Məhkəmə qərarları › İş №3(019)-27/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-27/2021

14.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-27/2021 14.01.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin (bundan sonra Balakən RPŞ İTB) sahə rəisi Göylərov Elnur Elxan oğlunun, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil X11 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, «Amor Parfum» butikində işləyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda daimi yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 211.1 və 535-ci maddələrilə icraatı başlanmış inzibati xəta haqqında işlərə baxaraq, m ü ə y y ə n e t d i m: Balakən RPŞ-nin İTB-nin sahə rəisi Göylərov Elnur Elxan oğlu tərəfindən Şəxs xx.xx.2021-ci il tarixdə, saat 11:30 radələrində Balakən şəhəri, H.Əliyev prospektində “Amor Parfum» adlı ətir mağazasında yerində xidmət göstərərək, karantin rejimi qaydalarını pozması və həmin mağazada öz adını polisə təqdim etməyərək, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması əsasları ilə Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli, ******* №-li və Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli, ******* №-li nzibati xəta haqqında protokollar tərtib edilib, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilən qanun normasının tələbinə əsasən Balakən Rayon Məhkəməsində eyni vaxtda baxılması üçün Göylərov Elnur Elxan oğluna istinad olunan xx.xx.2021-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında və xx.xx.2021-ci il tarixli, ******* №-li nzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərdi ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Himayəsində bir azyaşlı uşaq vardır. xx.xx.2020-ci il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X4 ilə müddətsiz əmək müqaviləsi bağlamış və Rafail Mustafayevə məxsus «Amor Parfüm» mağazasında məşğulluq təsnifatı üzrə satıcı, pərakəndə satış müəssisələri əmək müqaviləsi üzrə koordinat vəzifəsinə qəbul edilmişdir. Əsasən onun əmək funksiyası parfümer məhsulları satışını həyata keçirən işçilərə peşə funksiyalarını öyrətmək, onlara treninqlər keçməkdir. Balakən şəhəri, H.Əliyev prospektində yerləşən «Amor Parfum» butikində koordinatorluğu həyata keçirmək, yəni həmin butikdə satıcını sınaq müddəti ilə işə götürmək, ona parfüm məhsullarını çeşidləmək və satışını həyata keçirməyi öyrətmək tapşırılmışdır. Mağaza təxminən 11 gündür ki, fəaliyyət göstərir. xx.xx.2021-ci il tarixdə, saat 11.30 radələrində həmin obyektdə olan zaman o, çay içdiyi üçün tibbi maskanı çənəsinin alt hissəsində saxlamışdır. Bu zaman içəriyə polis şöbəsinin rəisi daxil olmuş və ona “sən kimsən, sənə kim icazə verib buranı işlətməyə, bağlayıb gedin” demişdir. Bu zaman ondan başqa mağazada iş təcrübəsi üçün gəlmiş Türkan Qebedova adlı xanım da olmuşdur. Belə ki, Türkan Qebedova bütikə satıcı tələb olunması ilə bağlı verilmiş elan əsasında öz SV-sini təqdim etmiş, o da Türkanı təcrübəyə qəbul edərək, sınaq üçün çağırmışdır. Türkan həmin gün orada sınaq keçərək, parfüm adlarını öyrənmişdir. O və Türkan mağazada alış-veriş etməmiş, həmin vaxt Türkana iş prosesini öyrətmişdir. O, həmin vaxt heç kimə, o cümlədən Türkan Qebedovaya ətriyyat malları satmamış, butikdə ətriyyat mallarının satışı həyata keçirilməmişdir. Həmin vaxt bütikin qapısı da bağlı olmuşdur. Polis şöbəsinin rəisi getdikdən daha sonra polis əməkdaşı içəriyə daxil olaraq, onun adını soruşmuş, ona özünü təqdim etməsini bildirmiş, həmin vaxt o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 102 xidməti ilə danışmışdır. 102 xidmətindən bir qadın ona onların icazəsi olmadan heç kəsə heç bir məlumat verməməsini bildirmişdir. Bu zaman polis əməkdaşı zorla onun əlindən telefonu alaraq, qolunu burub, onu polis şöbəsinə aparmışdır. Orada onu əsasız yerə saat 12-dən saat 19-a qədər 7 saat saxlamışlar. Onun qapalı yerlərdə saxlanmasına kəskin fobiyası vardır, həmçinin onda nevroz xəstəliyi vardır. Həyəcanlanan kimi huşunu itirir. Həmin vaxt heç bir qanunsuz hərəkət etməmişdir. 7 saat ərzində əsassız yerə polisdə saxlanması onda acizlik hissləri yaratmış, ona mənəvi əzab vermişdir. Polisin ona qarşı belə kobud davranışının səbəbini bilmir. Onun barəsində inzibati xəta haqqında protokol butikdə deyil, Balakən RPŞ-də tərtib edilmişdir. Barəsində olan inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Balakən RPŞ-nin İTB-nin sahə rəisi Göylərov Elnur Elxan oğlu Şəxs xx.xx.2021-ci il tarixdə, saat 11:30 radələrində Balakən şəhəri, H.Əliyev prospektində “Amor Parfüm» adlı ətir mağazasında karantin rejimi qaydalarını pozmasını və həmin mağazada öz adını polisə təqdim etməyərək, polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamasını, ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələrilə inzibati xəta haqqında protokollar tərtib etdiyini, lakin Şəxs xx.xx.2021-ci il tarixdə, saat 11:30 radələrində Balakən şəhəri, H.Əliyev prospektində “Amor Parfüm» adlı ətir mağazasında yerində xidmət göstərərək, karantin rejimi qaydalarını pozmasını və həmin mağazada öz adını polisə təqdim etməyərək, polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamasını şəxsən görmədiyini və protokolların polis əməkdaşının raportu əsasında tərtib olunduğunu, Şəxs barəsində inzibati xəta haqqında protokolları Balakən RPŞ-də tərtib etdiyini, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 12.00-da polis şöbəsinə dəvət edilərək, burada saat 19.00-dək saxlanılmasının onun şəxsiyyətini müəyyən etmək və barəsində inzibati xəta haqqında protokolları tərtib edilmək üçün həyata keçirildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin İTB-nin sahə rəisi X6 polis rəisinin Şəxs xx.xx.2021-ci il tarixdə, saat 11:30 radələrində Balakən şəhəri, H.Əliyev prospektində “Amor Parfüm» adlı ətir mağazasına daxil olaraq yerində xidmət göstərdiyi üçün karantin rejimi qaydalarını pozduğuna görə irad bildirdiyini, məlumat əsasında həmin ünvana getdiyini, inzibati xəta haqqında protokol tərtib etmək üçün həmin mağazada olan şəxsə öz adını təqdim etməsini bildirdikdə, Şəxs olan həmin şəxsin onun qanuni tələblərinə qəsdən tabe olmamasını, inzibati xəta haqqında protokolun onun tərəfindən tərtib olunmadığını, protokolun onun raportu əsasında Balakən RPŞ-də Elnur Göylərov tərəfindən tərtib olunduğunu, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 12 radələrində polis şöbəsinə dəvət edilərək, burada saat 19.00-dək saxlanılmasının onun şəxsiyyətini müəyyən etmək və barəsində inzibati xəta haqqında protokolları tərtib etmək üçün həyata keçirildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 izahatında göstərdi ki, o, Balakən rayonu Talalar kəndində yaşayır. Bir neçə gün öncə “Amor Parfüm adlı ətir mağazasına işə qəbul üçün müraciət blankı vermişdir. xx.xx.2021-ci il tarixdə həmin mağazaya sınaq üçün çağırmışlar. Həmin gün, saat 11.30-da orada Şəxs yanında sınaq keçərək, parfüm adlarını öyrənmişdir. O, mağazada alış-veriş etməmiş, iş prosesini öyrənmişdir. Həmin vaxt Şəxs heç kimə parfüm satmamış, ümumiyyətlə mağazada heç bir alıcı olmamışdır. Bu zaman polis rəisi içəriyə daxil olmuş və kobud şəkildə danışmışdır. İçəridə onlardan başqa heç kim olmamışdır. Şəxs nəyə görə alıcını içəri buraxıb deyə, irad tutmuşdur. Akif də onun alıcı deyil, satıcı olduğunu bildirmişdir. O, həyəcanlandığı üçün oradan getmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə edilmiş 240 №-li əmək müqaviləsindən (kontraktından) görünür ki, həmin müqavilə işəgötürən fiziki şəxs X4 ilə Şəxs arasında bağlanmış və həmin müqaviləyə əsasən işçi Şəxs satış təmsilçisi vəzifəsində işə qəbul edilmiş və iş yerinin və vəzifəsinin adı koordinator kimi müəyyənləşdirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə edilmiş sistemə daxil edilmə tarixi xx.xx.2020-ci il göstərilən Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən fiziki şəxs X4 ilə Şəxs arasında fərdi əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmış, əmək müqaviləsinin növü müddətsiz və işçinin aylıq əmək haqqının məbləği 260 manat müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli «Parfüm Butik»in işə qəbul üçün müraciət blankından görünür ki, Balakən rayonu Talalar kənd sakini X22 «Parfüm Butik»ə satıcı qismində işə qəbul olunması üçün xx.xx.2021-ci il tarixdə özü haqqında məlumatlar daxil edilməklə müraciət etmiş və həmin butikin koordinatoru Şəxs tərəfindən təcrübəyə qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə edilmiş Elektron Hökumətin İnkişafı Mərkəzi icaze.e-gov.az çıxarışından görünür ki, X18 xx.xx.2021-ci il tarixinə təsdiqlənmiş aktiv ezamiyyə vərəqəsi vardır. Ezamiyyə xx.xx.2020-xx.xx.2021 (Xaçmaz rayonu, Qax rayonu, Şəki rayonu, Balakən rayonu, Zaqatala rayonu) tarixlərini əhatə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə edilmiş Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 500176 №-li doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə doğulmuş X29 olmaqla Şəxs himayəsində bir azyaşlı uşaq vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə edilmiş Zaqatala Mərkəzi Rayon Xəstəxanasının Uşaq X1 barəsində tibbi kartasından çıxarışdan görünür ki, X23 ensefalopatiya, serebral hipertenziya, inkişaf etaplarının ləngiməsi, nitq inkişafının geriliyi diaqnozu qoyulmuş və onun Bakı şəhəri X12 göndərilməsi məsləhət bilinmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə edilmiş X31 Komissiyasının xx.xx.2018-ci il tarixli göndərişindən görünür ki, ensefalopatiya, serebral hipertenziya, inkişaf etaplarının ləngiməsi, nitq inkişafının geriliyi diaqnozu qoyulmuş X23 Bakı şəhəri X8 stasionar müalicə olunması üçün göndəriş verilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. «Sanitar-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyriyoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər; yoluxucu və parazitar xəstəlik mənbələrində karantin-təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə koronavirus pandemiyası ilə bağlı Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi tətbiq edilməklə, bir sıra məhdudiyyətlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə 2020-ci il 14 dekabr saat 00:00-dan 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməklə, həmin vaxt ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılmış, bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız satdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilmişdir. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanun normasının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yönəlməsi və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. İş materiallarından, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahid X9 məhkəmədə verdiyi izahatlarından görünür ki, xx xxxxxx 2021ci il tarixdə, saat 11:30 radələrində Balakən şəhərində yerləşən «Amor Parfüm» butikində Şəxs tərəfindən epidemiya əleyhinə rejimin və sanitariya-gigiyena və karantin rejiminin qaydaları pozulmamış, kiməsə xidmət göstərilməmiş, parfümeriya mallarının alqı-satqısı həyata keçirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib, əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qanun normasından görünür ki, alqı-satqı üçün satıcı əşyanı alıcının mülkiyyətinə verməli, alıcı isə həmin əşyaya görə razılaşdırılmış pul məbləğini satıcıya ödəməlidir. Göründüyü kimi alqı-satqı müqaviləsi ikitərəfli müqavilədir. Bir tərəfsatıcı əşyanı vermək vəzifəsinin və həmin əşyanın dəyərini almaq hüququnun, digər tərəfalıcı isə əşyanı almaq hüquququn və onun dəyərini ödəmək vəzifəsinin daşıyıcısıdır. Əşya satıcı tərəfindən alıcıya verilmədikdə və alıcı əşyanın dəyərini ödəmədikdə alqı-satqı baş tutmur. İşin hallarından göründüyü kimi, «Amor Parfüm» butiki ətriyyat mallarının satışı üzrə ixtisaslaşmış bir mağazadır, yəni mağazanın fəaliyyətini ətriyyat mallarının alqı-satqısını həyata keçirmək təşkil edir. Şəxs əməlində İXM-nin 211.1-ci maddəsinin tərkibi o zaman yarana bilərdi ki, o, göstərilən vaxtda, yəni xx xxxxxx 2021-ci il tarixdə, saat 11.30-da «Amor Parfüm» butikində qanunsuz xidmət göstərsin, yəni ətriyyat mallarının alqı-satqısı ilə məşğul olsun. Belə ki, qeyd edildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə 2020-ci il 14 dekabr saat 00:00-dan 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməklə, həmin vaxt ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılmış, bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız satdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilmişdir. Ancaq iş materiallarından görünür ki, Şəxs göstərilən vaxtda-xx.xx.2021-ci il tarixdə, saat 11.30-da «Amor Parfüm» mağazasında ətriyyat mallarının real satışını həyata keçirməmiş, yəni ətriyyat mallarının kiməsə satıb, əvəzində pul almamışdır. Ümumiyyətlə həmin vaxt mağazada heç bir alıcı da olmamışdır. Alıcı olmadığı təqdirdə Şəxs kiməsə ətriyyat mallarını real olaraq satması və bununla da qanunsuz fəaliyyətlə məşğul olması qeyri-mümkündür. İşdəki sübutlardan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 11.30-da «Amor Parfüm» mağazasında olan X22 mağazaya sınaq üçün çağırılmış, o, həmin gün orada Şəxs yanında sınaq keçərək, parfüm adlarını öyrənmişdir. Belə ki, X22 bundan 2 gün əvvəl-xx.xx.2021-ci il tarixdə “Amor Parfüm» adlı ətir mağazasına işə qəbul üçün müraciət blankı vermiş və mağazanın koordinatoru Şəxs tərəfindən müvafiq qeyd yazılıb imza edilməklə təcrübəyə qəbul olunmuşdur. X22 həmin vaxt mağazada alış-veriş etməmiş, iş prosesini öyrənmişdir. Mağazada olan X22 mağazaya işçi kimi gəlmişdir. Bu hal Türkan Qebedovanın məhkəmədə verdiyi izahatı və işdəki digər sübutlarla birmənalı şəkildə təsdiq olunur. Həmin vaxt Şəxs hər hansı hüquqpozmalara yol verməmişdir. İşdəki sübutlarla onun həmin vaxt, yəni xx xxxxxx 2021-ci il tarixdə, saat 11:30 radələrində epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimləri qaydalarını pozması müəyyən olunmamışdır. Şəxs hərəkətlərinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yönəlməsi (inzibati xətanın obyektiv tərəfi) və bunu qəsdən etməsi, yəni özünün əməlinin hüquqazidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi (inzibati xətanın subyektiv tərəfi) iş materialları ilə sübuta yetirilmir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv tərəfi və subyektiv tərəfi mövcud olmadığı üçün, onun əməlində həmin inzibati xətanın tərkibi də yoxdur. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlayan vəzifəli şəxs tərəfindən də bunun əksini, yəni Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 11.30 radələrində, nə də başqa vaxt epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozması və bununla da Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə (İXM-nin 8-ci maddəsi) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsində təqsirli olmasını sübut etmə vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Ona görə də əməlində inzibati xətanın tərkibi olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Qanun normasının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin polis işçisi və hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamasına yönəlməsi və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. Bu maddə üzrə məsuliyyətin yaranması üçün zəruri hallardan biri də polis işçisinin tələblərinin qanuni olması, yəni qanunda nəzərdə tutulmasıdır. İş materiallarından görünür ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinin əsas kimi xx.xx.2021-ci il tarixdə, saat 11.30-da «Amor Parfum» mağazasında barəsində inzibati xəta haqqında protokolun tərtib olunması üçün polis işçisi Həmid Tanrıverdiyevin sorğusuna cavab olaraq adını bildirməməsi göstərilir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, əvvəla, Şəxs barəsində İXMnin 211.1 və 535.1-ci maddələrilə inzibati xəta haqqında protokolları Balakən RPŞ-nin İTBnin sahə rəisi Həmid Tanrıverdiyev deyil, Balakən RPŞ-nin İTB-nin sahə rəisi Göylərov Elnur Elxan oğlu tərtib etmiş, həmçinin həmin inzibati xəta haqqında protokollar «Amor Parfüm» mağazasında deyil, Balakən RPŞ-nin inzibati binasında tərtib olunmuşdur. Həm də inzibati xəta haqqında protokollar tərtib edilərkən Balakən RPŞ-nin İTB-nin sahə rəisi Göylərov Elnur Elxan oğlu Şəxs adını soruşmamış və protokollar tərtib olunan zaman Şəxs haqqında olan məlumatlar artıq polis işçisinə bəlli olmuşdur. Digər tərəfdən, xx xxxxxx 2021-ci il tarixdə, saat 11.30-da «Amor Parfüm» mağazasında Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib olunmasına və inzibati xəta haqqında iş üzrə icraatın həyata keçirilməsinə başlanması artıq onun istinadl olunan inzibati xətalar üzrə şübhəli şəxs olmasını göstərir. Belə olan halda Şəxs bir sıra hüquqları, o cümlədən təqsirsizlik prezumpsiyası hüququ meydana çıxır. Susmaq və özünə qarşı hər hansı ifadəni, o cümlədən məlumatı verməmək hüququ da həmin təqsirsizlik prezumpsiyası hüququndan qaynaqlanır. Təqsirsizlik prezumpsiyası hüququ həm inzibati xətalar üzrə, həm də cinayət ittihamlarında tətbiq olunan əsas hüquqlardlan biridir. Hərçənd ki, İnsan Hüquqlarının və X17 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6 və 7-ci maddələrinə və bu maddələrin tətbiqi ilə bağlı X35 Avropa Məhkəməsinin presedentlərinə əsasən bir çox hallarda inzibati xətalar da cinayət ittihamını özündə ehtva edir. Avropa Məhkəməsinin presedent praktikasında inzibati xətanın Avropa Konvensiyasının 6-cü və 7-ci maddələrində nəzərdə tutulmuş cinayət ittihamı anlayışını ehtiva edib-etməməsi üçün meyarlar göstərilmişdir. Belə ki, bununla bağlı Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin cinayət-hüquqi aspektinin bu və ya digər işə tətbiqi üçün «Enqel meyarları» adlanan 3 (üç) meyarı müəyyən etmişdir ki, həmin meyarlardan birinin olması işin cinayət ittihamı sayılması üçün əsasdır. Bu meyarlar aşağıdakılardır: 1) hüquq pozuntusu təşkil edən əməlin daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməsi; 2) hüquq pozuntusunun xarakteri və 3) mümkün cəzanın xarakteri və ağırlığı. İkinci və üçüncü meyarlar alternativ qaydada istifadə olunur və onların bir yerdə əmələ gəlməsi mütləq şərt deyildir. Ancaq onların ayrılıqla analizi işdə cinayət ittihamının verilməsi nəticəsinə gəlməyə tam əsas yaratmırsa, həmin meyarlar bir yerdə də istifadə oluna bilər (bax: Yussila Finlandiyaya qarşı və Ezex və X10rşı işlər). Məhkəmə nəzərə çatdırır ki, əməlin daxili qanunvericilikdə açıq-aydın cinayət əməli kimi təsnifləşdirilməsi o deməkdir ki, 6-cı maddənin cinayət-hüquqi aspekti avtomatik olaraq həmin işə tətbiq edilir. X30rşı işdə (32-34-cü bəndlər) Avropa Məhkəməsi bildirmişdir ki, hüquq pozuntusunun daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməməsi nisbi xarakter daşıyır. Belə ki, bu halda ikinci və ya üçüncü meyarlar ön plana keçir. İkinci meyar, yəni hüquq pozuntusunun xarakteri tətbiq edilərkən daxili qanunvericilik normalarının və onların tətbiqi dairəsinin həmin hüquq sistemindəki digər cinayət əməlləri ilə müqayisəsi aparılır (Engelin işi, 80-85-ci bəndlər). Öztürk Almaniyaya qarşı işdə (53-cü bənd). Avropa Məhkəməsi vurğulamışdır ki, konkret cinayət əməlinin cəzalandırılmasına yönələn daxili qanunvericilik normaları prinsipcə «cinayət-hüquqi» xarakter daşıyır, lakin bəzi hallarda cəzalandırma məqsədi çəkindirmə məqsədi ilə yanaşı, yəni birgə mövcud olur. Bu o deməkdir ki, konkret sanksiyada bu məqsədlərin hər ikisi mövcud ola bilər və beləliklə, onlar qarşılıqlı surətdə bir-birini istisna etmir. Kempbell və X24rşı işdə (101-ci bənd) Avropa Məhkəməsi bildirdi ki, qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktı adətən həmin pozuntunun «cinayət» xarakteri daşımasının önəmli göstəricilərindən biridir, digər bir mühüm göstərici isə onun ağırlıq dərəcəsinin yüksək olmasıdır. Birinci və ikinci Engel meyarları əsasında aparılmış təhlil nəticə vermədikdə, məhkəmə üçüncü Engel meyarını nəzərdən keçirir (Eze və X10rşı iş, 108-130-cü bəndlər). Bu, alternativ və son meyardır. Bu meyar üzrə təhlil apararkən, Engelin işindəki kimi Avropa Məhkəməsi qərara ala bilər ki, hüquq pozuntusu xarakterinə görə «cinayət əməli» olmasa belə, təyin olunmuş sanksiya xarakterinə görə «cinayət-hüquqi» cəzadır. Avropa Məhkəməsi Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinə görə milli qanunvercilikdə cinayət kimi nəzərdə tutulmamasından asılı olmayaraq, inzibati xətaları da cinayət saya bilər. Məsələn, Avropa Məhkəməsi Meneşeva Rusiyaya qarşı işdə, ərizəçinin 5 sutka həbs edildiyi inzibati xətanı Konvensiyanın 6-cı maddəsi mənasında cinayət əməli saymışdır. Malofeyeva Rusiya qarşı işdə (7 sutka inzibati həbs) və Nemtsov Rusiyaya qarşı işdə (15 sutka həbs) inzibati xətalar cinayət sayılmış və onlara 6-cı maddənin müdafiəsi tətbiq edilmişdir. Kasparov və başqaları Rusiyaya qarşı işdə daha az inzibati həbs tətbiq edilən inzibati xəta da məhkəmə tərəfindən cinayət ittihamı sayılmışdır. Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinin mənası baxımından cəza təyin ediməyən, lakin təyin edilə biləcək hüququ pozuntusunu da cinayət saymışdır. Avropa Məhkəməsi X15rşı və Meneşeva Rusiyaya qarşı işlərdə göstərmişdir ki, Rusiya və oxşar qanunvericilik sistemlərində inzibati sahəyə aid edilmiş hüquq pozuntuları əslində öz mənasına görə cinayət əməlləridir, lakin onlara cinayət və cinayət-prosessual hüquq normalarının tətbiqi üçün az əhəmiyyətlidirlər. Bu hüquqi mövqedən çıxış edən məhkəmə qeyd edir ki, əslində Azərbaycan Respublikasının qanunvericilik sistemi ilə Rusiya qanunvericilik sistemi bu sahədə oxşar xüsusiyyətlərə malikdir. Belə ki, Rusiya Federasiyasında olduğu kimi, Azərbaycan Respublikasının qanunvericiliyində də inzibati xətalar və onlara görə inzibati tənbehin verilməsi ayrıca hüquq sahəsinə aid edilmişdir. Qanunvericilikdə inzibati xəta adlanan hüquq pozuntuları cinayət əməllərinə aid edilməmiş və onlara görə avtonom tənbeh növləri nəzərdə tutulmuşdur. Baxmayaraq ki, bir sıra inzibati xətaların sanksiyalarında yüksək məbləğdə cərimələr və həbslər nəzərdə tutulmuşdur ki, həmin cəzalar cinayət əməllərinə görə də nəzərdə tutulmuşdur və mahiyyətinə görə əslində cinayət cəzalarıdır. Azərbaycan Respublikasının daxili qanunvericiliyində inzibati xətalar və cinayət əməlləri ayrıca hüquq sahələri kimi təsnifləşdirildiyindən, məhkəmə belə nəticəyə gəlir ki, 1-ci Engel meyarı hazırki işdə tətbiq edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə ikinci və üçüncü Engel meyarlarını tətbiq etməyi zəruri hesab edir. Qeyd edildiyi kimi, ikinci Engel meyarı, qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktını və ona görə də onun ağırlıq dərəcəsinin yüksək olmasını göstərir. Üçüncü Engel meyarı isə hüquq pozuntusunun xarakterinə görə «cinayət əməli» olmasa belə, təyin oluna bilən və ya təyin olunmuş sanksiyanın xarakterinə və ağırlığına görə «cinayət-hüquqi» cəza olmasıdır. Bu meyarları hazırki işə tətbiq edən məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində əks olunan epidemiya əleyhinə rejimin, sanitargigiyena və karantin rejimin pozulması haqqında inzibati xəta əhalinin sanitar-gigiyena və sanitar-epidemioloji salamatlığı qaydalarının pozulmasına qarşı mübarizə, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama haqqında inzibati xətanın isə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində əks olunması idarəçilik qaydaları əleyhinə olan əməllərə qarşı mübarizə məqsədini dayışır. Bu məqsədlər və maraqlar əslində cinayət hüququnun müdafiəsi sferasına aiddir. Bu xüsusda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş hüquq normaları xüsusi statusa malik olan şəxslərə deyil, bütün vətəndaşlara şamil olunur. Yəni bu qanunvericilik normaları konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlmişdir. Epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin rejimi qaydalarının pozulması ilə mübarizənin və polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama ilə mübarizənin İXM-də inzibati xəta kimi göstərilməsi heç də Avropa Konvensiyası nöqteyi-nəzərindən onların müstəqil olaraq «cinayət» əməli kimi hüquqi tövsif olunmasını aradan qaldırmır. Belə ki, «Ezex və X10rşı işdə deyildiyi kimi, X13 meyarlarına görə hüquq pozuntusunun xarakterinin cinayət ittihamı kimi müəyyən olunması üçün müəyyən ağırlıq dərəcəsinin mövcudluğunun mütləqliyi barədə heç nə deyilmir. Bundan başqa, o da qeyd edilməlidir ki, Zolotuxin Rusiyaya qarşı işdə olduğu kimi, hazrki işdə göstərilən inzibati xətanın məqsədi cəza və profilaktika olmuşdur ki, onlar da cinayət sanksiyasının tipik əlamətləridir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb edildiyi Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar 2-ci Engel meyarına görə, yəni qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktı və ağırlıq dərəcəsinə görə cinayət ittihamı sayılmalıdır. İşdəki faktiki hallara hüquqi qiymət verən məhkəmə X15rşı, Engel və başqaları Niderlanda qarşı və Ezex və X10rşı məhkəmə presedentlərinə istinad edərək, həmçinin hesab edir ki, X19 İXM-nin 211.1 və 535.1-ci maddələrilə inzibati məsuliyyətə cəlb edildiyi inzibati xətalar 3-cü Engel meyarına, yəni təyin oluna bilən sanksiyanın xarakterinə və ağırlığına görə «cinayət-hüquqi» cəza xarakteri daşıyır və bu əsasdan cinayət ittihamıdır. Bu zaman cəzanın ağırlığı İXM-nin həmin maddələrində nəzərdə tutulmuş maksimal potensial sanksiya ilə müəyyənləşdirilməlidir. Bu iş üzrə real cəzanın təyin edilə biləcəyii heç də həmin faktorun vacibliyini heçə endirməmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələrində maksimal sanksiya kimi 1 ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Bunlar Şəxs İXM-nin 211.1 və 535.1-ci maddələrilə məsuliyyətə cəlb edildiyi inzibati xətaların cinayət ittihamına bərabər sayılması üçün yetərli əsaslardır. Avropa Məhkəməsinin yuxarıda göstərilən presedentlərində qeyd edildiyi kimi, hüququn aliliyi prinsipinə sədaqətli olan cəmiyyətlərdə azadlıqdan məhrum etməni nəzərdə tutan sanksiya və azadlıqdan məhrum etmənin şəxsə qarşı real tətbiq olunduğu sanksiya mövcud prezumpsiyaya görə şəxsə verilən ittiham, bu inzibati xəta olsa belə cinayət ittihamı sayılır. Bu prezumpsiya yalnız o hallarda rədd edilə bilər ki, ittihamın xarakteri, davamlılığı və bu cəzanın icrası üsullarına görə bu azadlıqdan məhrum etmə şəxs üçün hiss olunacaq dərəcədə əzabverici olmasın. Ancaq işin hallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, hazırki işdə bu istisna halları mövcud olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, yuxarıda sadalanan 2-ci və 3-cü Engel meyarlarına-hüquq pozuntusunun xarakteri və mümkün və tətbiq oluna bilən cəzanın xarakteri və ağırlığı dərəcəsinə görə Avropa Konvensiyasının 6 və 7-ci maddələri baxımından Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələrilə inzibati məsuliyyətə cəlb edilməsi cinayət xarakterlidir və ona qarşı irəli sürülən cinayət ittihamı sayılmalıdır. Belə olan halda qeyd edildiyi kimi, Şəxs Azərbaycan Respublikası Konstitusiyasının, Avropa Konvensiyasının, İXM-nin və CPM-nin tələbləri baxımından təqsirsizlik prezumpsiyası hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır; cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz; məhkəmənin hökmü olmasa kimsə cinayətdə təqsirli sayıla bilməz. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirli olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Eyni hüquq Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində də təsbit olunmuşdur. Məhkəmə nəzərə çatdırır ki, təqsirsizlik prezumpsiyası hüququ həmçinin hər hansı qanun pozuntusunda şübhəli bilinən və ya təqsirləndirilən şəxsə susmaq, yəni özünə qarşı ifadə verməmək (məlumat verməmək) hüququnu özündə ehtiva edir. Belə ki, yuxarıda istinad olunan qanun normalarının tələbinə görə təqsirləndirilən şəxs, o cümlədən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Onun istinad olunan əməldə onun təqsirini sübut etmə vəzifəsi onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxsin və ya orqanın üzərinə düşür. Funke Fransaya qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, susmaq hüququndan, yəni özünə qarşı ifadə verməmək hüququndan istifadə edilməsi heç bir halda təqsirləndirilən şəxsin (şübhəli şəxsin) əleyhinə istifadə oluna bilməz. Belə olan halda məhkəmə hesab edir ki, ona qarşı inzibati xəta haqqında protokol tərtib olunması üçün polis əməkdaşının adını bildirməsi barədə sorğusuna cavab verməməsi Şəxs təqsirsizlik prezupsiyası hüququndan doğan bir davranışıdır və həmin hüquqa görə bu cür davranış heç bir halda Şəxs əleyhinə, onun istinad olunan İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi üçün istifadə oluna bilməz. Onun haqqında məlumatların əldə edilməsi, o cümlədən ona istinad olunan inzibati xətalarda təqsirinin sübut olunması Şəxs deyil, haqqında inzibati xəta haqqıqnda icraat başlamış orqanın və ya həmin orqanın vəzifəli şəxsinin vəzifəsidir. Ona görə də öz adını bildirməsi barədə onun haqqında inzibati xəta haqqında icraat başlamamış polis əməkdaşının sorğusuna cavab verməməsi Şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmaması kimi qiymətləndirilə bilməz. Bundan başqa, inzibati xətanın törədilməsində ittiham olunan şəxsin özünü təqdim etmək, adını bildirmək vəzifəsini daşması nə Azərbaycan Respublikasının İXM-də, nə «Polis haqqında» Azərbaycan Respublikasının qanununda, nə də diər qanunvericilik aktlarında nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsində ittiham olunan şəxsə öz adını bildirməsi barədə polis əməkdaşının tələbi qanuni tələb deyildir. Ona görə bu tələb Şəxs İXM-nin 535.1-ci maddəsilə məsuliyyətə cəlb edilməsi üçün qanuni əsas sayıla bilməz. İşdəki sübutlardan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 11.30-da və ya başqa vaxt polis əməkdaşlarının hər hansı qanuni tələblərinə qəsdən tabe olmaması halı mövcud olmamışdır. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən polis əməkdaşları hər bir şəxsin təhlükəsizliyini təmin etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq; Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda təhqiqat, istintaq orqanlarının, məhkəmələrin, müvafiq icra hakimiyyəti orqanının icra və probasiya qurumlarının qərarlarını icra etmək; Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətlərdə tutulmuş və ya həbs edilmiş şəxsi müvəqqəti saxlama yerində saxlamaq; Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əşyaların, o cümlədən odlu silahın, döyüş sursatının, zəhərli maddələrin və sair zərərli materialların əldə edilməsi, saxlanması, gəzdirilməsi, daşınması üçün müəyyənləşdirilmiş qaydada icazə vermək, dövriyyəsinə nəzarət etmək, çoxaldıcı rəngli qurğuların (kseroksların) qeydiyyatını aparmaq; Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilən fövqəladə və ya hərbi vəziyyət rejimini təmin etmək, epidemiya və ya epizootiya zamanı karantin tədbirlərinin həyata keçirilməsində iştirak etmək; kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək; kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək; müvafiq dövlət orqanlarına və vəzifəli şəxslərə, yaxud qanuni sahiblərinə təhvil verilənədək sahibsiz əmlakın və dəfinələrin, habelə tapılmış və polisə təhvil verilmiş sənədlərin, əşyaların və digər əmlakın saxlanılmasını və mühafizəsini təmin etmək; Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda qeydiyyat və uçot işlərini aparmaq; digər dövlət orqanları və ictimai təşkilatlarla birlikdə azyaşlılar arasında hüquq qaydasının pozulmasının və nəzarətsizliyin qarşısının alınmasında iştirak etmək; cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsini təmin etmək; hüquqi və fiziki şəxslərin əmlakını hüquqa zidd əməllərdən qorumaq; Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək vəzifələri daşıyırlar. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən polis əməkdaşlarının o cümlədən hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək; cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq; qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada cinayət və ya digər hüquqpozma törətmiş yaxud törədilməsində şübhələnilən şəxsi tutmaq; cinayətin və digər hüquqpozmanın törədilməsinə şərait yaradan halların aradan qaldırılması üçün qanunla müəyyənləşdirilmiş qaydada dövlət və qeyri-dövlət orqanlarına, müəssisələrə, idarələrə, təşkilatlara, siyasi partiyalara, ictimai birliklərə, həmkarlar ittifaqları təşkilatlarına və vəzifəli şəxslərə baxılması məcburi olan təqdimatlar vermək; qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada yaşayış binalarına və ya digər tikililərə, torpaq sahələrinə, müəssisə, idarə, təşkilatların ərazilərinə və tikililərinə daxil olmaq; xarici dövlətlərin diplomatik, konsulluq və başqa nümayəndəliklərinə, beynəlxalq təşkilatlara məxsus olan və xüsusi təyinatlı nəqliyyat vasitələri istisna edilməklə, son zərurət vəziyyətində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrində hadisə yerinə getmək, təcili tibbi yardıma ehtiyacı olan şəxsləri tibb müəssisələrinə çatdırmaq və cinayət törətmiş şəxsləri təqib etmək üçün bu nəqliyyat vasitələrindən istifadə etmək (belə hallarda nəqliyyat vasitələri sahiblərinin tələbi ilə onlara dəymiş ziyan polis tərəfindən ödənilməlidir); dəbilqə, qalxan, zirehli köynək və digər fərdi mühafizə vasitələrindən istifadə etmək; bu Qanunla müəyyənləşdirilmiş qaydada və hallarda fiziki qüvvə işlətmək, habelə xüsusi vasitələr və odlu silah saxlamaq, gəzdirmək və onları tətbiq etmək hüququ vardır. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşları inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək; ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək; inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq; cinayət və ya inzibati xəta törətməkdə şübhələnilən hərbi qulluqçuları tutub hərbi patrullara, hərbi komendanta, qoşun hissələrinin komandirlərinə və ya hərbi komissarlara təhvil vermək; ictimai yerlərdə sərxoş vəziyyətdə olan və müstəqil hərəkət etmək qabiliyyətini itirən, özünə və ya ətrafdakılara zərər yetirə bilən şəxsi xüsusi tibb müəssisələrinə gətirmək; inzibati qaydada həbs edilmiş, inzibati nəzarətdə olan, habelə polisdə profilaktika uçotunda olan şəxslərin fotoşəkilini çəkmək və qanunla müəyyən edilmiş hallarda barmaq izlərini götürmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda və qaydada avaralıqla və ya dilənçiliklə məşğul olan şəxsi qəbuletmə-bölüşdürmə məntəqəsinə gətirmək; ictimai təhlükəli əməllərə görə məhkəmənin qərarı ilə təyin olunmuş tibbi xarakterli məcburi tədbirlərdən yayınan ruhi xəstələri, xroniki alkoqolikləri, narkomanları tutmaq və xüsusi tibb müəssisələrinə gətirmək; hüquqi və fiziki şəxslər tərəfindən odlu silahın, döyüş sursatının, zəhərli maddələrin və digər zərərli materialların saxlandığı və istifadə olunduğu yerlərə, habelə onların dövriyyədə olduğu obyektlərə (hərbi obyektlər istisna olmaqla) baxış keçirmək, bu cür əşyaların, maddələrin və materialların istifadəsi barədə müəyyənləşdirilmiş qaydaların pozulduğu aşkar edildikdə qüsurların aradan qaldırılması haqqında icrası məcburi olan yazılı göstərişlər vermək və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər tədbirləri görmək; saxtalaşdırma əlaməti olan sənədləri, habelə mülki dövriyyədən çıxarılmış və xüsusi icazə olmadan saxlanılan əşyaları, maddələri, materialları və qurğuları götürmək, sahibsiz əmlakın saxlanılmasını təmin etmək və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada onlar barəsində məsələnin həll edilməsi üçün tədbirlər görmək hüquqları vardır. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ictimai qaydanı və ictimai asayişi pozmamış, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yaratmamış, həmçinin ictimai yerdə müstəqil hərəkət etmək qabiliyyətini itirən, özünə və ətrafdakılara zərər yetirə bilən vəziyyətdə olmamışdır. İşdəki sübutlarla onun həmin vaxt, yəni xx.xx.2021-ci il tarixdə, saat 11.30-da, nə də başqa vaxt qeyri-qanuni hərəkətlərə yol verməsi, həmçinin polis əməkdaşlarının ona hansı qanuni tələblər irəli sürməsi və Şəxs hansı hərəkətləri ilə onların bu qanuni tələblərinə qəsdən tabe olmaması, bu qəsdin nədə ifadə olunması müəyyən olunmamışdır. Belə olan halda məhkəmə Həmid Tanerıverdiyevin və Elnur Göylərovun məhkəmədə verdiyi izahatlarını Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirinin müəyyən olunması üçün mötəbər sübutlar kimi qəbul etmir. İş materialları ilə Şəxs xx.xx.2021-ci il tarixdə, saat 11.30-da və ya başqa vaxt polisin qanuni tələblərinə qəsdən tabe olmaması halı müəyyən olunmur. Ümumiyyətlə Şəxs hərəkətlərinin polisin qanuni tələblərinə tabe olmamasına yönəlməsi (inzibati xətanın obyektiv tərəfi) və bunu qəsdən etməsi, yəni özünün əməlinin hüquqazidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi (inzibati xətanın subyektiv tərəfi) iş materialları ilə sübuta yetirilmir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv tərəfi və subyektiv tərəfi, həmçinin obyektiv tərəfin vacib elementi kimi polis işçisinin tələblərinin qanuni olması halı mövcud olmadığı üçün, onun əməlində həmin inzibati xətanın tərkibi də yoxdur. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlayan vəzifəli şəxs tərəfindən də bunun əksini, yəni Şəxs xx.xx.2021-ci il tarixdə, saat 11.30-da və ya başqa vaxt polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə (İXM-nin 8-ci maddəsi) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsində təqsirli olmasını sübut etmə vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşdəki sübutlara hüquqi qiymət verib, yekun olaraq belə nəticəyə gəlirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələrilə başlanmış inzibati xəta haqqında işlər üzrə icraata onun əməlində həmin inzibati xətaların tərkibi olmadığı üçün xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Həmçinin tərəflər mübahisə etmirlər ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 12 radələrində polis əməkdaşları tərəfindən Balakən RPŞ-yə aparılmış və həmin saat 19.00-a qədər polis şöbəsində saxlanılmış, sonra isə sərbəst buraxılmışdır. Lakin Şəxs həmin vaxt inzibati qaydada tutulması barədə protokol tərtib olunmamış, onun hansı tarixdə, hansı vaxt, harada və hansı əsaslarla və səbəblərlə tutulması müvafiq qaydada sənədləşdirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 88.1-ci maddəsi inzibati qaydada tutmanı fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılması kimi ehtiva etməklə, bunun məqsədləri kimi inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsini göstərir. Azərbaycan Respublikası İXM-nin 88.1.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri- o cümlədən şəxs polis işçisinin, habelə hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadıqda şəxsi inzibati qaydada tutmaq hüququna malikdirlər. Azərbaycan Respublikası İXM-nin 88.2-ci maddəsinə əsasən inzibati qaydada tutulan şəxsə bu Məcəllə ilə müəyyən edilmiş hüquqları izah olunmalı, bu barədə inzibati qaydada tutma haqqında protokolda müvafiq qeyd aparılmalıdır. Azərbaycan Respublikası İXM-nin 89.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bu Məcəllənin 89.2-89.4-cü maddələri istisna olunmaqla, üç saatdan çox ola bilməz. Azərbaycan Respublikası İXM-nin 89.2-ci maddəsinə əsasən sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna, avaralıqla məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanunsuz qalmalarına, habelə ölkədə olma qaydalarını pozmalarına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün, yaxud əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda inzibati qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər. Azərbaycan Respublikası İXM-nin 89.3-cü maddəsinə əsasən fövqəladə və ya hərbi vəziyyət elan olunmuş ərazidə şəxs xüsusi verilmiş icazə vərəqələri olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda - komendant saatı bitənədək və ya onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda - tutulanın şəxsiyyəti müəyyən edilənədək müddətə inzibati qaydada tutula bilər. Azərbaycan Respublikası İXM-nin 89.3-1-ci maddəsinə əsasən dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda - tutulanın şəxsiyyəti müəyyən edilənədək, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədən şəxslər isə 48 saatadək inzibati qaydada tutula bilər. Azərbaycan Respublikası İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Azərbaycan Respublikası İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 89.6-cı maddəsinə əsasən fövqəladə və ya hərbi vəziyyət rejiminin müddəti bitdikdə, bu rejimin tələblərinin pozulması ilə əlaqədar inzibati qaydada tutulan şəxslər dərhal azad olunurlar. Azərbaycan Respubltikası İXM-nin 89.7-ci maddəsinə əsasən inzibati qaydada tutma barədə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası İXM-nin 90.1-ci madldəsinə əsasən inzibati xəta törətmiş şəxs inzibati qaydada tutulduqda bu barədə protokol tərtib edilir və orada aşağıdakılar göstərilir: 90.1.1. protokolun tərtib edildiyi tarix və yer; 90.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı və atasının adı; 90.1.3. tutulanın şəxsiyyəti haqqında məlumat; 90.1.4. tutmanın vaxtı və səbəbləri. Azərbaycan Respublikası İXM-nin 90.2-ci maddəsinə əsasən protokol onu tərtib etmiş vəzifəli şəxs və tutulmuş şəxs tərəfindən imzalanır. Tutulmuş şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda qeyd edilir. Tutulmuş şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti tutulmuş şəxsə verilir. Azərbaycan Respublikası İXM-nin 91.0-cı maddəsinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsin bu Məcəllə ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün aşağıdakı tədbirləri görür: 91.0.1. tutulmuş şəxsə dərhal onun tutulmasının əsaslarını bildirmək, onun hüquqlarını izah etmək; 91.0.2. tutulmuş şəxsi inzibati xəta haqqında protokolla tanış etmək; 91.0.3. tutulmuş şəxsin xahişi ilə onun yaxın qohumlarına, işlədiyi və ya təhsil aldığı yerin müdiriyyətinə, yaxud vəkilinə məlumat vermək; 91.0.4. tutulmuş yetkinlik yaşına çatmayanın valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal məlumat vermək; 91.0.5. tutulmuş şəxslə davranışda onun şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşmaq; 91.0.6. tutulmuş şəxsə öz vəkili ilə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq; 91.0.7. tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidəki vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq. Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz…c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması… Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən bu maddənin İ bəndinin «c» yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər. Avropa Konvensiyasının 5-ci maddəsinin 4-cü bəndinə əsasən tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Məhkəmə onu da bildirir ki, inzibati qaydada tutulmanın vaxtı ilə bağlı daxili hüquqla Avropa Konvensiyasının 5-ci maddəsi arasında müəyyən ziddiyyətlər vardır. Belə ki, Avropa Məhkəməsinin Avropa Konvensiyasının 5-ci maddəsi ilə bağlı presedentləri tutulmanı, həbsə almanı o cümlədən şəxsin konkret olaraq polisin nəzarəti altına keçməsi, bu zaman onun hərəkət sərbəstliyinin məhdudlaşdırılması vaxtı ilə bağlayırsa, Azərbaycan Respublikası İXM-nin 89.5-ci maddəsi inzibati qaydada tutma müddətini inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablayır. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsində isə tutulma vaxtı barəsində tutulma tətbiq edilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesab edilmişdir. Bu da tutulmanın həyata keçirilməsi və sənədləşdirilməsi ilə bağlı hüquqtətbiqetmə praktikasında yanlışlıqlara gətirib çıxarır. Məsələn, praktika göstərir ki, bir sıra hallarda polis əməkdaşları şəxsin müəyyən vaxtda və ərazidə saxlanılmasını tutulma ikim qəbul etmir və sənədləşdirmirlər. Onlar bunu polisə dəvət kimi qəbul edir və polis şöbəsində tərtib olunmuş tutma protokolunun göstərildiyi vaxtdan şəxsin tutulmasını qəbul edirlər. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, hər bir halda Avropa Konvensiyası Azərbaycan Respublikasının qoşulduğu dövlətlərarası müqavilə olduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən o, Azərbaycan Respublikası İXM-dən daha üstün hüquqi qüvvəyə malikdir və onlar arasında ziddiyyət olduqda Avropa Konvensiyasının normaları tətbiq olunmalıdır. Avropa Məhkəməsi özünün presedentlərində dəfələrlə qeyd etmişdir ki, istənilən azadlıqdan məhrum etmə daxili hüquqa, habelə Avropa Konvensiyasının normalarına tam uyğun olmaqla həyata keçirilməlidir. Başqa sözlə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, Avropa Konvensiyasının 5-ci maddəsinin konkret tələblərinə əməl edilməsini, hətta onlar daxili hüquqda nəzərdə tutulmasa belə, təmin etmək zəruridir. Azadlıqdan məhrum edilmə Avropa Konvensiyasının təmin etdiyi digər hüquq və azadlıqlara müdaxilə məqsədilə və ya əsassız olaraq tətbiq edilən qanun əsasında həyata keçirilibsə, yaxud bu tədbirin xarakterində qüsur varsa, o, etiraza səbəb olacaqdır. Kurt Türkiyəyə qarşı məhkəmə işində Avropa Məhkəməsi qərara aldı ki, hər bir azadlıqdan məhrum etmə təkcə milli hüququn əsas prosessual normalarına uyğun həyata keçirilməməli, həm də 5-ci maddənin məqsədinə, yəni fərdi hakimiyyət orqanlarının zorakılığından qorumaq məqsədinə cavab verməlidir. Avropa Məhkəməsinin mövqeyinə görə, hüquq-mühafizə orqanının əməkdaşı (faktiki gücün tətbiq edilib-edilməməsindən asılı olmayaraq) aydın şəkildə bildirsə ki, şəxs bu və ya digər yeri tərk edə bilməz, yaxud onun ardınca hər hansı başqa bir yerə getməlidir, bu artıq şəxsin tutulması, həbsə alınması deməkdir. Beləliklə, bu anlayış şəxsin küçədə saxlanılaraq, ondan polis məntəqəsinə getməyin tələb edildiyi hallara da şamil olunur. Burada məcburiyyət amilinin olması önəmlidir. De Vilde, Qoms və Versip Belçikaya qarşı məhkəmə işində Avropa Məhkəməsi bildirdi ki, şəxsin könüllü gəlməsi heç bir əhəmiyyət daşımır. Bundan başqa, azadlıqdan məhrum edilmiş şəxsin azadlıqdan məhrum edildiyindən xəbərsiz olması xüsusi əhəmiyyətə malik deyil; əgər şəxs konkret yeri sərbəst tərk edə bilmirsə, bu kifayətdir. Azadlıq ifrat dərəcədə məhdudlaşdırılırsa və bu tədbirə məruz qalan şəxs istər küçədə, istərsə də, hər hansı digər açıq məkanda müəyyən yeri tərk edə bilmirsə, yaxud hər hansı nəqliyyat vasitəsinin içərisində və ya binada (bunun kamera olması vacib deyil) qalmağa məcbur edilirsə, 5-ci maddənin müddəaları tətbiq edilməlidir. Bununla belə, şəxs müəyyən yerdə olarkən müəyyən dərəcədə azadlığa malikdirsə, bu mütləq o demək deyil ki, 5-ci maddə tətbiq edilə bilməz (məsələn X7rşı, Qutsardi İtaliyaya qarşı, Mantsoni İtaliyaya qarşı, Kipr Türkiyəyə qarşı işlər). Avropa Konvensiyası tutulan şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsini tələb edir və əks halı Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin pozuntusu kimi qiymətləndirir. Hazırki işin halları ilə bağlı məhkəmə qeyd edir ki, polis əməkdaşları tərəfindən xx xxxxxx 2021-ci il tarixdə, saat 12 radələrində Balakən şəhəri «Amor Parfüm» mağazasında Şəxs saxlanılması, bu müddətdə onun hərəkət sərbəstliyinin məhdudlaşdırılması Şəxs tutulmasıdır və bu zaman tutulmanı həyata keçirən orqanın və vəzifəli şəxsin tutulmanın tarixi, vaxtı, yeri, səbəbləri və əsasları göstərilməklə onun sənədləşdirilməsi (protokol tərtib edilməsi), qeydə alınması və tutulan şəxsin prosessual hüquqlarının təmin olunması vəzifəsi ortaya çıxır. İşin hallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada tutulması qanunamüvafiq qaydada sənədləşdirilmədiyindən, yəni müvafiq qaydada tutulmanın tarixi, vaxtı, yeri, səbəbləri və əsasları qeyd edilmədiyindən, Şəxs münasibətdə Avropa Kovensiyasının 5-ci maddəsinin 1-ci bəndi pozulmuşdur. Anqelova Bolqarıstana qarşı işdə Avropa Məhkəməsi ərizəçinin oğlunun faktiki həbsi sənədləşdirilmədiyi üçün, ona münasibətdə Avropa Konvesiyasının 5-ci maddəsinin 1-ci bəndinin pozuntusunu qeyd etmişdir. Eyni hal X3rşı iş üzrə qərarda da qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının İXM-də və digər qanunvericilik aktlarında tutulmuş şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsi xüsusi olaraq göstərilir. Bu xüsusda məhkəmə onu da bildirir ki, xx xxxxxx 2021-ci il tarixdə, saat 12 radələrində tutulan zaman Şəxs tutulmasının səbəbləri və ona qarşı irəli sürülən inzibati ittiham barədə məlumat verilməmiş, bununla da ona münasibətdə Avropa Konvensiyasının 5-ci maddəsinin 2-ci bəndinin tələbləri də pozulmuşdur. Belə ki, qeyd edildiyi kimi, Avropa Konvensiyasının 5-ci maddəsinin 2-ci bəndi tutulmuş hər kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilməsini tələb edir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, Şəxs inzibati qaydada tutulması qanunsuz olmuş; Avropa Konvensiyasının 5-ci maddəsinin «c» bəndində göstərilən hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması məqsədini, həmçinin İXM-nin 88.1-ci maddəsində göstərilən inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi məqsədini güdməmiş və bu məqsədlərə mütənasib olmamış, onun tutulması 7 saat ərzində davam etməklə və bu zaman tutulmanın əsasları və səbəbləri və davam etmə müddəti ona bildirilməməklə, onun müdafiəçiyə malik olmaq və digər hüquqları təmin edilməməklə və bildirdiyinə görə onda qapalı yerlərə kəskin fobiya və nevroz xəstəliyi olması şəraitində onun üçün əzabverici olmuş, onun tutulması (tarixi, vaxtı, yeri, səbəbləri və əsasları) sənədləşdirilməməklə onun inzibati qaydada tutulma haqqında qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət etmək hüquqları, həmçinin onun tutulmasının əsaslarını bilmək, hüquqları barədə izahat almaq, inzibati xəta haqqında protokolla tanış olmaq, ona qarşı etiraz etmək, mülahizələrini bildirmək, yaxın qohumlarına, işlədiyi və ya təhsil aldığı yerin müdiriyyətinə, yaxud vəkilinə məlumat verilməsini tələb etmək; öz vəkili ilə əlaqə saxlamaq və onunla görüşmək imkanına malik olmaq, öz vəkili olmadıqda, müvəqqəti saxlama yeri üzrə ərazidəki vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını almaq, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanına malik olmaq hüquqları pozulmuşdur. Bu xüsusatlarla bağlı da Şəxs münasibətdə Avropa Konvensiyasının 5.1, 5.3 və 5.4-cü maddələrinin və Azərbaycan Respublikası İXM-nin 88, 89, 90 və 91-ci maddələrinin tələbləri pozulmuşdur. İş materiallarından görünür ki, Şəxs qanunda göstərilən məqsədlərə görə tutulmamışdır. Belə ki, o, işinə vaxtında və düzgün baxılması üçün məhkəməyə polis tərəfindən gətirilməmiş, onun işinə baxılmasından bir gün əvvəl buraxılmış və məhkəmənin çağırışına görə məhkəməyə gəlmişdir. Onun məhkəmədən yayınma halları olmamış, məhkəmənin çağırışlarına vaxtında gələrək, məhkəmə iclaslarında iştirak etmişdir. Eyni zamanda o, polisdən qaçıb gizlənməmiş, barəsində inzibati xəta haqqında protokolların tərtib edilməsinə hər hansı formada maneçilik törətməmişdir. Onun tutulmasının qanunsuz olması açıq-aşkardır. İş materiallarından həmçinin görünür ki, fərdi qaydada fəaliyyət göstərən vəkil X27, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 3 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil X11 nəfinə, «KAPİTALBANK» X28 Rekvizitləri: VÖEN **********,kod 200695,Müxbir hesab AZ37NAB********************, BİK AİİBAZ2x. hesabına 18 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 53,105.1, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Əməlində inzibati xəta tərkibi olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrilə başlanmış inzibati xəta haqqında işlər üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil X11 nəfinə, «KAPİTALBANK» X28 Rekvizitləri: VÖEN **********,kod 200695,Müxbir hesab AZ37NAB********************, BİK AİİBAZ2x. hesabına 18 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar