Məhkəmə qərarları › İş №3(019)-257/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-257/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-257/2025 30.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1ində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Balakən rayonu YNH baş inspektoru, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00da Vaz 2109 markalı 08BG264 dövlət qeydiyyat nişanlı avtomaşını ünvan 1i ərazisində sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmiş, manevr qaydalarını pozmuş və yol nəqliyyat hadisəsi törədərək ünvan 1i ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşayış evinin qarşısında olan dəmir darvazanı əzərək maddi zərər yetirmişdir. Protokol tərtib edən şəxsə və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, sürücülük hüququ olmadan sərxoş vəziyyətdə avtomobillə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törədərək zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Maddi vəziyyəti pis olduğu üçün sürücülük vəsiqəsi olmadan avtomobil idarə edir. 2 stəkan araq içmişdir. Dəymiş ziyanı ödəmişdir. Etdiyi əməldən peşmandır. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan xx.xx.2025-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:30-da müayinə zamanı Şəxs qanda alkoqolun konsentrasiyasının 0,352 promilli olmasına əsasən alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsinə malik deyildir. xx.xx.2025-ci il tarixli zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs izahatından görünür ki, xx.xx.2025-ci il tarixində Vaz 2109 markalı 08BG264 dövlət qeydiyyat nişanlı maşının sürücüsü Hüseynov X1 yol nəqliyyat hadisəsi törətmiş və yaşayış evinin qarşısında dəmir darvazaya dəyərək əzmiş, zərər yetirmişdir. Həmin şəxs ona dəymiş maddi zərəri tam ödəmişdir. Onun həmin şəxsdən heç bir şikayəti və ya tələbi yoxdur. Azərbaycan Respublikası İXM-nin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. İnzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib olunsa da, məhkəməyə baxılması üçün xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin hallarını araşdıraraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1 və 32.1.7-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs səmimi peşmançılığını və vurulmuş maddi ziyanın əvəzinin tam ödənilməsini inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətaların xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli, barəsində inzibati həbs tətbiq edilməli, onun inzibati həbs müddətinin əvvəli 30 iyun 2025-ci il tarixdən saat 18:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs müddətinin əvvəli 30 iyun 2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar