Məhkəmə qərarları › İş №3(019)-225/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-225/2020

16.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-225/2020 16.07.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin (bundan sonra Balakən RPŞ İTB) sahə rəisi x1, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə 17.07.1979-cu ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanında yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 211.1 və 535.1-ci maddələri ilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Balakən RPŞ-nin İTB-nin sahə rəisi x2 tərəfindən Şəxs13.07.2020-ci il tarixdə, saat 21 radələrində işlətdiyi «Rüzgar» kafesində xüsusi qoruyucu vasitələrdən istifadə etmədiyi, kafedə yerləşdrilmiş oturacaqlar arasında ara məsafəsənin 1 metr olmamaqla koronovirus epidemiyası ilə bağlı ölkədə elan olunmuş karantin rejiminin qaydalarını pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması əsası ilə onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci və 535.1-ci maddələrilə 13.07.2020-ci il tarixli, MN ******* №-li və MN ******* №-li inzibati xəta haqqında protokollar tərtib edilib, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərdi ki, Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşən «Rüzgar» kafesi ona məxsus deyildir, o, həmin kafeni işlətmir, kafenin sahibi və icarədarı deyildir. Kafe tamamilə başqa şəxsə məxsusdur. Onun «Ruzgar» kafesinə heç bir aidiyyəti yoxdur. Kafedə masalar arasında lazımara məsafəsinin olmamasına, insanların qoruyucu maskadan istifadə edib-etməməsinə, kiminsə karantin rejimi qaydalarını pozmasına görə məsuliyyət daşımır. O, həmin vaxt kafedə oturmuş, maskada olmuş, sosial məsafə gözləmiş, heçbir karantin rejimi qaydalarını pozmamış və polisə qarşı heç bir hərəkət etməmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmədiyi üçün barəsində həmin maddələrlə başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2020-ci il tarixli,178 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində 31 may 2020-ci il saat 00:00-dək xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər müəyyən edilmiş, o cümlədən ictimai yerlərdə, ictimai iaşə müəssisələrində insanların qoruyucu maskalardan istifadə etməsi və sosial məsafənin saxlanması (2 metr) müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə xüsusi karantin rejimi müddəti 01 avqust 2020-ci il tarixədək uzadılmışdır. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs «Rüzgar» kafesinin mülkiyyətçisi, sahibi və ya icarədarı deyildir, həmin kafedə sahibkarlıq fəaliyyəti ilə və ya əmək müqaviləsi, mülki müqavilə əsasında hər hansı başqa fəaliyyətlə məşğul deyildir, həmin kafeni işlətmir. Həmin kafenin sahibi tamamilə başqa şəxsdir. Ona görə də Şəxs 13 iyul 2020-ci il tarixdə, saat 21:00-da «Rüzgar» kafesində insanların xüsusi qoruyucu vasitələrdən istifadə etməməsi, kafedə yerləşdrilmiş oturacaqlar arasında ara məsafəsənin 1 metr olmamaqla karantin rejimi qaydalarının pozulmasına görə məsuliyyət daşıya bilməz. İşdəki sübutlarla 13 iyul 2020-ci il tarixdə, saat 21 rpadələrində «Rüzgar» kafesində göstərilən karantin rejimi qaydalarının pozulması ilə Şəxs hər hansı hərəkətləri arasında səbəbli əlaqə müəyyən edilmir. Şəxs özü də 13 iyul 2020-ci il tarixdə, saat 21:00-da «Rüzgar» kafesində olarkən onun karantin rejimi qaydalarını pozması halı müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs tərəfindən bunun əksini, yəni Şəxs «Rüzgar» kafesinin mülkiyyətçisi, sahibi və ya icarədarı olması, həmin kafeni işlətməsi, 13 iyul 2020-ci il tarixdə, saat 21 radələrində «Rüzgar» kafesində insanların xüsusi qoruyucu vasitələrdən istifadə etməməsi, kafedə yerləşdrilmiş oturacaqlar arasında ara məsafəsənin 1 metr olmamaqla koronovirus epidemiyası ilə bağlı ölkədə elan olunmuş karantin rejiminin qaydalarını pozmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, Şəxs İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli olması sübut olunmamışdır. Halbuki belə sübutları məhkəməyə təqdim etmək vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirli olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Bu da başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Şəxs inkriminə olunan İXM-nin 535.1-ci maddəsilə bağlı qeyd olunmalıdır ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin polis işçisi və hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamasına yönəlməsi və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. Bu maddə üzrə məsuliyyətin yaranması üçün zəruri hallardan biri də polis işçisinin tələblərinin qanuni olması, yəni qanunda nəzərdə tutulmasıdır. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən polis əməkdaşları ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində o cümlədən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək və hüquqi və fiziki şəxslərin əmlakını hüquqazidd əməllərdən qorumaq vəzifələri daşıyırlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən polis əməkdaşlarının o cümlədən hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada cinayət və ya digər hüquqpozma törətmiş, yaxud törədilməsində şübhələnilən şəxsi tutmaq hüququ vardır. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşları o cümlədən inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, ictimai yerlərdə sərxoş vəziyyətdə olan və müstəqil hərəkət etmək qabiliyyətini itirən, özünə və ətrafdakılara zərər yetirə bilən şəxsi xüsusi tibb müəssisəsinə gətirmək hüququna malikdirlər. İş materiallarından, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 13 iyul 2020-ci il tarixdə, saat 21 radələrində ictimai qaydanı və ictimai asayişi, həmçinin karantin rejimi qaydalarını pozmamış, digər hüquqpozmalara yol verməmiş, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yaratmamış, həmçinin ictimai yerdə müstəqil hərəkət etmək qabiliyyətini itirən, özünə və ətrafdakılara zərər yetirə bilən vəziyyətdə olmamışdır. İşdəki sübutlarla onun həmin vaxt qeyri-qanuni hərəkətlərə yol verməsi, həmçinin polis əməkdaşlarının ona hansı qanuni tələblər irəli sürməsi və Şəxs hansı hərəkətləri ilə onların bu qanuni tələblərinə qəsdən tabe olmaması, bu qəsdin nədə ifadə olunması müəyyən olunmamışdır. Həmin vaxt Şəxs polis əməkdaşlarının hansısa qanuni tələblərinə qəsdən tabe olmaması işdə heç bir sübutla təsdiq olunmayan ehtimaldır və şəxsin ehtimallara görə ona istinad olunan inzibati xətanın törədilməsində təqsirli bilinməsi isə yolverilməzdir. Şəxs hərəkətlərinin polisin qanuni tələblərinə tabe olmamasına yönəlməsi (inzibati xətanın obyektiv tərəfi) və bunu qəsdən etməsi, yəni özünün əməlinin hüquqazidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi (inzibati xətanın subyektiv tərəfi) iş materialları ilə sübuta yetirilmir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv tərəfi və subyektiv tərəfi, həmçinin obyektiv tərəfin vacib elementi kimi polis işçisinin hansısa qanuni tələblərinin olması və Şəxs həmin tələblərə qəsdən tabe olmaması halı mövcud olmadığı üçün, onun əməlində həmin inzibati xətanın tərkibi də yoxdur. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlayan vəzifəli şəxs tərəfindən də bunun əksini, yəni Şəxs 13 iyul 2020-ci il tarixdə, saat 21 radələrində, nə də başqa vaxt polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikası İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsində təqsirli olmasını sübut etmə vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi də mövcud deyildir. Qeyd edildiyi kimi, əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, işdəki sübutlara hüquqi qiymət verib, belə nəticəyə gəlirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələrilə başlanmış inzibati xəta haqqında işlər üzrə icraata onun əməlində həmin inzibati xətaların tərkibi olmadığı üçün xitam verilməlidir. İş materiallarından həmçinin görünür ki, fərdi qaydada fəaliyyət göstərən Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən Vəkil nəfinə, «KAPİTALBANK» x3 Rekvizitləri:VÖEN **********, kod 200695, Müxbir hesab AZ37NAB********************, BİK AİİBAZ2x. hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 53, 105, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Əməlində inzibati xəta tərkibi olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrilə başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən Vəkil nəfinə, «KAPİTALBANK» x3 Rekvizitləri: VÖEN **********, kod 200695, Müxbir hesab AZ37NAB********************, BİK AİİBAZ2x. hesabına 6 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar