Məhkəmə qərarları › İş №3(019)-23/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-23/2022

14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-23/2022 14.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1980-cı ildə Ağdaş rayonunda anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən şəhəri, Qafqaz küçəsində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 14 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4012/2021 saylı, 07.07.2021-cı il tarixli icra sənədi üzrə borclu Şəxs yaranmış 1750 manat alimenti tələbkara ödəməkdən imtina etmiş, bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə izahatında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4012/2021 saylı, 07.07.2021-cı il tarixli icra sənədinə əsasən Şəxs X2 xeyrinə 07.07.2009-cu il təvəllüdlü X5, 29 oktyabr 2010-cu il təvəllüdlü X3 və 11 may 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment, habelə 11 may 2021-ci il təvəllüdlü X6 3 (üç) yaşı tama olana kimi hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Şəxs iş materiallarına əsasən 27.12.2021-ci il tarixli qəbzlə tələbkara 80 manat aliment ödənişi etmişdir. Onu da bildirir ki, aliment borcu əsasən Abşeron rayon İcra və Probasiya Şöbəsinn icra məmuru tərəfindən həmin icra sənədinin 2021-ci ilin iyul ayında dərhal həmin vaxt Şəxs işlədiyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin «Mazımçay» gömrük postu üzrə iş yerinə göndərilməməsi və 2021-ci ilin iyul ayı da daxil olmaqla həmin aya qədər olan aliment borcunun tutulmaması nəticəsində yaranmışdır. Həmin icra sənədi gec də olsa Şəxs iş yerinə göndərildikdən sonra 2021-ci ilin avqust və sentyabr ayları üzrə ondan aliment tutulmuşdur. Hal-hazırda borclu Şəxs 1750 manat aliment borcundan 785 manat ödəniş etmiş, qalan borcun ödənilməsi ilə bağlı da öhdəlik götürmüşdür. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4012/2021 saylı, 07.07.2021-cı il tarixli icra sənədinə əsasən ondan X2 xeyrinə 07.07.2009-cu il təvəllüdlü X5, 29 oktyabr 2010-cu il təvəllüdlü X3 və 11 may 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment, habelə 11 may 2021-ci il təvəllüdlü X6 3 (üç) yaşı tama olana kimi hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. O, Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin «Mazımçay» gömrük postunda işləyən zaman Abşeron rayon İcra və Probasiya Şöbəsinn icra məmuru tərəfindən həmin icra sənədi 2021-ci ilin iyul ayında dərhal həmin vaxt onun işlədiyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin «Mazımçay» gömrük postu üzrə iş yerinə göndərilməmiş, nəticədə aliment borcu 2021-ci ilin iyul ayı da daxil olmaqla həmin aya qədər olan aliment borcunun tutulmaması nəticəsində yaranmışdır. Həmin icra sənədi gec də olsa onun iş yerinə göndərildikdən sonra 2021-ci ilin avqust və sentyabr ayları üzrə ondan aliment tutulmuş, avqust ayına qədər aliment borcu isə qalmışdır. O, 2021-ci ilin sentyabr ayında işdən çıxmışdır. Ona hesablanan 1750 manat aliment borcu əsasən 2021-ci ilin iyul ayı üzrə və bu aya qədər yaranmış borcdur. 27.12.2021-ci il tarixdə tələbkara 80 manat aliment ödəmişdir. Hal-hazırda 1750 manat aliment borcundan 785 manat ödəniş etmişdir, qalan borcu da hissə-hissə ödəyəcəkdir. Özünün tələb yönəldilə biləcək hər hansı əmlakı, aylıq qazancı, bank hesabları, daşınar və daşınmaz əmlakları yoxdur. Bütün bunlara baxmayaraq, o, alimenti ödəməkdən heç vaxt imtina etməmişdir. Qalan aliment borcunu da ödəyəcəkdir. Onun əməlində həmin inzibati xətanın tərkibi yoxdur. Qeyd edilənləri nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs X10 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən hazırki işə zərərçəkmiş şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4012/2021 saylı, 07.07.2021-cı il tarixli icra sənədindən görünür ki, Şəxs X2 xeyrinə 07.07.2009-cu il təvəllüdlü X5, 29 oktyabr 2010-cu il təvəllüdlü X3 və 11 may 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment, habelə 11 may 2021-ci il təvəllüdlü X6 3 (üç) yaşı tama olana kimi hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarından həmçinin görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4012/2021 saylı, 07.07.2021-cı il tarixli icra sənədi icraya yönəldilmişdir. İş materiallarına əlavə edilmiş 18.01.2022-ci il tarixli, 01.02.2022-ci il tarixli, 08.02.2022-ci il tarixli, 09.02.2022-ci il tarixli və 13.02.2022-ci il tarixli qəbzlərdən görünür ki, hazırki inzibati xəta haqqında iş məhkəmənin icraatına daxil olduqdan sonra Şəxs X7 müvafiq olaraq 200 manat, 100 manat, 40 manat, 25 manat və 420 manat olmaqla cəmi 785 manat aliment ödənişi etmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Xəlilov X11 Rayon Məhkəməsinin 2(012)-4012/2021 saylı, 07.07.2021-cı il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən və bu icra sənədini icra etməkdən yayınmamış, tələbkara olan alimentdən ödənişlər etmiş, ona istinad olunan 1750 manat aliment borcu əsasən Abşeron rayon İcra və Probasiya Şöbəsinn icra məmuru tərəfindən həmin icra sənədinin 2021-ci ilin iyul ayında dərhal həmin vaxt Şəxs işlədiyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin «Mazımçay» gömrük postu üzrə iş yerinə göndərməməsi və 2021ci ilin iyul ayı da daxil olmaqla həmin aya qədər olan aliment borcunun tutulmaması nəticəsində yaranmışdır. Həmin icra sənədi gec də olsa Şəxs iş yerinə göndərildikdən sonra 2021-ci ilin avqust və sentyabr ayları üzrə ondan aliment tutulmuşdur. Şəxs 2021-ci ilin sentyabr ayında işdən çıxdıqdan sonra işləməməsinə, hər hansı aylıq qazanca malik olmamasına görə aliment borcunu tam ödəyə bilməmiş, lakin iş materiallarına əsasən 27.12.2021-ci il tarixdə tələbkara 80 manat aliment ödənişi etmişdir. Hazırki inzibati xəta haqqında iş məhkəmənin icraatına daxil olduqdan sonra Şəxs tələbkara olan 1750 manat aliment borcundan 18.01.2022-ci il tarixli, 01.02.2022-ci il tarixli, 08.02.2022-ci il tarixli, 09.02.2022-ci il tarixli və 13.02.2022-ci il tarixli qəbzlərlə müvafiq olaraq 200 manat, 100 manat, 40 manat, 25 manat və 420 manat olmaqla cəmi 785 manat aliment ödənişi etmişdir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qalan aliment borcunu da hissə-hissə ödəyəcəyini bildirmişdir. İş materiallarından, həmçinin məhkəməyə təqdim edilmiş icra işindən də həmçinin görünür ki, icra məmuru tərəfindən müxtəlif orqanlara göndərilən sorğular əsasında Şəxs işləməməsi, aylıq hər hansı qazanca malik olmaması, onun bank əmanətlərinin, tələb yönəldilə biləcək daşınar və daşınmaz əşyalarının olmaması, pensiya və digər sosial müavinət almaması, bir sözlə ödəniş qabiliyyətinin olmaması müəyyən edilmişdir. Belə olan halda şübhəsizdir ki, Şəxs sözügedən icra sənədini tam icra etməməsi və bununla bağlı icra məmurunun qanuni tələblərini tam yerinə yetirməməsi üzrlü səbəblərdən baş vermişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri müəyyən olunmamışdır. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən Şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-4012/2021 saylı, 07.07.2021-cı il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və bu icra sənədini üzrlü səbəb olmadan icra etməməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır.Halbuki Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən bu vəzifə həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İş materialları ilə Şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-4012/2021 saylı, 07 iyul 2021-cı il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və bu icra sənədini üzrlü səbəb olmadan icra etməməsində, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübut olunmur. Onu da nəzərə çatdırmaq lazımdır ki, İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyaya (Avropa Konvensiyası) dair 4 saylı Protokolunun 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu tələb eyni zamanda BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktının 1-ci maddəsində və Azərbaycan Respublikasında İnsan Hüquq və X1 Tənzimlənməsi Haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsində də təsbit olunmuşdur. Avropa Konvensiyasına dair 4 saylı Protokolun 1-ci maddəsi və yuxarıda göstərilən digər qanun normaları insanın azadlığı və ləyaqəti anlayışından fərqli olaraq, sadəcə fərdin konkret öhdəliyini yerinə yeirməsi üçün maddi vəsaitin olmadığına görə onun istənilən şəkildə azadlıqdan məhrum edilməsini qadağan etməyə yönəlib. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi 22 iyul 2021-ci il tarixli Kərimov və başqaları Azərbaycana qarşı şikayəti üzrə qərarında ərizəçilər Vahid Kərimov, Mahir Abbasov və Mübariz Bayramovun borclarını ödəmək iqtidarında olmadıqlarına görə həbs olunmaları ilə bağlı Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsində nəzərdə tutulmuş hüquqlarının pozuntusunu müəyyən etmiş və ərizəçilərin hər birinə 3600 avro təzminat ödənilməsini qərara almışdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2- maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin müəyyən olunmuş hallarını yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək, hesab edirəm ki, əməlində inzibati xətanın tərkibi olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X12, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 5 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X9 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X13 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 30 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105.1. 109.2, 112-113,114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin; Şəxs inzibati məsuliyyətdən azad edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X9 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X13 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 30 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar