Məhkəmə qərarları › İş №3(019)-276/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-276/2021

17.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-276/2021 17.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, X1 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçi- Balakən rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1985-ci ildə Balakən rayonunda anadan olmuş, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Balakən rayonu Hənifə kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsi ilə icraatı başlanmış Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X8 tərəfindən Şəxs 16 avqust 2021-ci il tarixdə, saat 20.50 radələrində Balakən şəhəri, R.Səmədov küçəsində ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması əsası ilə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə inzibati xəta haqqında 17 avqust 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Hənifə kəndində tək yaşayır. Subaydır. Fəhləlik ilə məşğul olub çörək pulu qazanır. 16.08.2021-ci il tarixdə Balakən şəhər ərazisində kafelərdən birində 5 bokal pivə içmişdir. Pivəni içdikdən sonra evə getmək qərarına gəlmiş, kafedən çıxmışdır. Sərxoş olduğundan başı ağrımış, ona görə də əsəbləşərək küçədə söyüş söyməyə başlamışdır. Həmin vaxt ona polis əməkdaşları yaxınlaşmış, ictimai qaydanı pozduğunu bildirib, onu Balakən RPŞ-yə dəvət etmişlər. Əməlindən səmimi peşmandır. Gələcəkdə belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi X8, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, İXM-nin 510-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yüzbaşıyev Vasif Cavanşir oğlu izahatında göstərdi ki, 16.08.2021-ci il tarixdə saat 20.50 radələrində Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Vüqar Qaracayevlə birlikdə Balakən şəhəri R.Səmədov küçəsində xidməti avtomaşınla xidmətdə olan zaman Şəxs adlı şəxsin yolun kənarında ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq ona özlərini təqdim etmişlər və Balakən RPŞ-yə dəvət etmişlər. İşdə olan 16.08.2021-ci il tarixli, ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 avqust 2021-ci il tarixdə saat 21.30-da inzibati qaydada tutulmuş və 17 avqust 2021-ci il tarixdə saat 16.05-də azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın mahiyyətini təşkil edən «ictimai qaydanı pozma» ifadəsinə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin bu xüsusda olan qərarlarına istinad etməyi vacib sayır. Belə ki, «Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və X2 İşlər Üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanı pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə yaradan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərlə özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Təqsirkarın ictimai qaydanı pozmaq niyyətində olduğu müəyyənləşdirilməyibsə, deməli, onun hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2 bəndində qeyd olunur ki, ictimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davaranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Yuxarıda istinad olunan qanun normalarının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın tərkibinin yaranması üçün onun hərəkətləri ictimai qaydanın pozulmasına yönəlməli (obyektiv tərəf) və bu zaman xırda xuliqanlıq niyyəti olmalıdır (subyektiv tərəf). Başqa sözlə, əməldə həmin xətanın tərkibinin olub-olmamasının aydınlaşdırılması üçün ictimai qaydanı pozan hərəkətlərin törədilib-törədilməməsi və ictimai qaydanı pozmaq niyyətinin olub-olmamasının müəyyənləşdirilməsi həlledici şərtlərdir. Bunlar yoxdursa, deməli əməldə xırda xuliqanlığın tərkibi də yoxdur. İşdəki sübutlardan görünür ki, Şəxs 16.08.2021-ci il tarixdə, saat 20.50 radələrində Balakən şəhəri, R.Səmədov küçəsində ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və bu hərəkəti qəsdən törətmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli İXM-nin 510-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd olunanlara əsasən məhkəmə inzibati xətanı törətməsindən səmimi peşmançılığını və ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xətanı törətməsindən səmimi peşmançılığı və ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması, qanunçuluq və ədalətlilik prinsiplərinin təmin edilməsi nöqteyi-nəzərindən ədalətli, qanuni və əsaslı hesab edirəm. Həmçinin Şəxs 16 avqust 2021-ci il tarixdə saat 21.30-dan 17 avqust 2021-ci il saat 16.05-dək müddətində inzibati qaydada tutulduğundan, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilərkən Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 31.4-1ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Muradov Nurlan İlham oğlu, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Muradov Nurlan İlham oğluna ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 16 avqust 2021-ci il tarixdə saat 21.30-dan 17 avqust 2021-ci il saat 16.05-dək inzibati qaydada tutulduğu nəzərə alınmaqla 75 (yetmiş beş) manat məbləğdə inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Muradov Nurlan İlham oğluna ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar