Məhkəmə qərarları › İş №3(019)-272/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-272/2022

16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-272/2022 16.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, X1 katibliyi, Balakən rayonu Qaysa kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 590.2-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2022-ci il tarixdə saat 10.35 radələrində üzərində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə olmadan İJ markalı, 16 çaplı, 103116-58 nömrəli qoşalüləli ov tüfəngini qanunsuz olaraq saxlaması aşkar edilmişdir. Bu barədə Balakən RPŞ-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 02 avqust 2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Şəxs həmin inzibati xətanın törətməsi iş materiallarında olan sübutlarla tam təsdiq olunur. Belə ki, iş materiallarında olan Şəxs Balakən Rayon Polis Şöbəsinə verdiyi izahatından görünür ki, o, Balakən rayonu Qaysa kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə səhər saat 7-8 radələrində dostu, həm də qonçusu X3 kəndində 11-ci zastava ərazisinə balıq tutmaq məqsədilə getmişlər. Evdən çıxan zaman özü ilə babasından qalmış 16 çaplı sənədsiz qoşalüləli ov tüfəngini də götürmüşdür. Təxminən 2-3 saat qarmaqla balıq tutmaq istəsələr də, tuta bilməmiş, bu zaman onlara sərhəd qoşunlarının əməkdaşları yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra onlardan əraziyə daxil olmaq üçün buraxılış kağızı istəmişlər. Onlar da icazə buraxılış kağızı olmadığı üçün zastavaya aparılmışlar. Evdən çıxarkən götürdüyü sənədsiz ov tüfəngini sərhəd xidmətinin əməkdaşları götürmüş və özləri ilə zastavaya aparmışlar. Heç vaxt o, qanunsuz ovçuluq ilə məşğul olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N №-li hərbi hissə komandiri, v.i.e polkovnik Ceyhun Qulamov tərəfindən Balakən RPŞ-nin rəisi, polis polkovniki Çingiz Aslanova ünvanlanmış 01 avqust 2022-ci il tarixli, k/1994 №-li məktubda göstərilir ki, xx.xx.2022-ci il tarixdə saat 10:35 radələrində Sərhəd Dəstəsinin xidməti ərazisinin əhatə etdiyi Balakən rayonunun Meşəşambul kəndi ərazisində Balakən rayon Qaysa kənd sakinləri xx.xx.1986-cı il təvəllüdlü X5 və xx.xx.1987-ci il təvəllüdlü Şəxs sərhədboyu rejim qaydalarına pozduqlarına görə sərhəd naryadları tərəfindən saxlanılmışdırlar. Sərhəd rejim pozucuları saxlanılan zaman Şəxs üzərində müvafiq sənədləri olmayan İJ markalı, 16 mm-lik, 103116-58 nömrəli qoşalüləli ov tüfəngi və ov tüfənginə məxsus 4 ədəd patron aşkar edilərək götürülmüşdür. İş materiallarından görünür ki, Şəxs aşkar edilmiş 1 ədəd İJ markalı, 16 çaplı, 103116-58 nömrəli qoşalüləli ov tüfəngi və ov tüfənginə məxsus 4 ədəd patron Balakən Rayon Polis Şöbəsində saxlanılır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarından müəyyən olunur ki, Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İlk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin sanksiyasında silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 26.3-cü maddəsinə əsasən əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, döyüş sursatı və digər ov aləti müsadirə edilə bilməz. İş materiallarından görünür ki, Şəxs əsas dolanacaq mənbəyi ov deyildir. Ona görə də onun barəsində İXM-nin 26.3-cü maddəsi tətbiqn oluna bilməz. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, ondan götürülmüş və Balakən Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd İJ markalı, 16 çaplı, 103116-58 nömrəli qoşalüləli ov tüfəngi və ov tüfənginə məxsus 4 ədəd patron dövlət nəfinə müsadirə edilməklə 80 (səksən) manat miqdarında inzibati qaydada cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 77, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ondan götürülmüş, Balakən Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd İJ markalı, 16 çaplı, 103116-58 nömrəli qoşalüləli ov tüfəngi və ov tüfənginə məxsus 4 ədəd patron dövlət nəfinə müsadirə edilməklə 80 (səksən) manat məbləğdə inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar