Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-253/2022 08.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1989-cü ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, Balakən şəhəri H.Əliyev prospektində 35/10 ünvanında yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 07 iyul 2022-ci il tarixdə saat 23:30 radələrində Balakən şəhəri H.Əliyev prospektində X1 təhqir etmiş, küçədə ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşları Şahid2 və Mustafa Sultanovun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 raportu əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin ifadələri alınmış və ünvan 3 ünvanında yaşayan xx.xx.1989-cu il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs əvvəllər də dəfələrlə inzibati məsuliyyətə cəlb olunmuşdur,lakin yenidən inzibati xəta törətmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, o, Balakən şəhəri H.Əliyev prospekti 35/10 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində dostları Əfqan və Yaqubla birlikdə içkili vəziyyətdə “Elit” kafesində səs-küy salmışlar və həmin vaxt pivə bakalları qırılmışdır. Həmin vaxt polis əməkdaşları ora gəlmiş və onları rayon polis şöbəsinə gətirmişlər. Əməlindən peşmandır. Gələcəkdə belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki,Balakən Rayon Polis Şöbəsinin PPXB-də sahə polis nəfəri vəzifəsində xidmət edir.xx.xx.2022-ci il tarixdə polis kiçik serjantı X4 rayonu ərazisində yerləşən “Elit” kafesinin ətrafında xidmətdə olan zaman orada söyüşlər söyüldüyünü, səs-küy olduğunu eşidib oraya yaxınlaşmışlar. Orada üç nəfər şəxsin- Şəxs və digərlərinin ucadan söyüşlər söydüklərini, ictimai qaydanı pozduqlarını görmüşlər.Həmin vaxt onlara yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsləri nizam-intizama dəvət etmişlər, lakin həmin şəxslər onların qanuni tələblərinə qəsdən tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir. Buna görə də həmin şəxsləri özləri ilə birlikdə rayon polis şöbəsinə gətirmiş və tədbir görülməsinə göstəriş verməsi üçün Balakən Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 08 iyul 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022 -ci il tarixdə saat 00:30-da inzibati qaydada tutulmuş, 08 iyul 2022-ci il tarixdə saat 16:00-da azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 08 iyul 2022-ci il tarixli 122 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 01.17- radələrində yüngül dərəcəli alkoqol sərxoşu olmuşlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş arayışdan görünür ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 50 manat məbləğində inzibati cərimə tənbehi, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 50 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur, onun bir il ərzində eyni inzibati xətanı təkrar törətməsi və inzibati xətanı sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran hallardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, 535.1-ci maddəsinin sanksiyasında isə bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, törədilmiş xətanın xarakterini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs xx.xx.2022-ci il saat 00:30-dan xx.xx.2022-ci il saat 16:00-dan kimi inzibati qaydada tutulub saxlandığından həmin bir gün müddət inzibati həbs müddətinə hesablanmaqla tətbiq ediləcək inzibati həbs müddətindən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 09 (doqquz) gün müddətə inzibati həbs edilsin. Onun bir gün tutulub saxlandığı müddət həmin inzibati tənbeh müddətinə hesablanmaqla həmin müddətdən çıxılsın və üzərində 08 (səkkiz ) gün müddətə inzibati həbs saxlansın. İnzibati həbs müddətinin əvvəli 08 iyul 2022-ci il tarixdən saat 16:55-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-253/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-253/2022
08.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver