Məhkəmə qərarları › İş №3(019)-224/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-224/2021

26.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-224/2021 26.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçi- Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1970-ci ildə Balakən rayonu Mahamalar anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunan, Balakən rayonu Mahamalar kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsi ilə icraatı başlanmış Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Balakən RPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən Şəxs barəsində 25.07.2021-ci il tarixdə saat 19.00 radələrində Balakən rayonu Mahamalar kəndində X3 işlətdiyi mağazanın yanında nalayiq söyüşlər söyərək ictimai qaydanı pozması əsası ilə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə inzibati xəta haqqında 26 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, 25.06.2021-ci il tarixdə Balakən şəhəri Mərkəzi Bazarın içərisində yerləşən kafelərdən birində oturaraq təxminən 200 qr spirtli içki olan araq və 5-6 bakal pivə içmişdir. Daha sonra öz yaşadığı evə getmişdir. Bundan sonra içkili halda olduğundan etdiyi əməllər yadında deyildir. Həmin vaxt X5 barəsində nalayiq ifadələr işlətmişdir. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 izahatında göstərdi ki, Balakən rayonu Mahamalar kəndində ailəsi ilə birlikdə yaşayır. O, Mahamalar kəndində icarə əsasında mağaza işlədir. Şəxs onun bacısının keçmiş həyat yoldaşıdır. 25.07.2021ci il tarixdə, saat təxminən 19:00 radələrində o, işlətdiyi mağazada olan zaman Şəxs içkili halda həmin mağazaya gələrək yüksək səs ilə onu nalayiq sözlərlə təhqir etmişdir. Onun ictimai yerdə onu nalayiq sözlərlə söyməyi birinci dəfə deyildir. Şəxs dəfələrlə işlədiyi mağazanın yanında onu söymüşdür. Şəxs şikayətçidir. Şəxs barəsində ən sərt tədbirin görülməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin sahə rəisi X4, Şəxs 25 iyul 2021-ci il tarixdə, saat 19.00 radələrində Balakən rayonu Mahamalar kəndində X3 ucadan nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozduğunu, ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati xəta haqqında iş üzrə icraat başlandığını bildirmişdir. İşdə olan 26.07.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 iyul 2021-ci il tarixdə, saat 00.30-da inzibati qaydada tutulmuşdur. İşdə olan Balakən Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinib, İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 8 gün müddətə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tululmuşdur. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın mahiyyətini təşkil edən «ictimai qaydanı pozma» ifadəsinə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin bu xüsusda olan qərarlarına istinad etməyi vacib sayır. Belə ki, «Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və X8 İşlər Üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanı pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə yaradan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərlə özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Təqsirkarın ictimai qaydanı pozmaq niyyətində olduğu müəyyənləşdirilməyibsə, deməli, onun hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2 bəndində qeyd olunur ki, ictimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davaranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Yuxarıda istinad olunan qanun normalarının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın tərkibinin yaranması üçün onun hərəkətləri ictimai qaydanın pozulmasına yönəlməli (obyektiv tərəf) və bu zaman xırda xuliqanlıq niyyəti olmalıdır (subyektiv tərəf). Başqa sözlə, əməldə həmin xətanın tərkibinin olub-olmamasının aydınlaşdırılması üçün ictimai qaydanı pozan hərəkətlərin törədilib-törədilməməsi və ictimai qaydanı pozmaq niyyətinin olub-olmamasının müəyyənləşdirilməsi həlledici şərtlərdir. Bunlar yoxdursa, deməli əməldə xırda xuliqanlığın tərkibi də yoxdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli İXM-nin 510-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarına əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsində inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı eyni xəta üzrə inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alıram. Törədilmiş xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati məsuliyyətini yüngülləşdirilən halların olmamasını və Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı eyni xəta üzrə inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən il ərzində təkrar törətməsi kimi məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati qaydada həbs edilməli, həbs müddətinin əvvəli tutulduğu 26 iyul 2021-ci il tarixdən saat 00:30-dan hesablanmalıdır. Belə ki, iş materiallarından görünür ki, Şəxs 26 iyul 2021-ci il tarixdə, saat 00.30-da inzibati qaydada tutulmuşdur. O, faktiki həbsdən buraxılmamış, polis nəzarətində olmuş, polislərin nəzarəti altında da məhkəməyə gətirilmişdir. Deməli, Şəxs 26 iyul 2021-ci il saat 00.30-dan inzibati qaydada tutulmaqla hazırki vaxtadək faktiki həbsdə qalmış, yəni inzibati tutma (həbs) müddəti davam etmişdir. Ona görə də onun 26 iyul 2021-ci il saat 00.30-dan hazırki məhkəmə qərarı çıxarılanədək inzibati qaydada tutma (həbs) müddəti məhkəmə qərarı ilə təyin edilən inzibati həbs müddətinə daxil edilməkə inzibati həbs müddətinin əvvəli 26 iyul 2021-ci il tarixdən saat 00.30-dan hesablanmalıdır. Bu xüsusda qeyd etmək lazımdır ki, həbsin müddətinin dəqiq müəyyən edilməsi üçün İnsan Hüqüqlarının və X11 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) normalarına, o cümlədən Konvensiyanın 5-ci maddəsinə və həmin maddə üzrə Avropa Məhkəməsinin presedentlərinə istinad edilməlidir. Avropa Konvensiyasının 5-ci maddəsi və presedentləri isə polis əməkdaşları tərəfindən istənilən şəxsin hərəkət sərbəstliyinin məhdudlaşdırılmasını onun həbsi kimi ehtiva edir. Belə ki, Avropa Məhkəməsi özünün presedentlərində dəfələrlə qeyd etmişdir ki, istənilən azadlıqdan məhrum etmə daxili hüquqa, habelə Avropa Konvensiyası normalarına tam uyğun olmaqla həyata keçirilməlidir. Başqa sözlə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, Avropa Konvensiyasının 5-ci maddəsinin konkret tələblərinə əməl edilməsini, hətta onlar daxili hüquqda nəzərdə tutulmasa belə, təmin etmək zəruridir. Azadlıqdan məhrum edilmə Avropa Konvensiyasının təmin etdiyi digər hüquq və azadlıqlara müdaxilə məqsədilə və ya əsassız olaraq tətbiq edilən qanun əsasında həyata keçirilibsə, yaxud bu tədbirin xarakterində qüsur varsa, o, etiraza səbəb olacaqdır. Kurt Türkiyəyə qarşı məhkəmə işində Avropa Məhkəməsi qərara aldı ki, hər bir azadlıqdan məhrum etmə təkcə milli hüququn əsas prosessual normalarına uyğun həyata keçirilməməli, həm də 5-ci maddənin məqsədinə, yəni fərdi hakimiyyət orqanlarının zorakılığından qorumaq məqsədinə cavab verməlidir. Avropa Məhkəməsinin mövqeyinə görə, hüquq-mühafizə orqanının əməkdaşı (faktiki gücün tətbiq edilib-edilməməsindən asılı olmayaraq) aydın şəkildə bildirsə ki, şəxs bu və ya digər yeri tərk edə bilməz, yaxud onun ardınca hər hansı başqa bir yerə getməlidir, bu artıq şəxsin tutulması, həbsə alınması deməkdir. Beləliklə, bu anlayış şəxsin küçədə saxlanılaraq, ondan polis məntəqəsinə getməyin tələb edildiyi hallara da şamil olunur. Burada məcburiyyət amilinin olması önəmlidir. De Vilde, Qoms və Versip Belçikaya qarşı məhkəmə işində Avropa Məhkəməsi bildirdi ki, şəxsin könüllü gəlməsi heç bir əhəmiyyət daşımır. Bundan başqa, azadlıqdan məhrum edilmiş şəxsin azadlıqdan məhrum edildiyindən xəbərsiz olması xüsusi əhəmiyyətə malik deyil; əgər şəxs konkert yeri sərbəst tərk edə bilmirsə, bu kifayətdir. Azadlıq ifrat dərəcədə məhdudlaşdırılırsa və bu tədbirə məruz qalan şəxs istər küçədə, istərsə də, hər hansı digər açıq məkanda müəyyən yeri tərik edə bilmirsə, yaxud hər hansı nəqliyyat vasitəsinin içərisində və ya binada (bunun kamera olması vacib deyil) qalmağa məcbur edilirsə, 5-ci maddənin müddəaları tətbiq edilməlidir. Bununla belə, şəxs müəyyən yerdə olarkən müəyyən dərəcədə azadlığa malikdirsə, bu mütləq o demək deyil ki, 5-ci maddə tətbiq edilə bilməz (məsələn X6rşı, Qutsardi İtaliyaya qarşı, Mantsoni İtaliyaya qarşı, Kipr Türkiyəyə qarşı işlər). Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-də inzibati tutma müddətinin inzibati həbs müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. Bu da inzibati qaydada tutulmuş şəxsin hüquqlarının əsassız pozulmasına səbəb olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) PM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının qanunvericiliyində,o cümlədən Azərbaycan Respublikasının CPM-də cinayət-prosessula qanunvericiliyinin müddəalarının analogiya üzrə tətbiqi qağan edilməmişdir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsində qeyd olunur ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Yenə də həmin Qanunun 13.4-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Göründüyü kimi, qanun norması o cümlədən cinayət və inzibati xətalara dair qanunvericilikdə şəxsin məsuliyyətə cəlb olunması, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi halları istisna olunmaqla hüququn və qanunun analogiyasından istifadə olunmasına məhdudiyyət qoymur. Azərbaycan Respublikası İXMdə şəxsin inzibati qaydada tutma müddətinin şəxsə təyin olunan inzibati həbs müddətinə daxil edilməsi halı nəzərdə tutulmasa da, inzibati qaydada tutma müddətinin inzibati həbs müddətinə daxil edilməsi məsələsi şəxsin məsuliyyətə cəlb edilməsi, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarını müəyyən etmədiyindən, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən, hazırki işdə həmin məsələnin həlli üçün Azərbaycan Respublikası CPM-nin 158.2.1 və 158.6-cı maddələri qanunun analogiyası üzrə tətbiq oluna bilər. Qanunun bu analogiyasının tətbiqi həmçinin beynəlxalq qanunvericiliyə əsasən inzibati xətaların, o cümlədən İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların bir sıra parametrlərinə görə cinayət ittihamı sayılmasından da irəli gəlir. Belə ki, İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6 və 7-ci maddələrinə və bu maddələrin tətbiqi ilə bağlı İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən bir çox hallarda inzibati xətalar da cinayət ittihamını özündə ehtva edir. Avropa Məhkəməsinin presedent praktikasında inzibati xətanın Avropa Konvensiyasının 6-cü və 7-ci maddələrində nəzərdə tutulmuş cinayət ittihamı anlayışını ehtiva edib-etməməsi üçün meyarlar göstərilmişdir. Belə ki, bununla bağlı Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin cinayət-hüquqi aspektinin bu və ya digər işə tətbiqi üçün «Enqel meyarları» adlanan 3 (üç) meyarı müəyyən etmişdir ki, həmin meyarlardan birinin olması işin cinayət ittihamı sayılması üçün əsasdır. Bu meyarlar aşağıdakılardır: 1) hüquq pozuntusu təşkil edən əməlin daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməsi; 2) hüquq pozuntusunun xarakteri və 3) mümkün cəzanın xarakteri və ağırlığı. İkinci və üçüncü meyarlar alternativ qaydada istifadə olunur və onların bir yerdə əmələ gəlməsi mütləq şərt deyildir. Ancaq onların ayrılıqla analizi işdə cinayət ittihamının verilməsi nəticəsinə gəlməyə tam əsas yaratmırsa, həmin meyarlar bir yerdə də istifadə oluna bilər (bax: Yussila Finlandiyaya qarşı və Ezex və X7rşı işlər). Məhkəmə nəzərə çatdırır ki, əməlin daxili qanunvericilikdə açıq-aydın cinayət əməli kimi təsnifləşdirilməsi o deməkdir ki, 6-cı maddənin cinayət-hüquqi aspekti avtomatik olaraq həmin işə tətbiq edilir. X17rşı işdə (32- 34-cü bəndlər) Avropa Məhkəməsi bildirmişdir ki, hüquq pozuntusunun daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməməsi nisbi xarakter daşıyır. Belə ki, bu halda ikinci və ya üçüncü meyarlar ön plana keçir. İkinci meyar, yəni hüquq pozuntusunun xarakteri tətbiq edilərkən daxili qanunvericilik normalarının və onların tətbiqi dairəsinin həmin hüquq sistemindəki digər cinayət əməlləri ilə müqayisəsi aparılır (Engelin işi, 80-85-ci bəndlər). Öztürk Almaniyaya qarşı işdə (53-cü bənd). Avropa Məhkəməsi vurğulamışdır ki, konkret cinayət əməlinin cəzalandırılmasına yönələn daxili qanunvericilik normaları prinsipcə «cinayət-hüquqi» xarakter daşıyır, lakin bəzi hallarda cəzalandırma məqsədi çəkindirmə məqsədi ilə yanaşı, yəni birgə mövcud olur. Bu o deməkdir ki, konkret sanksiyada bu məqsədlərin hər ikisi mövcud ola bilər və beləliklə, onlar qarşılıqlı surətdə bir-birini istisna etmir. Kempbell və X15rşı işdə (101-ci bənd) Avropa Məhkəməsi bildirdi ki, qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktı adətən həmin pozuntunun «cinayət» xarakteri daşımasının önəmli göstəricilərindən biridir, digər bir mühüm göstərici isə onun ağırlıq dərəcəsinin yüksək olmasıdır. Birinci və ikinci Engel meyarları əsasında aparılmış təhlil nəticə vermədikdə, məhkəmə üçüncü Engel meyarını nəzərdən keçirir (Eze və X7rşı iş, 108-130-cü bəndlər). Bu, alternativ və son meyardır. Bu meyar üzrə təhlil apararkən, Engelin işindəki kimi Avropa Məhkəməsi qərara ala bilər ki, hüquq pozuntusu xarakterinə görə «cinayət əməli» olmasa belə, təyin olunmuş sanksiya xarakterinə görə «cinayət-hüquqi» cəzadır. Avropa Məhkəməsi Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinə görə milli qanunvercilikdə cinayət kimi nəzərdə tutulmamasından asılı olmayaraq, inzibati xətaları da cinayət saya bilər. Məsələn, Avropa Məhkəməsi Meneşeva Rusiyaya qarşı işdə, ərizəçinin 5 sutka həbs edildiyi inzibati xətanı Konvensiyanın 6-cı maddəsi mənasında cinayət əməli saymışdır. Malofeyeva Rusiya qarşı işdə (7 sutka inzibati həbs) və Nemtsov Rusiyaya qarşı işdə (15 sutka həbs) inzibati xətalar cinayət sayılmış və onlara 6-cı maddənin müdafiəsi tətbiq edilmişdir. Kasparov və başqaları Rusiyaya qarşı işdə daha az inzibati həbs tətbiq edilən inzibati xəta da məhkəmə tərəfindən cinayət ittihamı saylımışdır. Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinin mənası baxımından cəza təyin ediməyən, lakin təyin edilə biləcək hüququ pozuntusunu da cinayət saymışdır. Avropa Məhkəməsi X10rşı və Meneşeva Rusiyaya qarşı işlərdə göstərmişdir ki, Rusiya və oxşar qanunvericilik sistemlərində inzibati sahəyə aid edilmiş hüquq pozuntuları əslində öz mənasına görə cinayət əməlləridir, lakin onlara cinayət və cinayət-prosessual hüquq normalarının tətbiqi üçün az əhəmiyyətlidirlər. Bu hüquqi mövqedən çıxış edən məhkəmə qeyd edir ki, əslində Azərbaycan Respublikasının qanunvericilik sistemi ilə Rusiya qanunvericilik sistemi bu sahədə oxşar xüsusiyyətlərə malikdir. Belə ki, Rusiya Federasiyasında olduğu kimi, Azərbaycan Respublikasınının qanunvericiliyində də inzibati xətalar və onlara görə inzibati tənbehin verilməsi ayrıca hüquq sahəsinə aid edilmişdir. Qanunvericilikdə inzibati xəta adlanan hüquq pozuntuları cinayət əməllərinə aid edilməmiş və onlara görə avtonom tənbeh növləri nəzərdə tutulmuşdur. Baxmayaraq ki, bir sıra inzibati xətaların sanksiyalarında yüksək məbləğdə cərimələr və həbslər nəzərdə tutulmuşdur ki, həmin cəzalar cinayət əməllərinə görə də nəzərdə tutulmuşdur və mahiyyətinə görə əslində cinayət cəzalarıdır. Azərbaycan Respublikasıının daxili qanunvericiliyində inzibati xətalar və cinayət əməlləri ayrıca hüquq sahələri kimi təsnifləşdirildiyindən, məhkəmə belə nəticəyə gəlir ki, 1-ci Engel meyarı hazırki işdə tətbiq edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə ikinci və üçüncü Engel meyarlarını tətbiq etməyi zəruri hesab edir. Qeyd edildiyi kimi, ikinci Engel meyarı, qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktını və ona görə də onun ağırlıq dərəcəsinin yüksək olmasını göstərir. Üçüncü Engel meyarı isə hüquq pozuntusunun xarakterinə görə «cinayət əməli» olmasa belə, təyin oluna bilən və ya təyin olunmuş sanksiyanın xarakterinə və ağırlığına görə «cinayət-hüquqi» cəza olmasıdır. Şəxs barəsində icraatı başlanmış Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzədə tutulmuş inzibati xəta milli qanunvericilikdə cinayət əməli kimi nəzərdə tutulmasa da, 2-ci və 3-cü Engel meyarlarına görə Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi və Konvensiyaya 7 saylı Protokolun 4-cü maddəsinin 2-ci bəndinin mənası baxımından cinayət ittihamı sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəldilmişdir və bu səbəbdən onların ağırlıq dərəcəsi yüksəkdir. Digər tərəfdən, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyası xarakterinə görə «cinayət-hüquqi» cəzadır. Belə ki, həmin maddələrin sanksiyasında fiziki şəxslər üçün cərimə və inzibati həbs nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.1 və 158.6-cı maddələri qanunun analogiyası üzrə tətbiq edilməklə Şəxs 26 iyul 2021-ci il saat 00.30-dan hazırki vaxtadək inzibati qaydada tutma müddəti ona təyin olunan inzibati həbs müddətinə daxil edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X16 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 49-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin; həbs müddətinin əvvəli tutulduğu 26 iyul 2021-ci il tarixdən saat 00:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X16 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar