Məhkəmə qərarları › İş №3(019)-279/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-279/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-279/2025 14.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, protokol tərtib etmiş şəxs Balakən RPŞ-nin İTB-nin sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Zərdab rayonu Hüseynxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Zərdab rayonu Hüseynxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Balakən RPŞ-nin İTB-nin sahə rəisi X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 02 radələrində Balakən şəhəri H.Əliyev prospektində küçədə uca səslə nalayiq ifadələr işlədən zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Balakən RPŞ-nin İTB-nin sahə rəisi X9, xx.xx.2025-ci il tarixdə icraatına raport daxil olduğunu, həmin raport əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini, inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu, barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Balakən rayon Poçtbinə kəndində yerləşən çay kənarında istirahət etmək üçün getmişdir. Çayın kənarında spirtli içki qəbul etmiş, axşam tərəfi yaşadığı evə qayıtmışdır. Saat təxminən 01 radələrində Balakən şəhər H.Əliyev prospektində kafenin qarşısından keçən zaman tanımadığı şəxslə aralarında sözlü mübahisə yarandı. Polis əməkdaşları onlara yaxınlaşaraq onları polis şöbəsinə dəvət edilər. Törətdiyi əməldən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 02 radələrində o və RPŞ-nin PPXB-nin polis nəfəri, polis sıravisi X11 şəhəri H.Əliyev prospektində xidmətdə olduqları zaman iki nəfər şəxsin küçədə uca səslə ünvansız nalayiq ifadələr işlədərək bir-birləri ilə mübahisə etdiklərini görüb həmin şəxslərə yaxınlaşmışlar. Onlar həmin şəxslərə özlərini təqdim edib onları nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxslər təxminən 10 dəqiqə onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdilər. Buna görə də onlar həmin şəxsləri özlərilə birlikdə Balakən RPŞ-yə gətirmişlər. RPŞ-də olan zaman həmin şəxslərin Balakən rayonu Hənifə kənd sakini X6 və Zərdab rayonu Hüseynxanlı kənd sakini Şəxs olduqları və onların həddindən çox spirtli içki qəbul etdikləri məlum oldu. Bundan sonra onlar bu barədə RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 X1 izahatına oxşar ifadə vermişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 03:00-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 11:00-da azad edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2015-cı il təvəllüdlü X10 adlı uşağı var. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan xx.xx.2025-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 02:48-də müayinə zamanı Şəxs qanda alkoqolun konsentrasiyasının 2.494 promilli olmasına əsasən alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. İnzibati xəta haqqında protokol Balakən RPŞ-nin İTB-nin sahə rəisi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunsa da, məhkəməyə xx.xx.2025-ci il tarixdə baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. 8-ci maddəsinə əsasən qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur. 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək - üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. İşin hallarını, tərəflərin, şahidlərin izahatını, hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirlidir, onun əməli Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1- 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə himayəsində bir azyaşlı uşağının olmasını, səmimi peşmançılığını Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs inzibati xətanı sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində cərimə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar