Məhkəmə qərarları › İş №3(019)-24/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-24/2022

21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-24/2022 21.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayonu Gərəkli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 590.2-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: 13.01.2022-ci il tarixdə saat 16.00 radələrində Balakən rayonu Qazma kəndi ərazisində Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə olmadan İJ markalı, 16 çaplı, A 52505 nömrəli tək lüləli ov silahını və 3 ədəd atəşə yararlı 16 çaplı patronu qanunsuz olaraq saxlaması aşkar edilmişdir. Bu barədə Balakən RPŞ-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 13 yanvar 2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Şəxs həmin inzibati xətanın törətməsi iş materiallarında olan sübutlarla tam təsdiq olunur. Belə ki, iş materiallarında olan Şəxs Balakən Rayon Polis Şöbəsinə verdiyi izahatından görünür ki, o, Balakən rayonu Gərəkli kəndində yaşayır. X1 2013-cü ildə vəfat etmişdir. 2020-ci ildə yaşadıqları evin damını təmir etdikdə orada təklüləli ov silahı, həmin silaha aid 3 ədəd patron və patron qatarı aşkar etmiş və onları evlərində saxlamışlar. Həmin silahın müvafiq sənədləri olmadığı ona məlum olsa da, onu polis orqanına könüllü təhvil verməmişdir. 13.01.2022-ci il tarixdə saat 16 radələrində havanın soyuq və yağışlı olmasından istifadə edərək ova getmək qərarına gəlmiş, silahı və patronları götürərək Qazma kəndi istiqamətində çöllük əraziyə getmişlər. Hələ ov etməyə imkan olmamışdı ki, polis əməkdaşları ona yaxınlaşmış və onun şəxsiyyətini müəyyən etdikdən sonra ov silahının müvafiq sənədləri olmadığı üçün onu rayon Polis Şöbəsinə gətirmişlər və burada barəsində inzibati protokol tərtib edilmişdir. Heç vaxt o, qanunsuz ovçuluq ilə məşğul olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən RPŞ-nin sahə rəisi X2 tərəfindən Balakən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Çingiz Aslanova ünvanlanmış raportda göstərilir ki, 13.01.2021 -ci il tarixdə saat təxminən 16 radələrində Balakən RPŞnin İTB-nin polis sahə nəfəri, polis serjantı Şahin Həsənli ilə birlikdə Balakən rayonu Qazma kəndi ərazisində xidmətdə olarkən çöllük sahədə bir nəfər şəxsin əlində ov silahı, 3 ədəd patron və patron qatarı ilə birlikdə olmasını aşkar etmişlər. Vətəndaş ov silahının sənədsiz olmasını bildirdikdən sonra müvafiq araşdırma aparılması üçün onu rayon Polis Şöbəsinə dəvət etmişlər. Yoxlama zamanı həmin şəxsin Balakən rayonu Gərəkli kənd sakini, xx.xx.2001-ci il təvəllüdlü, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış Şəxs olması məlum oldu. Eyni zamanda Şəxs üzərində olan, müvafiq sənədləri olmayan İJ markalı, 16 çaplı, A 52505 nömrəli, tək lüləli ov silahı, 3 ədəd atəşə yararlı 16 çaplı patron və patron qatarı aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin sanksiyasında silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, ondan götürülmüş və Balakən Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd İJ markalı, 16 çaplı, A 52505 nömrəli, tək lüləli ov silahı, 3 ədəd atəşə yararlı 16 çaplı patron və patron qatarı dövlət nəfinə müsadirə edilməklə 80 (səksən) manat miqdarında inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ondan götürülmüş, Balakən Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd İJ markalı, 16 çaplı, A 52505 nömrəli, tək lüləli ov silahı, 3 ədəd atəşə yararlı 16 çaplı patron və patron qatarı dövlət nəfinə müsadirə edilməklə 80 (səksən) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar