Məhkəmə qərarları › İş №3(019)-269/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-269/2020

14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-269/2020 14.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi Göylərov Elnur Elxan oğlunun, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1948-ci ildə Balakən rayonu Şərif kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, Balakən rayon Yeni Şərif kəndində qeydiyyatda olan və daimi yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 211.1-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Balakən RPŞ-nin İTB-nin sahə rəisi Göylərov Elnur Elxan oğlu tərəfindən Şəxs xx.xx.2020-ci il tarixdə, saat 21.00 radələrində X1 nişan mərasimində iştirak edərək karantin rejimini pozması əsası ilə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli, MN seriyalı, 0587268№-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərdi ki, o, Balakən rayonunun Yeni Şərif kəndində ailəsi ilə birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə, saat 21 radələrində Balakən rayonunun Yeni Şərif kəndində qonşusu X1 evində təşkil etdiyi qızının nişan mərasimində iştirak etməmiş, həmin vaxt küçədə olmuş, qoruyucu maska taxmış və sosial məsafə gözləmişdir. Həmin vaxt heç bir qanunsuz hərəkət etməmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi Göylərov Elnur Elxan oğlu Şəxs xx.xx.2020-ci il tarixdə, saat 21.00 radələrində X1 nişan mərasimində iştirak edərək karantin rejimini pozmasını, ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli, MN seriyalı, 0587268№-li inzibati xəta haqqında protokol tərtib etdiyini, lakin Şəxs xx.xx.2020-ci il tarixdə, saat 21.00 radələrində X1 nişan mərasimində iştirak etdiyini və karantin rejimini pozduğunu görmədiyini və protokolun polis əməkdaşının raportu əsasında tərtib olunduğunu bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. «Sanitar-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Yoluxucu və parazitar xəstəlik mənbələrində karantin-təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Ümumməlum faktdır ki, Azərbaycan Respublikasında yeni növ koronavirus (COVİD- 19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə karantin rejimi elan edilmiş və bir sıra məhdudiyyətlər tətbiq edilmişdir. Belə ki, «Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 189 saylı qərara əsasən-1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi; 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda-müəyyən edilmişdir. Həmin qərarın 2-ci bəndində tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etməməsi və həmin qoruyucu tədbirlərin görülməsinin davam etdirilməsi və 3-cü bəndində bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olması qeyd edilmişdir. «Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 237 №-li qərarına əsasən “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları” təsdiq edilmiş, həmin qərarın 2.1, 2.2, 2.3cü bəndlərində müvafiq olaraq koronavirus (COVİD-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olması və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılması, qida qəbulu zallarında oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalararası məsafələrin isə 2 metrdən az olmaması, hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normalarının göstərilməsi müəyyən edilmişdir. Epidemiya əleyhinə rejimin,sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanun normasının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin epidemiya əleyhinə rejimin,sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yönəlməsi və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. İş materiallarından, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxssanitariya-gigiyena və karantin rejimlərini pozmamış, ona istinad olunan inzibati xəta ilə bağlı xx xxxxxx 2020-ci il tarixdə, saat 21 radələrində nişan mərasimində yox, küçədə olmuş, bu zaman tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitədən istifadə etmiş və sosial məsafəni gözləmiş, hər hansı hüquqpozmalara yol verməmişdir. İşdəki sübutlarla onun həmin vaxt, yəni xx.xx.2020-ci il tarixdə, saat 21.00 radələrində sanitariya-gigiyena və karantin rejimlərini pozması müəyyən olunmamışdır. Şəxs barəsində inzibati xə haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi Göylərov Elnur Elxan oğlu da Şəxs xx.xx.2020-ci il tarixdə, saat 21.00 radələrində X1 nişan mərasimində iştirak etdiyini və karantin rejimini pozduğunu görmədiyini bildirmişdir. Şəxs hərəkətlərinin sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yönəlməsi (inzibati xətanın obyektiv tərəfi) və bunu qəsdən etməsi, yəni özünün əməlinin hüquqazidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi (inzibati xətanın subyektiv tərəfi) iş materialları ilə sübuta yetirilmir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv tərəfi və subyektiv tərəfi, həmçinin obyektiv tərəfin vacib elementi kimi polis işçisinin tələblərinin qanuni olması halı mövcud olmadığı üçün, onun əməlində həmin inzibati xətanın tərkibi də yoxdur. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlayan vəzifəli şəxs tərəfindən də bunun əksini, yəni Şəxs xx.xx.2020-ci il tarixdə, saat 21.00 radələrində, nə də başqa vaxt epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozması və bununla da Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsində təqsirli olmasını sübut etmə vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirli olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsilə başlanmış inzibati xəta hıqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməlidir. İş materiallarından həmçinin görünür ki, fərdi qaydada fəaliyyət göstərən vəkil X4, hazırki inzibati xəta haqqında iş üzrə Şəxshüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil X2 hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Əməlində inzibati xəta tərkibi olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil X2 nəfinə 6 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar