Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-250/2020 12.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə xx.xx.1991-ci ildə Gürcüstan Respublikası Tbilisi şəhərində anadan olmuş, orta təhsilli, subay, bildirdiyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Qullar kəndində müvəqqəti qeydiyyatda olmaqla həmin ünvanda yaşayan- X7 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 206-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: X7 xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 17/493 №li ekspert rəyinə əsasən 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,18 q narkotik vasitə olan marixuananı qanunsuz olaraq satış məqsədi olmadan üzərində saxlamış və daşımışdır. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1 tərəfindən X7 barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, 0673009№-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasındabarəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək,izahatında göstərmişdir ki, o, Balakən rayonu Qullar kəndində anası ilə birgə yaşayır. xx.xx.2020-ci il tarixdə dostları İsrafil Sayılov, İsrafil Əliyev və Vasif Musayevlə gəzən zaman polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etmiş və ona üzərində qanunsuz narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu bildirmişlər. Onu və dostlarını polis şöbəsinə dəvət etmişlər. Balakən RPŞ-də o, üzərində qanunsuz narkotik vasitə saxlamaqda şübhəli kimi tutulmuş, vəkilinin iştirakı ilə üzərində axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah olunmuş, üzərində hər hansı qeyri-qanuni əşya, predmet, narkotik vasitə olubolmaması ilə bağlı sual olunmuş, o da cins şalvarının sağ cibində saxladığı 1 ədəd bükümdə olan narkotik vasitə olan marixuananı çıxarıb, təqdim etmişdir. Narkotik vasitə 1 ədəd zərfə qoyularaq, möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. İlk dəfədir ki, inzibati xəta törədir. İnzibati xəta törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bir daha belə əməllərə yol verməyəcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X12 Bölməsi tərəfindən keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 17/493 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “X2 üzərindən aşkar edilmiş 1 ədəd ....“ sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi-0,18 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi-0,18 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-0,16 qram. İş materiallarında olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı X5 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, HK- 1-520 saylı material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olan X2 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, maraqlı tərəflərə, X7 və X8 barəsində inzibati tədbir görülməsi üçün Balakən RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmış, həmçinin 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış maddi sübutun Balakən RPŞ-nin maddi sübut otağında saxlanılması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X7 xx.xx.2020-ci il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İXMnin 206-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın təmiz çəkisi 5 qram və artıq olduqda cinayət məsuliyyəti yaradır. İş materiallarından görünür ki, X7 5 qramdan az miqdarda, yəni 0,18 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı üstündə gəzdirmiş və daşımışdır. Ona görə də onun əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibini yaradır. Barəisndə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izhatanı dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutlarla müəyyən edilmiş işin hallarına hüquqi qiymət verərək, hesab edirəm ki, X7 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə düzgün tövsif edilmişdir, X7 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına və xəta törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xəta törətməsindən səmimi peşmançılığını və ilk dəfə inzibati xəta törətməsini X2 məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş materiallarına əsasən X2 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xəta törətməsindən səmimi peşmançılığı və ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, X7 barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması, qanunçuluq və ədalətlilik prinsiplərinin təmin edilməsi nöqteyi-nəzərindən ədalətli, qanuni və əsaslı hesab edirəm. Həmçinin qanunun tələblərinə istinad edərək, hesab edirəm ki, iş üzrə maddi sübut kimi Balakən Rayon Polis Şöbəsinin maddi sübut otağında saxlanılan 0,18 qram narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,16 qramı hazırki qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinin hesabına aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 115.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər həll edilərkən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. İş materiallarından həmçinin görünür ki, fərdi qaydada fəaliyyət göstərən vəkil X9, hazırki inzibati xəta haqqında iş üzrə X2 hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, X4 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil X3 nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********,kod 200695,Müxbir hesab AZ37NAB********************, BİK AİİBAZ2x.. hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsinvə 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. İş üzrə maddi sübut kimi Balakən Rayon Polis Şöbəsinin maddi sübut otağında saxlanılan 0,18 qram narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,16 qramı hazırki qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; iş üzrə ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinin hesabına aid edilsin. X4 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil X3 nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********,kod 200695,Müxbir hesab AZ37NAB********************, BİK AİİBAZ2x. hesabına 6 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-250/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-250/2020
12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver