Məhkəmə qərarları › İş №3(019)-232/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-232/2022

21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-232/2022 21.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1987-cı ildə Balakən rayonu Poştbinə kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, Balakən rayonu Poştbinə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 232-1-cı maddəsi ilə icraatı başlanmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən RPŞ-nin İTB-nin sahə rəisi X6 tərəfindən Şəxs xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Balakən rayonu Gərəkli kəndində yaşayan X8 məxsus fərdi yaşayış evində iki ədəd şüşələri ilə birlikdə pəncərə plastikini, 1 ədəd dəmir çarpayını və 1 ədəd stulu sındırması və nəticədə əmlaka 270 manat ziyan vurması əsası ilə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 27 may 2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, hal-hazırda ailəsi ilə birlikdə Balakən rayonu Gərəkli kəndində yaşayır. X5 onun qohumu, bacısının baldızı olmuşdur. Pirdas Humayevanın qardaşı X12 öz arvadı olan onun bacısı X2 Türkiyə Respublikasının Trabzon şəhərində xx.xx.2022-ci il tarixdə baş nahiyəsinə tapanca ilə vuraraq öldürmüş, bu səbəbə görədə əsəbi olduğu üçün və özündə olmadığı üçün o, Balakən rayonu Gərəkli kəndində X5 heç kim yaşamayan evini dağıtmışdır. Həmin evin pəncərələrini və pəncərə çərçivələrini qırmış, evin bir dənə otağına daxil olaraq evin içərisində olan stulları və dəmirdən olan çarpayını qıraraq ev əşyalarını dağıtmışdır. O, bu əməli şikayətçi Pirdas Humayevanın qardaşı Elvin Humayevin onun doğma bacısını tapanca ilə baş nahiyəsindən vuraraq öldürdüyü üçün törətmişdir. Bu cür hərəkətləri ilə o, Pirdas Humayevanın yaşayış olmayan evinə maddi ziyan vurduğunu anlamış, lakin o, etdiyi əmələ görə peşman olmamışdır. Pirdas Humayevanın yaşayış olmayan evini dağıtdıqdan, evinin pəncərələrini və pəncərə çərçivələrini sındırdıqdan sonra o, öz yaşadığı evinə gəlmiş, onun vəziyyətinin pis olmasını görəndə həyat yoldaşı ona su vermiş, bir az vaxtdan özünə gəlmişdir. Aradan bir az vaxt keçəndən sonra onun yaşadığı ünvana polis əməkdaşlarının gəlmiş və onu Balakən RPŞ-nə dəvət etmişlər. Pirdas Humayevanın qardaşının xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasının Trabzon şəhərində onun bacısı X1 baş nahiyəsindən tapanca ilə vuraraq öldürdükdən sonra onun Pirdas Humayeva ilə düşmənçiliyi və ədavəti olmuşdur. İşə baxılmasının yeri və müddətinin onlara vaxtında bildirilməsinə baxmayaraq iş üzrə zərərçəkmiş şəxs X13 məhkəmə iclaslarına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Ona görə də hazırki işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarında olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 aprel 2022-ci il tarixli qərarından görünür ki, X7 şikayəti əsasında toplanmış HK-1-249 saylı material üzrə cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanılması rədd edilmiş, toplanmış material üzrə Azərbaycan Respublikasinin CM-nin 186-cı maddəsi əsasında cinayət işi başlanması rədd edilmiş, Balakən rayonu Gərəkli kənd sakini Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri olduğundan sonuncunun qeyd edilən maddə əsasında inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün və eləcə də gələcəkdə baş verə biləcək cinayət və ya xoşagəlməz hadisənin qarşısının alınması məqsədilə Balakən rayonu Gərəkli kənd sakini Şəxs ilə profilaktiki söhbətlər aparılması üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-nə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, Balakən rayonu Gərəkli kənd sakinləri X8 və Şəxs göndərilməsi qərara alınmışdır. Həmin qərarda Şəxs tərəfindən X8 270 manat məbləğində maddi ziyan vurulduğu göstərilmişdir. İnzibati xəta haqqında iş materiallarında olan zərərçəkmiş şəxs X13 izahatında hal hazırda Balakən rayonu Gərəkli kəndində yaşadığını, xx.xx.2022-ci il tarixdə onun DİN-nin 102 xidmətinə zəng vuraraq Şəxs Gərəkli kəndində olan içərisində yaşayış olmayan evinin pəncərələrini sındırması və evini yandırmaq istəməsi barədə şikayət etdiyini, onun Bakı şəhərində olduğunu, DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat verən zaman onun Bakı şəhərində olduğunu, Balakən rayonuna onun xx.xx.2022-ci il tarixdə gəldiyini, evini dağıdan Şəxs onun qohumu-qardaşının qaynı olduğunu, qardaşı X10 öz həyat yoldaşını Şəxs isə bacısını bir həftə əvvəl Türkiyə Respublikasının Trabzon şəhərində tapanca ilə baş nahiyəsindən vuraraq öldürdüyünü, bu səbəbə görədə Şəxs Balakən rayonu Gərəkli kəndində içərisində yaşayış olmayan evinə gələrək evin 2 ədəd plastik pəncərə çərçivələrini ayna şüşələri ilə birlikdə sındıraraq yararsız hala saldığını, Şəxs onun evinin otağına daxil olaraq otaqda olan 1 ədəd dəmir çarpayını və 1 ədəd stulu sındıraraq yararsız hala salaraq ev əşyalarını dağıtdığını, həmin vaxt onun Bakı şəhərində olduğunu, bu barədə Şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək dedikdən sonra bildiyini, qardaşı X10 bir həftə əvvəl Türkiyyə Respublikasının Trabzon şəhərində Şəxs bacısı X3 baş nahiyəsindən tapanca ilə vuraraq öldürdükdən sonra Şəxs onunla düşmənçilik etdiyini, lakin onun Şəxs ilə heç bir düşmənçiliyinin və ədavətinin olmadığını, ona məxsus içərisində yaşayış olmayan evinə daxil olaraq evin 2 ədəd plastik pəncərə çərçivələrini şüşələri ilə birlikdə sındırması nəticəsində 230 manat, 1 ədəd dəmir çarpayının sındırılması nəticəsində 30 manat və 1 ədəd stulun sındırılması nəticəsində 10 manat olmaqla ümumilikdə ona 270 manat məbləğində maddi ziyanın vurulduğunu bildirmişdir. İş materiallarından görünür ki, X7 Balakən rayonu Gərəkli kəndində evində olan əşyaların Şəxs tərəfindən qəsdən sındırılması, dağıdılması və zədələnməsi nəticəsində dəymiş maddi ziyanın 270 manat təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda, inzibati məsuliyyət nəzərdə tutulur. Yəni qanun normasında özgənin əmlakını qəsdən məhv etməsi və ya zədələməsi nəticəsində yaranacaq məsuliyyətdən bəhs edilir. Bu maddənin «Qeyd» hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Qanun normasının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementləri kimi şəxsin hərəkətinin özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə yönəlməsi, bu nəticənin baş verməsi və özgənin əmlakının qəsdən məhv edilməsi və ya zədələnməsində ifadə olunan nəticə ilə şəxsin əməli arasında səbəbli əlaqənin olması və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. İş materiallarından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Balakən rayonu Gərəkli kəndində yaşayan X7 evinə gələrək evdəki əşyaları qəsdən sındırmış, dağıtmış və zədələmiş, bununla da İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli İXM-nin 232-1-ci maddəsi ilə düzgün tövsif edlilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İlk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş 270 manat məbləğində ziyanın bir misli məbləğdə (270 manat) cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar