Məhkəmə qərarları › İş №3(019)-26/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-26/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-26/2025 16.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Balakən rayonu Talalar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 16 yanvar 2025-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Hacıyev X7 Rayon Məhkəməsinin 2(019)-496/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə yaranmış 5870 manat aliment borcunu tələbkara ödəməkdən imtina etmiş, bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X8 izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Balakən Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli, 2(019)-1711/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş (artırılmış), xx.xx.2008-ci il tarixdə doğulmuş X6 və xx.xx.2015-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən cavabdeh Şəxs hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X2 verilməlidir. Bugünədək ödənilməmiş aliment borcu 5870 manat təşkil edir və o, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin aliment borcunu ödəmir və ödəmək istəmir. İcra şöbəsinə gəlmədiyi üçün barəsində axtarış elan edilmişdir. Tələbkar alimentin ödənilməsini tələb edir. Şəxs barəsində qanuni tədbirin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, alimenti ödəməkdən yayınmır, alimentdən ödəniş etmiş, lakin nəzərə alınmamışdır. Tutulduğu üçün həmin qəbzləri təqdim edə bilmir, qəbzləri gətirmək üçün evdə heç kim yoxdur, qardaşının da telefonu yoxdur. Özü işləmir, yaşlı bir qadın ona maddi kömək göstərir. Hazırda onun borcu tam ödəmək üçün imkanı yoxdur. Hər ay 200 manat ödəniş edə bilər. Ona münasibətdə qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, 2023 və 2024cü ildə Şəxs aliment borcundan ona iki dəfə cəmi 300 manat ödəniş etmişdir. Özü xərçəng xəstəsidir, əməliyyat olunmuşdur. Uşaqlara tək baxa bilmir. Şəxs isə ona heç bir köməklik göstərmir. Borcun əvəzinə fındıq sahəsindən fındıq yığacağı barədə razılaşsalar da, sonradan Faiq ona imkan verməmişdir. Hər dəfə bəhanələr gətirərək alimenti ödəməkdən yayınır. Ona görə barəsində həbs tənbeh tədbirinin verilməsini xahiş etmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-496/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, 18 dekabr 2018-ci il tarixli, 2(019)- 1711/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş (artırılmış), xx.xx.2008-ci il tarixdə doğulmuş X6 və xx.xx.2015-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən cavabdeh Şəxs hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X2 verilməlidir. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-496/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsi icraya yönəldilmiş, bu barədə xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. İş materiallarında olan Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 yanvar 2025-ci il tarixdən saat 04.00-dan inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. "Burdov Rusiya Federasiyasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, 1 saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. Bu hal «Tarverdiyev Azərbaycana qarşı» məhkəmə işində də öz əksini tapmışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icra edilməməsinin ondan asılı olmayan səbəblərdən baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ödəniş etdiyidini bildirsə də, qəbzləri gətirmək üçün evdə heç kimin olmamasını, qardaşının telefonunun olmamasını deyərək müxtəlif bəhanələr gətirmişdir. İş materiallarına əlavə edilmiş sənədlər onun sözügedən icra sənədi üzrə aliment borcunu üzrlü səbəb olmadan ödəmədiyini göstərir. Ona görə də məhkəmə Şəxs maddi vəziyyətinə görə alimenti ödəməməsini əsassız sayır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin icra məmurunun izahatına və iş materiallarında olan sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs tətbiq edilməli, həbs müddətinin əvvəli 16 yanvar 2025-ci il tarixdən saat 04.00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs müddətinin əvvəli 16 yanvar 2025-ci il tarixdən saat 04:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar