Məhkəmə qərarları › İş №3(019)-226/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-226/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-226/2025 17.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X4 tərəfindən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ26530233 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində DİN BDYPİ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 09 mart 2025-ci il tarixli EQ26530233 nömrəli elektron qərar ləğv edilməsini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başladılmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, 09 mart 2025-ci il tarixdə M-5 44,9 km, Şəki rayonu Göybulaq kəndi, Zaqatala istiqamətində idarə etdiyi KAMAZ 53212 Yük markalı **- GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət etdiyi zaman hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsi ilə barəsində inzibati xəta haqqında elektron protokol tərtib edilmiş, həmin protokol əsasında əsasında inzibati tənbeh vermə haqqında 09 mart 2025-ci il tarixli EQ26530233 nömrəli elektron qərarla İnzibati Xətalar Məcəlləsinin 353.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsas gətirilərək 600 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan protokol qərarın ləğvinə dair şikayət ərizəsi ilə Balakən Rayon Məhkəməsinə rəsmi müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli 3(019)-140/2025 nömrəli qərardadına əsasən, inzibati tənbeh vermə haqqında qərarın şikayətə əlavə edilməməsi əsası ilə şikayət geri qaytarılmışdır. Bundan sonra tərəfindən Azərbaycan Respublikası Dövlət Yol Polisi İdarəsinə müraciət edilmiş, 24 may 2025-ci il tarixdə saat 10:35 radələrində 09 mart 2025-ci il tarixli EQ26530233 nömrəli elektron qərar rəsmi olaraq ona təqdim edilmişdir. Bundan sonra təkrar olaraq hazırki şikayətlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, 09 mart 2025-ci il tarixli EQ26530233 nömrəli elektron qərar aşağıda sadalanan əsaslara görə ləğv edilməlidir. Belə ki, qeyd olunan normanın tələbinə görə, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla (eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir. 09 mart 2025-ci il tarixdə Şəki rayonu, Göybulaq kəndi, Zaqatala istiqamətində hərəkət etdiyi zaman Bakı şəhəri Qaradağ rayonundan 650 ədəd kubik daşını Balakən rayonuna gətirmişdir. Bakı şəhərindən Balakən rayonuna qədər 3 ədəd hərəkət halında çəki ölçmə nəzarət sistemi mövcuddur ki, onlardan 2-si Qaradağ rayonunda, digər 1-i isə Yevlax rayonu ərazisində yerləşir. Qaradağ rayonundan yükü qəbul etdikdən sonra Balakən rayonuna hərəkət etdiyi zaman idarə etdiyi nəqliyyat vasitəsi həm Qaradağ rayonundan, həm də Yevlax rayonunda yerləşən hərəkət halında çəki ölçmə nəzarət sistemlərinin yoxlanışından keçmiş, həmin zaman nəqliyyat vasitəsində olan yük normaya uyğun olmuş, barəsində hər hansı qərar qəbul edilməmişdir. Göründüyü kimi, yeni istifadəyə verilmiş Şəki rayonu, Göybulaq kəndində quraşdırılmış hərəkət halında çəki ölçmə nəzarət sistemi standartlara cavab vermədiyindən yükü düzgün ölçməmişdir. Məhkəmə iclasında X4 şikayətdə göstərilənlərə uyğun izahat verərək qeyd etmişdir ki, o, işləmir və buna görə də cəriməni ödəyə bilmir. Yükün miqdarı limiti aşmadığı halda ona cərimə tətbiq edilmişdir, sürətli sürdüyü üçün çəki artıq hesablanmışdır. Sürət həddini aşdığına görə cərimə edilməmiş, İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə cərimə edilmişdir. Şikayətin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat bildirməmişdir. Məhkəmə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 09 mart 2025-ci il tarixli, EQ 26530233 nömrəli qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Şəki rayonu Göybulaq kəndi Zaqatala istiqamətində hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edərək İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati xətaya aid fotoşəkillərdən görünür ki, xx.xx.2025-ci il saat 15:29 dəqiqədə Şəki rayonu, Göybulaq kəndi, Zaqatala istiqamətində 10GD590 dövlət qeydiyyat nişanlı Kamaz 53212 yük markalı nəqliyyat vasitəsinin 26000 kq maksimum kütləni aşaraq 28430 kq olması müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli, ƏN-V seriyalı 032956 nömrəli etibarnamədən görünür ki, X2 tərəfindən 10GD590 dövlət qeydiyyat nişanlı Kamaz 53212 yük markalı nəqliyyat vasitəsinin idarə edilməsi X3 etibar edilmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayəti, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin 1.2-ci bəndinə əsasən “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri” avtomobil yollarında hərəkət edən avtomobil nəqliyyatı vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsini, qabarit parametrlərini, həmçinin həmin nəqliyyat vasitələrinin oxlarına düşən yükün icazə verilən kütləsini müəyyən edir. 1.3-ci bəndinə əsasən müəyyən edilmiş qabarit və çəki parametrlərinə uyğun olmayan nəqliyyat vasitələri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilmiş xüsusi icazəyə malik olmalı və həmin xüsusi icazədə göstərilmiş şərtlər və marşrut üzrə hərəkət etməlidir. 4.1-ci bəndinə əsasən nəqliyyat vasitəsinin oxuna düşən yükün icazə verilən kütləsi (çəkisi) 3 nömrəli cədvəl ilə müəyyən edilmiş hədləri aşmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X1 xx.xx.2025-ci il tarixdə Şəki rayonu, Göybulaq kəndi, Zaqatala istiqamətində hərəkətdə olarkən icazə verilən 26000 kq çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini oxa düşən yükün kütləsi üzrə 5 faizdən artıq aşması iş materialları əsasında öz təsdiqini tapmışdır. X1 şikayət ərizəsində və məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarın ləğvi əsası kimi irəli sürdüyü dəlillər əsassızdır, barəsində qanuni və əsaslı olaraq İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ2650233 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ2650233 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar