Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-245/2020 12.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Balakən rayonu Hənifə kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, Balakən rayonu Hənifə kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndətərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx xxxxxx 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-1008/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs olan 2500 manat aliment borcunu ödəməmiş, bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-1008/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx xxxx 2018-ci ildən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 110 manat aliment tutulub, iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Hal-hazırda həmin pul vəsaitinin ödənilməsi ilə bağlı tərəflər razılığa gəlmiş və barışmışlar.Tələbkarın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən heç bir şikayəti yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, xx xxxx 2018ci ildən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər bir uşaq üçün sabit pul məbləğində 110 manat aliment tutulub, iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Hal-hazırda o, tələb olunan məbləğdən müəyyən ödənişlər etmişdir. Qalan aliment məbləğinin ödənilməsi ilə bağlı tələbkarla razılığa gəlmiş və onunla barışmışdır. Onun əməlində həmin inzibati xətanın tərkibi yoxdur. Qeyd edilənləri nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki,Balakən Rayon Məhkəməsinin 2(019)-1008/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx xxxx 2018-ci ildən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 110 manat aliment tutulub, iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəxs ona 2018 və 2019-cu il üzrə alment borclarını tam ödəmişdir. 2020-ci il üçün aliment borcunu da ödəməklə bağlı onlar razılığa gəlmiş və barışmışlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən heç bir şikayəti yoxdur. İşin icraatına xitam verilməsinə etiraz etmir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-1008/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh Şəxs xx xxxx 2018-ci ildən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 110 manat alimentin tutulub, iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 1008/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi icraya yönəldilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3 (019)-23/2019 saylı qərarından görünür ki, 1320 manat aliment borcunu ödəmədiyinə və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 gün müddətə inzibati qaydada həbs edilmiş, həbs müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən, saat 15-40-dan hesablanmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Şəxs 2018-2019-cu illər üçün aliment borcunu tam olaraq ona ödəmişdir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3 (019)-23/2019 saylı qərarı ilə 1320 manat aliment borcunu ödəmədiyinə və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 gün müddətə inzibati qaydada həbs edilmiş, həmin qərar da qanuni qüvvəyə minmişdir. Məhkəmə qeyd edir ki, İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinə və Avropa Məhkəməsinin presedentlərinə görə Şəxs inkriminə olunan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əslində cinayət ittihamı sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı belə beynəlxalq müqavilələrdən biri də Avropa Konvensiyasıdır ki, Azərbaycan Respublikası da xx xxxxx 2002-ci il tarixdən onu ratifikasiya etmişdir və həmin tarixdən Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Avropa Konvensiyasının 46-cı maddəsinə əsasən Konvensiyanın tətbiqi ilə bağlı X16 Avropa Məhkəməsinin presedentləri Avropa Konvensiyasını ratifikasiya etmiş dövlətlər üçün məcburi xarakter daşıyır. Beynəlxalq müqavilələrin bağlanması, dəyişdirilməsi və denonsasiyası haqqında 1961-ci il Vyana Konvensiyasının 3-cü maddəsində də qeyd olunur ki, beynəlxalq müqavilələr onların tətbiqi təcrübəsi ilə birlikdə iştirakçı dövlətlər üçün məcburidir. Avropa Kovensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyası ilə milli qanunvericilikdə Avropa Konvensiyasının 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulan cinayət ittihamı anlayışı bir-birindən fərqlənir. Belə ki, Avropa Məhkəməsinin presedentlərinə görə işin bir sıra parametrlərinə əsasən inzibati xəta da cinayət ittihamı sayıla bilər. Bununla bağlı Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi 6-cı maddənin cinayəthüquqi aspektinin bu və ya digər işə tətbiqi üçün «Enqel meyarları» adlanan üç meyarı müəyyən etmişdir ki, həmin meyarlardan birinin olması işin cinayət ittihamı sayılması üçün əsasdır. Bu meyarlar aşağıdakılardır: 1) hüquq pozuntusu təşkil edən əməlin daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməsi; 2) hüquq pozuntusunun xarakteri və 3) mümkün cəzanın xarakteri və ağırlığı. Əməlin daxili qanunvericilikdə açıq-aydın cinayət əməli kimi təsnifləşdirilməsi o deməkdir ki, 6-cı maddənin cinayəthüquqi aspekti avtomatik olaraq həmin işə tətbiq edilir. X11rşı işdə (32-34-cü bəndlər) Avropa Məhkəməsi bildirmişdir ki, hüquq pozuntusunun daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməməsi nisbi xarakter daşıyır. Belə ki, bu halda ikinci və ya üçüncü meyarlar ön plana keçir. İkinci meyar, yəni hüquq pozuntusunun xarakteri tətbiq edilərkən daxili qanunvericilik normalarının və onların tətbiqi dairəsinin həmin hüquq sistemindəki digər cinayət əməlləri ilə müqayisəsi aparılır (Engelin işi, 80-85-ci bəndlər).Öztürk Almaniyaya qarşı işdə (53-cü bənd) Avropa Məhkəməsi vurğulamışdır ki, konkret cinayət əməlinin cəzalandırılmasına yönələn daxili qanunvericilik normaları prinsipcə «cinayət-hüquqi» xarakter daşıyır, lakin bəzi hallarda cəzalandırma məqsədi çəkindirmə məqsədi ilə yanaşı, yəni birgə mövcud olur. Bu o deməkdir ki, konkret sanksiyada bu məqsədlərin hər ikisi mövcud ola bilər və beləliklə, onlar qarşılıqlı surətdə bir-birini istisna etmir. Kempbell və X8rşı işdə (101-ci bənd) Avropa Məhkəməsi nəzərə çatdırdı ki, qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktı adətən həmin pozuntunun «cinayət» xarakteri daşımasının önəmli göstəricilərindən biridir, digər bir mühüm göstərici isə onun ağırlıq dərəcəsinin yüksək olmasıdır. Birinci və ikinci Engel meyarları əsasında aparılmış təhlil nəticə vermədikdə, məhkəmə üçüncü Engel meyarını nəzərdən keçirir (Eze və X4rşı iş, 108-130-cü bəndlər). Bu, alternativ və son meyardır. Bu meyar üzrə təhlil apararkən, Engelin işindəki kimi Avropa Məhkəməsi qərara ala bilər ki, hüquq pozuntusu xarakterinə görə «cinayət əməli» olmasa belə, təyin olunmuş sanksiya xarakterinə görə «cinayət-hüquqi» cəzadır. Avropa Məhkəməsi Avropa Konvensiyasının 7 saylı protokolunun 2-ci maddəsinə görə milli qanunvercilikdə cinayət kimi nəzərdə tutulmamasından asılı olmayaraq, inzibati xətaları da cinayət saya bilər. Məsələn, Avropa Məhkəməsi Meneşeva Rusiyaya qarşı işdə, ərizəçinin 5 sutka həbs edildiyi inzibati xətanı Konvensiyanın 6-cı maddəsi mənasında cinayət əməli saymışdır. Malofeyeva Rusiya qarşı işdə (7 sutka inzibati həbs) və Nemtsov Rusiyaya qarşı işdə (15 sutka həbs) inzibati xətalar cinayət sayılmış və onlara 6-cı maddənin müdafiəsi tətbiq edilmişdir. Kasparov və başqaları Rusiyaya qarşı işdə daha az inzibati həbs tətbiq edilən inzibati xəta da məhkəmə tərəfindən cinayət ittihamı saylımışdır. Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 7 saylı Protokolunun 2-ci maddəsinin mənası baxımından cəza təyin ediməyən, lakin təyin edilə biləcək hüququ pozuntusunu da cinayət saymışdır. Şəxs barəsində icraatı başlanmış Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzədə tutulmuş inzibati xəta milli qanunvericilikdə cinayət əməli kimi nəzərdə tutulmasa da, 2-ci və 3-cü Engel meyarlarına görə Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi və Konvensiyaya 7 saylı Protokolun 2-ci maddəsinin mənası baxımından cinayət ittihamı sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəldilmişdir və bu səbəbdən onun ağırlıq dərəcəsi yüksəkdir. Digər tərəfdən, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyası xarakterinə görə «cinayət-hüquqi» cəzadır. Belə ki, həmin maddənin sanksiyasında fiziki şəxslər üçün 5xx xxxxxxxx 1000manatadək cərimə və ya bir ayadək müddətə həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Avropa Konvensiyasına dair 7 saylı Protokolun 2-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkəmə tərəfindən məhkum edilmiş hər kəsin, barəsində çıxarılmış hökmə və ya cəzaya daha yuxarı məhkəmədə yenidən baxılması hüququ vardır. Avropa Konvensiyasına dair 7 saylı Protokolun 4-ci maddəsinə əsasən heç kəs hər hansı dövlətin qanunlarına və cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Məhkəmə qeyd edir ki, Avropa Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsində non bis in idem prinsipi formula edilmişdir. Onunla analoji olan formul BMTnin Mülki və X10 Beynəlxalq Paktının 14-cü maddəsinin 7-ci bəndində yer almışdır, lakin orada işə yenidən baxılması imkanı qeyd edilməmişdir. Bundan başqa, Avropa Konvensiyasına əsasən, bu müddəa, Paktın 14-cü maddəsinin 7-ci bəndindən fərqli olaraq, məhdudlaşdırıla bilməz. «Təhvil vermə haqqında» Avropa Konvensiyası, «Başqa ölkələrin qəbul etdikləri məhkəmə qərarlarının hüquqi qüvvəsi haqqında» Avropa Konvensiyası və «Məhkum olunmuş şəxslərin verilməsi haqqında» Avropa Konvensiyası non bis in idem prinsipini beynəlxalq səviyyədə müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qeyd edildiyi kimi,Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-1008/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi əsası ilə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İXMnin 528.1-ci maddəsilə 10 gün müddətə inzibati həbs tətbiq edilmiş, hazırki xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən yenidən Şəxs barəsində Balakən Rayon Məhkəməsinin 2 (019)-1008/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi əsası ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Göründüyü kimi, yuxarıda göstərilən inzibati xəta haqqında işlərdə inzibati məsuliyyətə cəlb edilmənin əsasını məhkəmənin eyni icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi faktı təşkil edir, hüquq pozuntusunu törədən şəxs və hüquqi maraq da eynidir. Şəxs inkriminə olunan inzibati xətalar eyni olmaqla, obyektinə və törədilmə yeri və şəratinə görə də eynilik təşkil edir. Yuxarıda istinad olunan qanunvericilik aktlarının tələbinə görə şəxs eyni əmələ görə iki dəfə məsuliyyətə cəlb edilə və cəzalandırıla bilməz. Şəxs törətdiyi əmələ görə yalnız bir dəfə cəzalandırıla bilər. Məhkəmənin icra sənədinin icra edilməməsinə görə Şəxs İXM-nin 528.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edildikdən sonra, onun yenidən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsində və Avropa Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsində nəzərdə tutulan non bis in idem prinsipinə, yəni eyni əmələ görə təkrar məsuliyyətə cəlb olunmamaq və məhkum olunmamaq prinsipinə ziddir. X5rşı iş üzrə Avropa Məhkəməsinin Böyük Palatasının qərarının 36-cı bəndində göstərilir ki, non bis in idem prinsipinin müəyyən olunması üçün bir-biri ilə bağlı üç şərt mövcud olmalıdır:1) faktlar eyni olmalı; 2) hüquq pozuntusunu törədən eyni şəxs olmalı və 3) müdafiə edilən hüquqi maraq bir olmalıdır. Avropa Məhkəməsinin həmin qərarda istinad etdiyi Şengen razılaşmasının tətbiqi haqqında Konvensiyanın 54-cü maddəsində qeyd olunur ki, şəxsə istinad olunan əməlin eyni əməl olub-olmamasına aydınlıq gətirmək üçün təkrar cinayət işinə baxan məhkəmə, şəxsə istinad olunan əməlin əvəlləki əməllə eynilik təşkil etməsi, yəni bir-biri ilə vaxta, törədildiyi yerə və obyektə görə bağlı olmasını aydınlaşdırmalıdır. Hazırki işdən də görünür ki, Şəxs Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsilə 10 gün müddətə inzibati həbs tətbiq etdiyi əməl və hazırki xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs inkriminə olunan əməl (İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xəta) vaxta, törədildiyi yerə və obyektə görə bir-biri ilə bağlıdır və eynilik təşkil edir. Yəni Balakən Rayon Məhkəməsinin 2(019)-1008/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin həmin vaxtdan hazırki iş üzrə inzibati xəta haqqında protokolun tərtib olunduğu xx xxxxxx 2020-ci il tarixədək icra edilməməsini özündə əks etdirir. İşdə xx xxxxxx 2019-cu il tarixli protokolda göstərilən icra sənədinin icra edilməməsində ifadə olunan əməlin həmin tarixli inzibati xəta haqqında qərara qədərki dövrü əhatə etməsi, hazırki xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda isə icra sənədinin icra edilməməsi ilə bağlı əməlin həmin xx xxxxxx 2019-cu il tarixli qərardan sonrakı dövrü əhatə etməsi qeyd olunmamışdır və bu hal iş materialları ilə də müəyyən olunmur. Göstərilənlərdən belə qənaətə gəlmək olar ki, Şəxs barəsində xx xxxxxx 2019-cu il tarixli protokol və xx xxxxxx 2019-cu il tarixli qərarda göstərilən əsaslar, yəni onun həmin vaxt dövründə məhkəmənin 2 (019)-1008/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədini icra etməməsi əsası, o cümlədən hazırki xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolun da tərtib edilməsinin əsasında durur. Yəni Balakən Rayon Məhkəməsinin 2 (019)-1008/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icra edilməməsinin xx xxxxxx 2019-cu il tarixli protokol və xx xxxxxxx 2019-cu il tarixli qərardan əvvəlki və sonrakı vaxt dövrləri hazırki xx xxxxxx 2020-ci il tarixli protokolda bir-birindən ayrılmamışdır, vahid vaxt dövrünü, vahid faktı (icra sənədinin icra edilməsi) və müdafiə edilən eyni hüquqi marağı əhatə edir. Avropa Konvensiyasının 6-cı maddəsi və Avropa Məhkəməsinin presedentlərinə görə İXM-nin 528.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın cinayət ittihamına bərabər sayılması xüsusunda məhkəmə onu da vurğulayır ki, cinayət hüququnda uzanan və davam edən cinayətlər anlayışı vardır. Uzanan cinayətlər elə cinayətlərdir ki, bu zaman şəxs öz hərəkətləri və ya hərəkətsizliyi ilə qanunla cinayət təqibi üzrə qorxu altında onun üzərinə qoyulan vəzifələri uzun müddət ərzində yerinə yetirmir. Yəni burada fasiləsiz olaraq qanunu pozur və bununla da cinayəti müəyyən zaman kəsiyində edir. Ancaq uzanan cinayətlərdəki daxili bağlılıq onu vahid cinayət edir və cinayətlərin məcmusunu yaratmır. Davam edən cinayətlər isə ümumi məqsədin həyata keçirilməsinə yönələn və öz məcmusuna görə vahid cinayət olan bir neçə eyni cinayət əməlinin cəmidir. Göründüyü kimi, Azərbaycan Respublikasının cinayət qanunvericiliyində davam edən cinayət vahid məqsədin həyata keçirilməsinə yönəlməklə, bir neçə cinayət əməlinin cəmində ehtiva olunan bir cinayət kimi xarakterizə olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində davam edən və uzanan cinayətlərə görə bir dəfə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsində davam edən və uzanan cinayətə görə şəxsin bir dəfə cinayət məsuliyyətinə cəlb edildikdən sonra, cinayətin davam etdiyi və uzandığı təqdirdə onun yenidən cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutumamışdır. Bu da tam qanuni və məntiqlidir. Belə ki, əks hal Azərbaycan Respublikası Konstitusiyasının 64cü maddəsində və Avropa Konvensiyasını 7 saylı Protokolunun 4-cü maddəsində müəyyən olunmuş şəxsin bir cinayətə görə təkrar məhkum edilməməsi müddəası, yəni non bis in idem prinsipi ilə ziddiyyət təşkil edərdi ki, bu da şəxsin hüquqlarının əsassız məhdudlaşdırılmasına və pozulmasına gətirib çıxarardı. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-də davam edən və uzanan inzibati xətaların anlayışı verilməsə də, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın cinayət ittihamına bərabər sayılması halında cinayət qanunvericiliyində nəzərdə tutulan davam edən və uzanan cinayətlər standartı davam edən və uzanan inzibati xətalar anlamı üçün də tətbiq edilə bilər. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, əslində icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta uzanan hüquqpozmadır. Belə ki, bu xətanın törədilməsi zamanı şəxs öz hərəkətləri və ya hərəkətsizliyi ilə qanunla qorxu altında onun üzərinə qoyulan vəzifələri uzun müddət ərzində yerinə yetirmir, fasiləsiz olaraq qanunu pozur və bununla da inzibati xətanı müəyyən zaman kəsiyində törədir. Həm də bu uzanan xətadakı daxili bağlılıq onu vahid xəta edir. Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsinə əsasən isə bir inzibati xətaya görə heç kəs iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edərsə, inzibati məsuliyyətə cəlb olunur. Qeyd edildiyi kimi, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta uzanan xətadır ki, uzanan xətaya görə də Azərbaycan Respublikası İXM-də bir dəfə inzibati məsuliyyətə cəlb edidikdən sonra, yenidən inzibati məsuliyyəti cəlb edilməsi nəzərdə tutulmamışdır. İXM-nin 9.2-ci maddəsində davam edən xətalara görə təkrar inzibati məsuliyyətdən söhbət gedir ki, qeyd edildiyi kimi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi davam edən yox, uzanan inzibati xətadır. Bir dəfə inzibati məsuliyyətə cəlb edildikdən sonra, şəxsin qanunda nəzərdə tutulmayan halda, yenidən inzibati məsuliyyətə cəlb edilməsi isə Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə, Avropa Kovensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinə, Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsinə və həmçinin Azərbaycan Respublikasının bu xüsusda olan qanunlarına ziddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Balakən Rayon Məhkəməsinin 2 (019)-1008/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi əsası ilə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsilə 10 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edildikdən sonra, onun yenidən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə, Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinə və Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsinə ziddir və həmin qanun normalarının kobud pozuntusudur. İnzibati xəta haqqında iş üzrə icraat başlamış şəxsin, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, yuxarıda qeyd olunan hallara və qanun normalarına əsaslanaraq, belə nəticəyə gəlirəm ki, Azərbaycan Respublikası Konstitusiyasının 64-cü, Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü, Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddələri və Azərbaycan Respublikası İXM-nin 53.0.7-ci maddəsi tətbiq edilməklə, non bis in idem prinsipi-eyni əmələ görə təkrar məsuliyyətə cəlb edilə bilməməsi və cəzalandırıla bilməməsi əsası ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İşdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmaması əsası ilə də hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-1008/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən və bu icra sənədini icra etməkdən yayınmamış, aliment borcundan ödənişlər etmiş, tələbkar və borclu həmin icra sənədinin icrası ilə bağlı məhkəmədən kənar qaydada razılığa gəlmiş və barışmışlar. İnzibati xəta haqqında iş üzrə icraat başlayan vəzifəli şəxs də öz izahatında bu faktı təsdiqləmişdir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən Şəxs hər hansı aylıq qazanca malik olması, banklarda əmanətlərinin olması, pensiya və ya digər sosial müavinət alması, mülkiyyətində tələb yönəldilə biləcək daşınmaz və daşınar əmlaklarının olması, ödəniş qabiliyyətinə malik olması və onun Balakən Rayon Məhkəməsinin 2(019)-1008/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və bu icra sənədini üzrlü səbəb olmadan icra etməməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən bu vəzifə həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İş materialları ilə Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-1008/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və bu icra sənədini üzrlü səbəb olmadan icra etməməsində, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübut olunmur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin müəyyən olunmuş hallarını yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək, hesab edirəm ki, həmçinin əməlində inzibati xətanın tərkibi olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 64-cü, Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü və Azərbaycan Respublikası İXM-nin 9.2, 53, 112, 113,114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi, Avropa Kovensiyasının 7 saylı Protokolunun 4-cü maddəsi və Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsində təsbit edilmiş non bis in idem prinsipi-eyni əmələ görə təkrar məsuliyyətə cəlb edilə bilməməsi və cəzalandırıla bilməməsi və əməlində həmin inzibati xətanın tərkibinin olmaması əsasları ilə xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-245/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-245/2020
12.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver