Məhkəmə qərarları › İş №3(019)-277/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-277/2022

01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-277/2022 01.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 22, mənzil 62 olan «X1» Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra «X1» MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 485.2-ci maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Gürcüstan Respublikasında qeydiyyatda olan və fəaliyyət göstərən «GEİMPEX» şirkətindən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 22, mənzil 62 ünvanında qeydiyyatda olan «X1» MMC-nin (VÖEN № **********) ünvanına idxal olunan 284 kq çəkidə və 46700 ABŞ dolları dəyərində tibbi avadanlıqlar (endoskop və colposkop cihazları) yükü 90TB037 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində idxal olunmuş, həmin yük xx.xx.2021-ci il tarixdə «Mazımqara» gömrük postuna çatdırılmış, lakin «X1» MMC tərəfindən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bu barədə Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən 11 avqust 2022-ci il tarixli, 11000-2641/22 (EP № 0005255) nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X1» MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Bas Gömrük idarəsi məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, «X1» MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Həm də «X1» MMC-nin əməli Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli raportdan, «X1» MMC-nin direktorunun izahatından, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 11 avqust 2022-ci il tarixli, 11000-2641/22 (EP 0005255) nömrəli inzibati xəta haqqında protokoldan və işdə olan digər sənədlərdən görünür ki, Gürcüstan Respublikasında qeydiyyatda olan və fəaliyyət göstərən «GEİMPEX» şirkətindən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 22, mənzil 62 ünvanında qeydiyyatda olan «X1» MMC-nin (VÖEN № **********) ünvanına idxal olunan 284 kq çəkidə və 46700 ABŞ dolları dəyərində tibbi avadanlıqlar (endoskop və colposkop cihazları) yükü 90TB037 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində idxal olunmuş, həmin yük xx.xx.2021-ci il tarixdə «Mazımqara» gömrük postuna çatdırılmış, lakin «X1» MMC tərəfindən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin sanksiyasında vəzifəli şəxslər üçün min manat məbləğində, hüquqi şəxslər üçün min beş yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə hüquqi şəxs «X1» MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, inzibati xəta nəticəsində hüquq şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini,hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, «X1» MMC Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: «X1» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar