Məhkəmə qərarları › İş №3(019)-229/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-229/2022

01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-229/2022 01.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1959-cu ildə Balakən rayonu Şərif kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Şərif kəndində qeydiyyatda olan və orada yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 08.30 radələrində Balakən rayonu Xalatala kəndi ərazisində piyadanı vurması əsası ilə Balakən rayonu inzibati təcrübə üzrə baş inspektoru, polis leytenantı Şamil Kanayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2022-ci il tarixli, İXP seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, xx.xx.2022-ci li tarixdə saat təxminən 08:30 radələrində özünə məxsus olan, idarə etdiyi Vaz 2107 markalı, 08- BG-395 dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən rayonu Xalatala kəndindən kənd yolu ilə yaşadığı Şərif kəndində yerləşən evə doğru hərəkət etmişdir. Bu zaman idarə etdiyi avtomaşında ondan başqa heç kim olmamışdır. Avtomaşınla hərəkətdə olduğu zaman Balakən rayonu Xalatala kəndi ərazisində yolun sağ ehtiyyat hissəsi ilə 1 nəfər azyaşlı, əvvəllər tanımadığı oğlan uşağının qarşısında təxminən 3-4 ədəd inəkləri sürərək onun hərəkət etdiyi istiqamətə doğru apardığını uzaqdan görmüş, avtomaşınla həmin uşağa yaxınlaşdıqda anidən piyadanın apardığı inəklərdən biri onun idarə etdiyi avtomaşının qarşısına qaçmışdır. Bu zaman avtomaşını sağa doğru çəkmişdir. Məqsədi avtomaşının inəyə dəyməsinin qarşısını almaq olmuşdur. Lakin avtomaşını sağa doğru çəkdiyi zaman avtomaşın sağ qanadının uc hissəsi və sağ ön fara hissəsi həmin yolun kənarı ilə gedən piyada, sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxsə dəymiş, bu zaman Muradın yıxılıb-yıxılmamasını görməmişdir. Sonra idarəetməni itirərək, əyləc yerinə qaz pedalını basmış, avtomaşınla qarşıda sağda yerləşən kolluq sahəyə daxil olmuş və avtomaşın dayanmışdır. Dərhal avtomaşından düşərək Zərərçəkmiş şəxs kömək etmiş, onu başqa avtomaşınla Balakən RMX-yə aparmışdır. Hadisə baş verən zaman spirtli içkinin və psixotrop maddənin təsiri altında olmamışdır. İdarə etdiyi avtomaşında hər hansı bir nasazlıq olmamışdır. Yol- nəqliyyat hadisəsi zamanı idarə etdiyi Vaz 2107 markalı avtomaşında başqa heç kim olmamışdır. Həmçinin avtomaşınla vurduğu piyadanın yanında başqa heç kim olmamışdır. Piyadanı vurmazdan əvvəl idarə etdiyi Vaz 2107 markalı avtomaşınla saatda təxminən 25-30 km sürətlə hərəkət etmişdir. Avtomaşını idarə etməyi ilə bağlı BC kateqoriyalı sürücülük vəsiqəsi və digər rəsmi sənədləri vardır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə zərərçəkmiş azyaşlı şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən zərərçəkmiş azyaşlı şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət hadisəsi olmadığına görə Balakən rayonu Xalatala kənd sakini Zərərçəkmiş şəxs baş vermiş yol- nəqliyyat hadisəsi zamanı xəsarət alaraq Balakən RMX-yə müraciət etməsi əsasında toplanmış HK- 1-294 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, Balakən rayonu Şərif kənd sakini Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələri əsasında inzibatı tədbir görülməsi üçün Balakən RPŞ-nin DYPB-nə göndərilməsi, qərar barədə maraqlı tərəflərə məlumat verilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 8/1265 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21074 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 109 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər-sol bazuda və sağ baldırında sıyrıqlar, sol baldırında yara- bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş AC-N 734257 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ 21074 markalı, 08BG395 dövlət qeydiyyat nişanlı avtomobil Şəxs adına qeydiyyat alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 35 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yoxlama zamanı Şəxs sərxoşluq müəyyən edilməmiş, o, həmin vaxt ayıq olmuşdur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində inzibati məsuliyyət nəzədə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və Azərbaycan Respublikası İXM-nin 32.1.7-ci maddəsində törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi məsuliyyəti yüngüləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Qanun normasının tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsindən səmimi peşimançılığını və zərərçəkmiş şəxsi dərhal xəstəxanaya aparmaqla inzibati xətanın zərərli nəticələrini aradan qaldırması və vurulmuş zərərin əvəzini könüllü surətdə ödəməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materiallarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun bir ilədək müddətə məhdudlaşdırılma tənbehləri nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xəta törətməsindən səmimi peşimançılığı və zərərçəkmiş şəxsi dərhal xəstəxanaya aparmaqla inzibati xətanın zərərli nəticələrini aradan qaldırması və vurulmuş zərərin əvəzini könüllü surətdə ödəməsi kimi məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimənin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar