Məhkəmə qərarları › İş №3(019)-261/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-261/2022

24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-261/2022 24.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 katibliyi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1951-ci ildə Balakən rayonunun Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, pensiyaçı, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonunun Tülü kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs xx.xx.2022-ci il tarixdə Balakən rayonu Tülü kənd sakini Zərərçəkmiş şəxs məxsus olan,Tülü kəndində yerləşən torpaq sahəsinin kənarlarında olan tikanlı məftili qəsdən sökərək Zərərçəkmiş şəxs 450 manat ziyan vurmuşdur. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki,o,Balakən rayon Tülü kəndində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı Tülü kəndində ona və ailə üzvlərinə məxsus 0,93 hektar pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin bir hissəsi fındıq bağı, bir hissəsi isə otlaq sahəsidir. Həmin torpaq sahəsinin bir tərəfində hal-hazırda Zərərçəkmiş şəxs istifadə etdiyi torpaq sahəsi yerləşir. Zərərçəkmiş şəxs istifadə etdiyi torpaq sahəsinin bir tərəfində fındıq bağı, digər tərəfində isə yonca bitkisi əkilmişdir. Tehranın istifadə etdiyi torpaq sahəsi 25 il onların istifadələrində olmuşdur. Lakin, təxminən bir il əvvəl Tehran hal-hazırda istifadə etdiyi torpaq sahəsini özünün olduğunu və həmin torpağa aid sənədlərinin olduğunu bildirərək istifadə etməyə başlamışdır. Tehran 2020-ci il tarixdən hal-hazırda istifadə etdiyi torpaq sahəsinin kənarlarını dirəklərlə tikanlı məftil çəkmişdir. Tehranın həmin yerə tikanlı məftil çəkdiyi gündən Tehrana həmin tikanlı məftili oradan sökməsini bildirmiş, lakin Tehran hər dəfəsində bir bəhanə gətirərək tikanlı məftilləri sökməmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Tehran ona qulaq asmadığını görüb o, tikanlı məftilləri sökmüşdür. 2020-ci ildən bu günə kimi qeyd etdiyi torpaq sahəsinə görə Tehran ilə onun arasında mübahisə olaraq qalır. 0,93 hektar torpaq sahəsi ilə bağlı sənədi vardır və həmin sənədi təqdim edə bilər. Tehranın hal-hazırda istifadəsində olan torpaq sahəsinin yonca bitkisi əkilən sahənin ona məxsus 0.93 hektar torpağın daxilində olmuşdur. Tehran hər dəfə həmin torpaq sahəsinin özünün olmasını iddia edir. Zərərçəkmiş şəxs çəkdiyi tikanlı məftili Tehran ona qulaq asmadığı üçün sökmüşdür.Onun təqsiri yoxdur. Barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Balakən rayon Tülü kəndində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı Tülü kəndində ailə üzvlərinin adına olan 0,95 ha pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin təxminən 0.45 ha hissəsində fındıq sahəsi vardır, qalan təxminən 0,50 ha hissəsində isə yonca bitkisi əkmişdir. Onun yonca bitkisini əkdiyi torpaq sahəsi ilə yanaşı həmkəndlisi Şəxs məxsus torpaq sahəsi yerləşir.Qalan hissəsi isə başqa şəxs ilə sərhəddir. O, 2020-ci ilin qış aylarında özünə məxsus 0,95 hektar pay torpağının kənarlarına tikanlı məftil ilə sərhəd çəkmiş, həmin tikanlı məftilləri çəkdiyində onun yanında Xarraxmanın özü də olmuşdur. Xarraxman ona heç bir etiraz bildirməmişdir. Bir aya yaxındır ki, Xarraxman hal-hazırda ona məxsus olan 0,95 hektar torpaq sahəsinin yonca bitkisini əkdiyi hissəsinin özünə məxsus olmasını iddia edir. O, istifadə etdiyi torpaq sahəsini ölçdürdüyündə 0,95 hektar torpağın ona məxsus olması bildirilmişdir. Lakin, Xaraxman özünə məxsus torpaq sahəsini ölçdürmək istədiyində ona torpaq sahəsinin payız aylarında ölçüləcəyi bildirilmişdir.O, xx.xx.2022-ci il tarixdə günorta saatlarında yonca bitkisini əkdiyi torpaq sahəsinə getdiyində Xarraxman ilə ona məxsus torpaq sahəsi arasında olan tikanlı məftillərin və dirəklərin sökülərək yerə atıldığını görmüşdür. O, həmin vəziyyəti gördüyündə bunu onunla torpaq mübahisəsini edən Xarraxmanın etdiyini bilmiş və daha sonra bu barədə 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. Xarraxmanın tikanlı məftilləri və dirəkləri sökməsi nəticəsində ona 450 manat maddi ziyan vurmuşdur. Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərdi ki, Balakən rayon Tülü kəndində ailəsi ilə birlikdə yaşayır.Onun və ailə üzvülərinin də Tülü kəndində pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Şəxs və Zərərçəkmiş şəxs istifadə etdiyi torpaq sahələrinin yaxınlığında yerləşir.Zərərçəkmiş şəxs 2020-ci il tarixdə istifadə etdiyi torpaq sahəsinin kənarlarını dirəklərlə tikanlı məftil çəkmişdir.Sonradan onun istifadə etdiyi torpaq sahəsinin bir hissəsinin Xarraxmana məxsus olduğu bildirilmişdir.Bundan sonra Xarraxman Tehrana həmin tikanlı məftili oradan sökməsini bildirmiş,lakin Tehran tikanlı məftilləri sökməmişdir. xx.xx.2022-ci il tarixdə Xarraxman həmin məftilləri söküb Tehranın torpaq sahəsinə qoymuşdur. Sökülmə zamanı məftilin kəsilən,əzilən hissələri olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 20 iyun 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Balakən rayonu Tülü kənd sakini Zərərçəkmiş şəxs şikayəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından HK-1-391 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində CM-nin 186-cı maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə əsasında cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti X1 əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri olduğundan həmin şəxs qeyd edilən maddə əsasında inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, Balakən rayonu Tülü kəndi ərazisində yerləşən 0.9514 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində X2 adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmişJN-608 KOD 40114018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə Şəxs İsaməddin oğluna, X8, X4 , X5 və X3 Balakən rayonu Tülü kəndi ərazisindən 0.93 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyət yaranır. İşin hallarını, Şəxs özünə məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin mübahisəli olmasını, tikanlı məftillərin sökülməsi nəticəsində Zərərçəkmiş şəxs ziyan dəyməsini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun bir ilədək müddətə məhdudlaşdırılma tənbehi nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamasını, törədilmiş xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimənin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-36.2-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Vurulmuş zərər ilə bağlı mübahisə olduğundan hesab edirəm ki, hazırda vurulmuş zərərin ödənməsi ilə bağlı məsələyə baxılması mümkün deyildir, zərərçəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş zərərin ödənməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında-450 (dörd yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs izah olunur ki, vurulmuş zərərin ödənməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar