Məhkəmə qərarları › İş №3(019)-25/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-25/2022

15.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-25/2022 15.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Abdullayev Elməddin Məhəmməd oğlunun iştirakları ilə xx.xx.1995-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan , əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən şəhəri R.Səmədov küçəsi ev 88-də yaşayan Abdullayev Elməddin Məhəmməd oğlu barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333.1-ci maddələri ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Abdullayev Elməddin Məhəmməd oğlu 13.01.2022-ci il tarixdə saat 10 radələrində Balakən şəhəri ərazisində narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, eyni zamanda həmin gün saat 12 radələrində narkotik vasitə marixuanadan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə “Ford Tranzit” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Balakən rayonu ərazisində idarə etmişdir. Abdullayev Elməddin Məhəmməd oğlunun sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi və işdə olan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə oğlu göstərdi ki, Balakən rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Mehman Əliyevin raportu əsasında inzibati xəta haqqında araşdırma aparılması ona həvalə edilmiş, onun tərəfindən araşdırma aparılmış və Balakən şəhəri R.Səmədov küçəsi ev 88-də yaşayan xx.xx.1995-ci il təvəllüdlü Abdullayev Elməddin Məhəmməd oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati protokol tərtib etmişdir. Abdullayev Elməddin Məhəmməd oğlunun barəsində həmçinin 333.1-ci maddə ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Abdullayev Elməddin Məhəmməd oğlu özünü təqsirli bilərək göstərdi ki, o, Balakən şəhəri R.Səmədov küçəsi ev 88-də ailəsi ilə ilə birlikdə yaşayır. O, özünə məxsus “Ford Tranzit” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla sifariş əsasında yük daşıyır. 13 yanvar 2022-ci il tarixdə yolda piyada gəzən zaman yerdən bir büküm narkotik vasitə marixuana tapmış, istifadə etmək üçün özü ilə götürmüşdür. Sonra o, saat 10 radələrində həmin marixuanadan istifadə etmiş, saat 11-12 radələrində özünə məxsus “Ford Tranzit” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən rayonu ərazisində hərəkətdə olarkən Balakən RPŞ-nin YPX-nin əməkdaşları onu saxlamış və onun barəsində narkotik sərxoş olması barədə protokol tərtib edilmişdir. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. İslah olunması, bir daha belə əməllərə yol verməməsi üçün barəsində həbs inzibati tənbehinin tətbiq edilməsini xahiş etdi. İşdə olan 14 yanvar 2022-ci il tarixli 18A nömrəli sərxoşluq hallarının bütün növlərinin təyinatı məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Abdullayev Elməddin Məhəmməd oğlunun sidiyində narkotik vasitə “marixuana” aşkar edilmişdir. İşdə olan inzibati tutma haqqında protokoldan görünür ki, Abdullayev Elməddin Məhəmməd oğlu 14 yanvar 2022-ci il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuş, 15 yanvar 2022-ci il tarixdə saat 11:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Abdullayev Elməddin Məhəmməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 206-cı maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abdullayev Elməddin Məhəmməd oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında dörd yüz manat miqdarında cərimə və nəqliyyat vasitələrini idarə etmə hüququnun altı aydan bir ilə kimi məhdudlaşdırılması inzibati tənbehi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında isə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə və iki ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında iki ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Abdullayev Elməddin Məhəmməd oğluna həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Abdullayev Elməddin Məhəmməd oğlunun şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 206-cı maddələri ilə təqsirli bilinməli, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həddə daha ciddi inzibati həbs tənbehi tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Abdullayev Elməddin Məhəmməd oğlu 14.01.2022-ci il saat 16:00-dan 15 yanvar 2022-ci il saat 11:00-a kimi inzibati qaydada tutulub saxlandığından həmin bir gün müddət inzibati həbs müddətinə hesablanmaqla tətbiq ediləcək inzibati həbs müddətindən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Abdullayev Elməddin Məhəmməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 206-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 15 (on beş ) gün müddətə inzibati həbs edilsin. Onun bir gün tutulub saxlandığı müddət həmin inzibati tənbeh müddətinə hesablanmaqla həmin müddətdən çıxılsın və üzərində 14 (on dörd ) gün müddətə inzibati həbs saxlansın. İnzibati həbs müddətinin əvvəli 15 yanvar 2022-ci il saat 12:05-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar