şəxs göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında iş materiallarında olan Zərərçəkmiş şəxs izahatında Balakən rayon Tülü kəndində əri X2 və iki az yaşlı övladları ilə birlikdə yaşadığını, onlarla qonşuluqda əri Ruslanın əmisi Şəxs öz ailəsi ilə yaşadığını, Şəxs çox vaxt heç kimlə yola getmədiyini, yəni Həsrətin hər zaman söz-söhbətlər yaratmağa meyilli olduğunu, yaşadıqları evə gələn qaz borusunun yaşadıqları küçədən onların evlərinə Həsrət ilə aralarında olan hasarın üstü ilə gəldiyini, Həsrətin heç bir zaman həmin qaz borusu ilə bağlı söz-söhbət yaratmadığını, lakin, Şəxs xx.xx.2022-ci il tarixdə axşam saatlarında heç bir səbəb göstərmədən onlara məxsus qaz borusunu sındırdığını, Həsrətin qaz borusunu sındırdığında qaz borusu üzərində olan sayğac ilə birlikdə yerə düşdüyündən sayğacın nasaz vəziyyətə düşdüyünü, Həsrətin həmin sayğacı sındırdıqda əri Ruslanın ondan sayğacı nəyə görə sındırdığını soruşduğunda Həsrətin Ruslana cavabında “yaxşı eləmişəm” dediyini, həmin zaman onun Həsrətə əvvəllər qaz borusu çəkilərkən ondan icazə aldıqlarını və onun da buna razılaşdığını bildirdiyindən, Həsrətin ona cavabında “o zaman icazə vermişdim, amma indi istəmirəm” dediyini, onun da bu zaman Həsrətə “əgər qaz borusunun hasarın üzərindən keçməsini istəmirdinsə mənə deyərdin və mən də həmin zaman qaz sayğacını başqa yerdən evə çəkərdim” dediyini, daha sonra əri Ruslan ilə Həsrət arasında mübahisə yarandığında Həsrətin əlində olan ağac parçası ilə Ruslanı vurmaq istədiyindən onun Ruslanı geri çəkdiyini və Həsrətin Ruslanı vura bilmədiyini, daha sonra onun Ruslan ilə birlikdə mübahisə böyüməsin deyə oradan çıxıb evlərinə gəldiklərini, Həsrətin onlara məxsus qaz sayğacını və qaz borusunu sındırdığından onun bunu gözü ilə gördüyünü, həmin zaman orada əri Ruslan və Ruslanın digər əmisi arvadı Rəisətin olduğunu bildirmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs Balakən rayonu Tülü kəndində qaz sayğacının Şəxs tərəfindən qəsdən sındırılması, dağıdılması və zədələnməsi nəticəsində dəymiş maddi ziyanın 77.64 manat təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda, inzibati məsuliyyət nəzərdə tutulur. Yəni qanun normasında özgənin əmlakını qəsdən məhv etməsi və ya zədələməsi nəticəsində yaranacaq məsuliyyətdən bəhs edilir. Bu maddənin «Qeyd» hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Qanun normasının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementləri kimi şəxsin hərəkətinin özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə yönəlməsi, bu nəticənin baş verməsi və özgənin əmlakının qəsdən məhv edilməsi və ya zədələnməsində ifadə olunan nəticə ilə şəxsin əməli arasında səbəbli əlaqənin olması və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. İş materiallarından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Balakən rayonu Tülü kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı ünvanda qaz sayğacını qəsdən sındırmış, bununla da İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli İXM-nin 232-1-ci maddəsi ilə düzgün tövsif edlilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə inzibati xəta törətməsindən səmimi peşmançılığını və ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, inzibati xəta törətməsindən səmimi peşmançılığı və ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş 77.64 manat məbləğində ziyanın bir misli məbləğdə (77.64 manat) cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar