Məhkəmə qərarları › İş №3(019)-238/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-238/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-238/2025 17.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1ində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 17 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Seyidov X8 Rayon Məhkəməsinin 2(019)-73/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbkar X1 ödəməli olduğu 7480 manat aliment manat borcunu ödəməkdən imtina etmiş, bununla da icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X10 izahatında bildirmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-73/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ərizənin verildiyi 02 avqust 2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay hər bir uşaq üçün 170 manat olmaqla, hər ayda 340 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 verilməlidir. İcra sənədi üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərarın, bildirişin surəti icra edilməsi üçün Şəxs göndərilmişdir. Bu günədək ödənilməmiş aliment borcu 7480 manat təşkil edir və o, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin aliment borcunu ödəmir. Tələbkar alimentin ödənilməsini tələb edir. Şəxs barəsində qanuni tədbirin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, uşaqlardan azyaşlı olanı 2024-cü ilin yanvar ayına, böyüyü isə 2025-ci ili yanvar ayına qədər onun himayəsində olub. Bu tələblə məhkəmədə iddia da qaldırmışdır. Uşaqların onun himayəsində olduğu müddətdə aliment pulu tutulmasından razı deyildir. Qalan hissədə öz təqsirliliyini boynuna alır. Hal-hazırda fəhlə işləyir. Ona münasibətdə qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat bildirməmişdir. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən hazırki işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-73/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, ərizənin verildiyi 02 avqust 2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay hər bir uşaq üçün 170 manat olmaqla, hər ayda 340 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 verilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-73/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, borcluya dərhal icranı təmin etməyi təklif olunmuşdur. xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 22 may 2025-ci il tarixdə ünvan 1i ünvanına baxış keçirilən zaman borclu Şəxs həmin ünvanda yaşamadığı məlum olmuşdur. xx.xx.2025-ci il tarixli, e41405/2024-46-8 nömrəli xəbərdarlıqdan görünür ki, borclu Seyidov X7 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx xxxx 1986-cı il təvəllüdlü ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, 337 nömrəli Qullar kənd İƏD tərəfindən verilən arayışdan görünür ki, Şəxs həqiqətən 2010-cu il tarixdə Talalar kəndində anadan olmuş X2 ilə rəsmi nikahla evlənmiş, həmin evlilikdən Seyidov Ayxan və Seyidov Səmran adlı oğlan övladları dünyaya gəlmişdir. xx.xx.2024-cü il tarixdə rəsmi ayrılmışlar. Qullar kənd İƏD-nin 2023-cü il dekabr ayında Təsərrüfatbaşına kitabların uçot qeydiyyatı zamanı məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixə hər iki övladı Qullar kəndində atalarına məxsus evdə yaşayırlar. 2024-cü ilin dekabr ayında Təsərrüfatbaşına kitabların uçot qeydiyyatı zamanı isə kiçik övlad X3 xx.xx.2024-cü il tarixdə anasına təhvil verildiyi, böyük övlad X5 isə atası evində yaşadığı məlum olmuşdur. xx.xx.2025-ci il tarixli Hüseynli (Seyidova) Ramilə Kamaldin qızı tərəfindən Balakən Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanan ərizədən görünür ki, borclu Şəxs halhazırki tarixədək ona heç bir ödəniş etməmişdir. Hal-hazırki tarixə aliment borcu 7480 manat təşkil edir. Borclu barəsində tədbir görülməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, borclu Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00 dəqiqədə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. "Burdov Rusiya Federasiyasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, 1 saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. Bu hal «Tarverdiyev Azərbaycana qarşı» məhkəmə işində də öz əksini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yetkinlik yaşına çatmayan uşaqlardan birinin 2025-ci ilin yanvar ayına qədər onun himayəsində olmasını bildirmiş, buna baxmayaraq həmin uşaq üçün yanvar ayından sonrakı dövr üçün, digər uşaq üçün isə ümumiyyətlə aliment təyin olunan gündən heç bir ödəniş etməmiş və alimentin ödənilməməsinin ondan asılı olmayan səbəblərdən baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Maddi vəziyyəti ağır olduğu üçün alimenti ödəməməsi ilə bağlı irəli sürdüyü dəlillər əsassızdır, bu, alimentin ödənilməməsi üçün üzrlü səbəb hesab edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatına və iş materiallarında olan sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs tətbiq edilməli, həbs müddətinin əvvəli 17 iyun 2025-ci il tarixdən saat 10:00-dan hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından müdafiəçi Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına 22 manat köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs müddətinin əvvəli 17 iyun 2025-ci il tarixdən saat 10:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Müdafiəçi Vəkil tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun hesabına 22 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar