Məhkəmə qərarları › İş №3(019)-236/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-236/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-236/2025 12.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, protokol tərtib etmiş şəxs Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X4, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Balakən rayonu Qaysa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Balakən rayonu Qaysa kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 12 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Yusubov X1 Rayon Məhkəməsinin 2(019)-373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə yaranmış 3380 manat aliment borcunu tələbkara ödəməkdən imtina etmiş, bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 izahatında göstərmişdir ki, icra sənədi üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərarın, bildirişin surəti icra edilməsi üçün Şəxs göndərilmişdir. Hər ay 200 manat ödəniş etsə də, tam ödəmir. Bu günədək ödənilməmiş aliment borcu 3380 manat təşkil edir və o, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin aliment borcunu ödəmir. Tələbkar alimentin ödənilməsini tələb edir. Şəxs barəsində qanuni tədbirin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, aylıq 280 manat ödəməlidir, 200 manat ödəyir. 1 həftə vaxt verilsə, 500 manat verib, qalanını 1-2 aya ödəyəcək. Ona münasibətdə qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, hər ay 195-200 manat ödəyir. 80-85 manat ödəmir. Uşaqların saxlanmasını təmin edə bilmir. Həqiqətən imkanı olmasa başa düşərdi, lakin borclunun maşını, heyvanları var, evini təmir etdirir. Özü Rusiyada işləyir, burda olanda maşın yuma xidmətində işləyir. Ona şikayət etməməsini, Rusiyadan qayıtdıqda 250 manat verəcəyini demişdir. Vaxt verilməsi ilə razı deyil, borcunu tam ödəməsini tələb etmişdir. Ona görə barəsində tənbeh tədbirinin verilməsini xahiş etmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, hazırki qətnamənin çıxarıldığı 28 aprel 2022-ci il tarixdən başlayaraq 10 yanvar 2015-ci ildə doğulmuş X2 və 26 dekabr 2016-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Şəxs hər ay hər bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, hər ay cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulub, cavabdeh Yusubova (Timinova) Ayişənə Arif qızına verilməlidir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borcluya dərhal icranı könüllü təmin etməsi təklif olunmuşdur. Tələbkar Zərərçəkmiş şəxs tərəfindən Balakən Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs ona halhazırda 3380 manat aliment borcu vardır. Lazımi icra tədbiri görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. "Burdov Rusiya Federasiyasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, 1 saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. Bu hal «Tarverdiyev Azərbaycana qarşı» məhkəmə işində də öz əksini tapmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədinin tam olaraq icra edilməməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə Şəxs maddi vəziyyətinə görə alimenti tam ödəməməsini əsassız sayır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, icra məmurunun izahatına və iş materiallarında olan sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs səmimi peşmançılığını inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar