Məhkəmə qərarları › İş №3(019)-237/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-237/2022

04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-237/2022 04.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon prokurorunun nümayəndəsi-Balakən rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajoru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Gürcüstan Respublikası Saqareceo rayonunda anadan olmuş, orta təhsilli, evli, işləməyən, inzibati məsuliyyətə cəlb edilməyən, Balakən rayonu Hənifə kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 398-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon prokuroru baş ədliyyə müşaviri Qoşqar Əhmədov tərəfindən fiziki şəxs Şəxs “Sahibkarlıq fəaliyyəti haqqında” 15 dekabr 1992-ci il tarixli 405 nömrəli Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinin və “Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə” 21 dekabr 2000-ci il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2-ci bəndinin tələblərini pozaraq 5 may 2022-ci il tarixdən 6 iyun 2022-ci il tarixədək “Elit” kafesini işlədərkən vergi ödəyicisi kimi qeydiyyatdan keçməyərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması əsası ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar qəbul edilərək baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərdi ki, ailəsi ilə birlikdə Balakən rayonu Hənifə kəndində yaşayır. Balakən rayonu Bayraq meydanının yaxınlığında yerləşən “Elit” adlanan kafeni icarəyə götürərək işlədir. Həmin kafeni təxminən may ayının 5-dən icarəyə götürmüşdür. Təxminən 5-6 gün təmir işləri apardıqdan sonra kafeni işlətməyə başlamışdır. Həmin kafedə əvvəlcə X1 ofisiant işləyirdi. Lakin “Elit” kafesində olan davadan sonra öz istəyi ilə işdən çıxdı, təxminən bir həftə orada işlədi. O, işə başlayarkən bildirmişdir ki, daimi olaraq burada işləməyəcək. Ona görə də, o, ona gündəlik 10 manat verməklə işə götürmüşdür, daimi işçi olmadığı üçün də müqavilə bağlamamışdır. Təxminən may ayının ortalarından kafedə işləmir, özü tək işlədir. Kafeni yeni işlətməyə başladığı üçün hələ ki, VÖEN-ni yoxdur. Lakin tez bir zamanda vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçəcəkdir. Kafeni yeni işlətməyə başladığı üçün həmin ay üçün onun aylıq gəliri çox az olmuşdur, gəliriylə bağlı heç nəyi rəsmi olaraq qeyd etmədiyindən tam olaraq xatırlamır. Amma təxminən işlətdiyi bir ay ərzində gəliri 200 manat olmuşdur. O, hazırda tərəfindən dövlət büdcəsinə 200 manat ödəniş etmişdir. Ona görə barəsində İXM-nin 398-ci maddəsilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Balakən rayon prokurorunun nümayəndəsi-Balakən rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajoru X3, Balakən rayonu prokurorunun xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərarını müdafiə edərək, Şəxs əldə etdiyi gəlir məbləğində-200 manat pulu dövlət büdcəsinə ödədiynə görə, Şəxs barəsində İXM-nin 398-ci maddəsilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etirnazının olmadığını bildirmişdir. İşə əlavə olunan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Şəxs tərəfindən dövlət büdcəsinə 200 manat ödəniş edilmişdir. Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin «Qeyd» hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 398, 402, 406-409, 411, 411-1, 412, 413, 415,428.1 və 438-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs kimi inzibati xəta nəticəsində nəticəsində vurulmuş ziyanı tamamilə ödəməklə əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdüyünə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, həmin maddə üzrə inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin «Qeyd» hissəsini, 43, 53, 105.1, 109.2, 114-115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs həmin maddə üzrə inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar