Məhkəmə qərarları › İş №3(019)-230/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-230/2022

01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-230/2022 01.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə hüquqi ünvanı Zaqatala rayonu Yuxarı Tala olan "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 483-cü maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, "xxxx" MMC tərəfindən xx.xx.2021 ci il tarixdə **********3937 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 61200 ABŞ dolları olan 18000 kq “Qabıqlı fındıq” yükü Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən Gömrük Postunda rəsmiləşdirərək "xxxx" ASC RUSHEN VENCHUR YATİRİMLARİ RVİ Rusiya Federasiyası 109029 Rusiya, Moskva, st. Orta Kalitnikovskaya, ev. 28, küç.4cü mərtəbə.1, pom.Vİİİ,otaq ünvanında qeydiyyatda olan Finalsu Dış Ticaret Sanayi Anonim Şirketinin ünvanına konsiqnasiya yolu ilə ixrac olunmuş, həmin malın dəyərindən şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 2741.53 ABŞ dolları (4660.60 manat) məbləğində xarici valyutanı geri qaytarmamışdır. Bu barədə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 11000-1879/22 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC və inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati materialda olan sənədlərdən görünür ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə inzibati xəta haqqında iş üzrə icraata başlanmış, "xxxx" MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş və şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 2741.53 ABŞ dolları (4660.60 manat) məbləğində xarici valyutanın geri qaytarılmamasının səbəbinin aydınlaşdırılması məqsədilə "xxxx" MMC-nin nümayəndəsi X2 Şöbəsinə dəvət olunaraq, sorğu-sual olunmuşdur. "xxxx" MMC-nin nümayəndəsi X6 izahatında bildirmişdir ki, 02 iyun 2021 -ci il tarixində Rusiya Federasiyasının Moskva şəhəri, Srednyaya küçəsi, ev 28, 1-ci mərtəbə, otaq 8 ünvanında qeydiyyatda olan "xxxx" şirkəti ilə "xxxx" MMC arasında fındığın satılması üçün RVİ-KAR-020621-N20 saylı müavilə bağlanmışdır. Təmsil etdiyi şirkət “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə etdiyi üçün ixrac etdikləri mallar gömrük orqanına gəlmədən bəyan olunur və rəsmiləşdirilir. Odur ki, RVİ-KAR- 020621-N20 saylı müqaviləyə əsasən "xxxx" şirkətinin ünvanına göndərəcəkləri dəyəri 61200 ABŞ dolları olan 18000 kiloqram qabıqlı fındıq yükü "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində **********3937 saylı Gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş və 99VJ388/99ZC620 qeydiyyat nişanlı yük maşını ilə Rusiya Federasiyasının Moskva şəhərinə yola salınmışdır. Göndərdikləri malın dəyərinin böyük hissəsi, yəni 58458.47 ABŞ dolları şirkətin "xxxx" ASC-nin Zaqatala filialındakı hesabına köçürülmüşdür. "xxxx" şirkəti idxal etdiyi fındığın 713.69 kq-nın keyfiyyətsiz olduğuna görə 2355.18 ABŞ dollarını və keyfiyyətsiz malın çeşidləməsinə isə 386.35 ABŞ dolları sərf olunduğunu əsas gətirərək, ümumilikdə 2741.53 ABŞ dollarını ödəməkdən imtina etmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığı üçün hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan sənədlərlə (xx.xx.2021-ci il tarixli Gömrük bəyannaməsi, RVİ/2021 saylı müqaviləyə dair invoice, X7 rəisi X8 Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Azər Leysanova ünvanladığı xx.xx.2022-ci il tarixli raport, "xxxx" MMC-nin nümayəndəsi X1-sual edilməsi barədə xx.xx.2022-ci il tarixli protokol, Qərb Ərazi Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı Natiq Əmirovun xx.xx.2022-ci il tarixli arayışı, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixdən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı X3 və xx.xx.2022-ci il tarixli,11000-1879/22 №-li inzibati xəta haqqında protokolla) təsdiq olunur ki, xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasının "xxxx" şirkəti ilə "xxxx" MMC arasında 02 iyun 2021-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ümumi dəyəri 61200 ABŞ dolları olan 18000 kq “Qabıqlı fındıq” yükü xx.xx.2021-ci il tarixdə **********3937 saylı gömrük bəyannaməsi ilə Balakən Gömrük İdarəsində rəsmiləşdirilərək ixrac edilmişdir. Həmin malın dəyərindən 58458.47 ABŞ dolları ixracatçının müvəkkil bankdakı valyuta hesabına ödənilmişdir. Qalan 2741.53 ABŞ dolları ixracatçının müvəkkil bankda olan hesabına ödənilməmişdir. Həmin 2741.53 ABŞ dollarından 2355.18 ABŞ dolları məbləğində xarici valyutanın geri qaytarılmamasının səbəbi göndərilən 713.69 kq-nın keyfiyyətsiz olması və 386.35 ABŞ dollarının keyfiyyətsiz malın çeşitləməsinə sərf olunması olmuşdur. Bu səbəbdən "xxxx" şirkəti həmin 2741.53 ABŞ dollarını "xxxx" MMC-yə ödənilməsindən imtina etmişdir. Faktiki olaraq "xxxx" MMC 2741.53 ABŞ dolları (4660.60 manat) vəsaiti əldə etməmişdir. Yəni 2741.53 ABŞ dolları (4660.60 manat) məbləğin Azərbaycan Respublikasına qayıtmaması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin təqsiri olmadan baş vermişdir. Göstərilənləri, 2741.53 ABŞ dollarının (4660.60 manat) Azərbaycan Respublikasına qayıtmamasının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin iradəsindən asılı olmayaraq baş verməsini və bunda onun təqsirinin olmamasını, "xxxx" MMC-nin həmin 2741.53 ABŞ dolları (4660.60 manat) vəsaiti əldə etməməsini nəzərə alaraq, hesab edirəm ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Başqa sözlə, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. "xxxx" MMC barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış orqanın vəzifəli şəxsi tərəfindən "xxxx" MMC-nin Azərbaycan Respublikası İXMnin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olmasını təsdiq edən əsaslı şübhədən uzaq, faktlar barəsində eyni cür təkzibedilməz nəticələrə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə bu vəzifə həmin orqanın vəzifəli şəxsinin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, "xxxx" MMC xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan qalan 2741.53 ABŞ dolları (4660.60 manat) məbləğində vəsaiti faktiki olaraq əldə etməmişdir və bunda onun təqsiri mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edlir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmədiyindən, onun əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, "xxxx"» MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 53, 105.1, 109.2. 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Əməlində inzibati xəta tərkibinin olmamasına görə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar