Məhkəmə qərarları › İş №3(019)-258/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-258/2021

11.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-258/2021 11.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X12 qızının katibliyi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs X2 iştirakı ilə Balakən rayon Polis Şöbəsinin DYPB-nin rəisi, polis mayoru Dadaşov Babək Bayram oğlunun 05 fevral 2020-ci il tarixli, MN-0223093 nömrəli inzibati tənbeh vermə haqqında qərarından inzibati məsuliyyətə cəlb olunmuş X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: X8 oğlu Balakən rayon Polis Şöbəsinin DYPB-nin rəisi, polis mayoru Dadaşov Babək Bayram oğlunun 05.02.2020-ci il tarixli MN-0223093 nömrəli qərarından şikayət verərək həmin qərarı ləğv edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X4 məhkəmə iclasında şikayətini müdafiə edərək göstərdi ki, 2019-cu ilin dekabr ayının əvvəllərində səhər saatlarında özünə məxsus iribuynuzlu heyvanları bağ sahəsinə yolun kənarı ilə apararkən Talalar kənd məscidinin qarşısında, kamaz markalı maşın asfalt yoldan çıxaraq yolun kənarında onun heyvanlarından birini vuraraq öldürmüşdür. Balakən rayon Polis şöbəsində araşdırma aparılmış və heyvanı vuran “kamaz” markalı maşının sürücüsü dəymiş ziyana görə ona 1700 manat ödəmişdir. Bununla da mübahisə həll olunmuşdur. 2021-ci ilin iyul ayının əvvəlində Balakən rayon ASAN Xidmətə sənədlərinin yenilənməsi ilə bağlı müraciət edərkən ona bildirilmişdir ki, barəsində cərimə var, cəriməni ödəməzsə sənədlərini yeniləyə bilməyəcəkdir. Məlum olmuşdur ki, barəsində 04.12.2019cu il tarixdə Balakən rayon polis şöbəsində İnzibati Xətalar Məcəlləsinə əsasən onun məlumatı və iştirakı olmadan protokol tərtib olunmuşdur. Bundan sonra Balakən rayon Polis şöbəsinə bu hadisəni dəqiqləşdirmək üçün 06.07.2021-ci il tarixdə Balakən Rayon Mərkəzi Poçtu vasitəsilə müraciət edərək barəsində tərtib olunmuş protokolun surətini tələb etsədə müraciətinə cavab verilməmişdir. 30.07.2021-ci il tarixdə dördüncü dəfə şəxsən müraciət etmiş, hər müraciətində ona məktubla protokolu ünvanına göndərdiklərini desələr də ona protokol çatmadığından böyük narazılığını bildirdikdən sonra haqqında tərtib olunmuş protokolun surətini ona vermişlər. Protokoldan aydın olur ki, haqqında tərtib olunmuş protokolda imzası yoxdur. Məlumat üçün bildirir ki, hadisə asfalt yoldan kənarda baş vermiş və hadisə olan yer kənd arası yol olduğu üçün səhər saatlarında kəndin malları otlaq sahəsinə həmin yolla aparılır. Hadisə vaxtı isə özü şəxsən heyvanın yanında olmuşdur. Haqqında özünün məlumatı və iştirakı olmadan tərtib olunmuş MN № ******* inzibati xəta haqqında qərardan iki ilə yaxın müddət keçməsini nəzərə alaraq həmin qərarın ləğv edilməsini və işə xitam verilməsini xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 06.12.2019-cu il tarixli AP-0058185 nömrəli protokoldan görünür ki, həmin protokol Balakən rayon Polis Şöbəsinin DYPB-nin inspektoru, polis leytenantı X9 tərəfindən Şahverdiyev Fərhad Bahaddin oğlunun 04 aprel 2019-cu il tarixdə Balakən rayonu Talalar kəndində mal-qaranın asfalt və sementbeton örtüklü yollarla ötürdüyünə görə Azərbaycan Respublikası İXM-nin 338.5.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 14 mart 2021-ci il tarixli İnzibati tənbeh verilməsi haqqında MN seriyalı ******* nömrəli qərarın surətindən görünür ki, Şahverdiyev Fərhad Bahaddin oğlu 04 dekabr 2019-cu il tarixdə Balakən rayonu Talalar kəndində mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürdüyü üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat cərimə edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsi dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Şahverdiyev Fərhad Bahaddin oğlu 04 dekabr 2019-cu il tarixdə Balakən rayonu Talalar kəndində özünə məxsus heyvanları yolun kənarı ilə apararkən X10 idarə etdiyi “Kamaz” markalı avtomaşınla Şahverdiyev Fərhad Bahaddin oğluna məxsus heyvanlardan birini vurub öldürmüşdür. Balakən rayon Polis Şöbəsinin DYPB-də araşdırma aparılmış, sürücü X7 və Şahverdiyev Fərhad Bahaddin oğlunun izahatları alınmış, sürücü tərəfindən vurulmuş malın dəyəri ödənmişdir. Bundan sonra Balakən rayon Polis Şöbəsinin DYPB-nin inspektoru, polis leytenantı X9 tərəfindən Şahverdiyev Fərhad Bahaddin oğlunun məlumatı olmadan onun barəsində Azərbaycan Respublikası İXM-nin 338.5.2-ci maddəsi ilə 06.12.2019-cu il tarixli AP- 0058185 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolun surəti sonuncuya verilməmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Balakən rayon Polis Şöbəsinin DYPB-nin rəisi, polis mayoru Dadaşov Babək Bayram oğlu tərəfindən 05.02.2020-ci il tarixli inzibati tənbeh verilməsi haqqında MN seriyalı ******* nömrəli qərar qəbul edilmiş, qərara əsasən Şahverdiyev Fərhad Bahaddin oğlu İXM-nin 338.5.2-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Qərarın surəti onun dəfələrlə müraciətindən sonra 29 iyul 2021-ci il tarixdə Fərhad Şahverdiyevə göndərilmişdir. Şahverdiyev Fərhad Bahaddin oğlu həmin qərardan şikayət verərək qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: - protokolun tərtib edildiyi tarix və yer; - protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; - inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; - olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; - inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; - inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər - inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-100.4-cü maddələrinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında protokoldan görünür ki, protokolda inzibati xətanın törədildiyi yer və vaxt göstərilməmiş, xətanın mahiyyəti isə natamam göstərilmişdir. Həmçinin protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verilməmiş və ya ünvanına göndərilməmişdir. Bundan başqa İnzibati Xətalar Məcəlləsinin 61.1-61.2-ci maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüquqları vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. İnzibati xəta haqqında materiallardan görünür ki, qanunvericiliyin bu tələblərinə də əməl edilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları təmin edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 338.5.2-ci maddəsində mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Şahverdiyev Fərhad Bahaddin oğlu 04 dekabr 2019-cu il tarixdə Balakən rayonu Talalar kəndində özünə məxsus heyvanları asfalt yolla ötürməmiş, heyvanları yolun kənarı ilə apararkən X10 idarə etdiyi “Kamaz” markalı avtomaşınla Şahverdiyev Fərhad Bahaddin oğluna məxsus heyvanlardan birini yolun kənarında vurmuşdur.Vurulmuş malın dəyərinin sürücü tərəfindən ödənməsi ilə də təsdiq olunur ki, hadisənin baş verməsində Şahverdiyev Fərhad Bahaddin oğlunun təqsiri olmamışdır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Şahverdiyev Fərhad Bahaddin oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 338.5.2-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən bu nəticəyə gəlirəm ki, Şahverdiyev Fərhad Bahaddin oğlunun şikayəti əsaslı olduğundan təmin edilməli, X8 oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 338.5.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə 40 manat məbləğində cərimə edilməsi barədə Balakən rayon Polis şöbəsinin DYPB-nin rəisi Dadaşov Babək Bayram oğlunun 05 fevral 2020-ci il tarixli MN-0223093 nömrəli qərarı ləğv edilməli, Şahverdiyev Fərhad Bahaddin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şikayət təmin edilsin. Balakən rayon Polis Şöbəsinin DYPB-nin rəisi, polis mayoru Dadaşov Babək Bayram oğlunun 05 fevral 2020-ci il tarixli, MN-0223093 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin və X4 inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar