Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-272/2023 03.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1991-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay , işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Gərəkli kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 23 iyun 2023-cü il tarixdə saat 16:00 radələrində Balakən rayon Gərəkli kəndində şəxsi istehlak miqdarında-narkotik vasitə olan martixuana qəbul etmişdir.O, həmin vaxt Balakən rayonu Gərəkli kəndi ərazisində küçədə nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və onu nizam- intizama dəvət edən polis əməkdaşları Şahid və X2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili , polis leytenantı Zamir Kazımovun raportu əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahidlərin ifadələri alınmış və Balakən rayonu Gərəkli kəndində yaşayan Şəxs Murutzəli oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, Balakən rayonu Gərəkli kəndində ailəsi ilə birlikdə yaşayır. Təxminən iki il əvvəl özünə məxsus avtomaşında Balakən rayonu Qazbinə kəndi ərazisində avtomobil qəzası keçirmişdir. Həmin vaxtdan hazıra kimi psixotrop və ağrıkəsici dərmanlardan istifadə edir. 20 iyun 2023-cü il tarixdə Balakən rayonu Gərəkli kəndində hərəkətdə olduğu zaman yolun kənarından bir siqaretlik narkotik vasitə olan marixuana tapmışdır. Həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə istifadə etmişdir. Bir müddət sonra o,Balakən rayonu Gərəkli kəndi ərazisində olarkən əsəbləşmiş və küçədə ucadan nəlayiq söyüşlər söyməyə başlamışdır. Həmin vaxt orada olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu nizam intizama dəvət etmişlər. Lakin həmin vaxt o əsəbi olduğundan onlarla söz mübahisəsi etmişdir. Buna görə də polis əməkdaşları onu rayon polis şöbəsinə gətirmişlər. Törətdiyi əməldən peşmandlır.O,bir neçə gündən sonra əməliyyat olunmalıdır. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki,Balakən Rayon Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Balakən rayonu Gərəkli kəndində narkotik vasitələrinin ticarəti olacağı barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında o və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili ,polis leytenantı Zamir Kazımov ilə qeyd olunan ünvana getmişlər. Orada olan zaman hərəkətlərindən narkotik vasitənin təsiri altında olmalarını hiss etdiyi bir nəfər şəxsin küçədə uca səslə ünvansız nəlayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə məhəl qoymamış və öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra onlar həmin şəxsi polis şöbəsinə gətirmiş və raportla rəisə məruzə etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 23 iyun 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 iyun 2023-cü il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuş, 25 iyun 2023-cü il tarixdə saat 13:00-da azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş İNVİTRO Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş 24.06 2023-cü il tarixli Ekspres Metoddan görünür ki, Şəxs sidiyində marixuana (THC)- pozitiv -aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Balakən rayonu Gərəkli kənd sakini xx.xx.1991-ci il təvəllüdlü Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafəisi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 3 saylı Şəki –Zaqatala regional filialı tərəfindən 25 iyun 2023-cü il tarixli 3- 17-1/2-147530/2023 nömrəli Balakən rayon Polis Şöbəsinə ünvanladığı məktubdan görünür ki, Balakən rayonu Gərəkli kənd sakini ,xx.xx.1991-ci il təvəllüdlü Şəxs filalımız tərəfindən xx.xx.2023-cü il tarixədək heç bir növ pensiya, sosial müavinət və təqaüd almır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206,510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında isə bir ayadək müddətə inzibati həbs tənbehi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında isə iki ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında iki ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran haların olmamasını, törədilmiş xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206,510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-272/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-272/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver