Məhkəmə qərarları › İş №3(019)-281/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-281/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-281/2024 27.06.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Talalar kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Balakən rayon İcra Hakimiyyətinin inzibati binasında ucadan ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri və bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən Rayon İcra Hakimiyyəti başçısının 27 iyun 2024-cü il tarixli məktubu əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, şahidlərin ifadələri alınmış və Balakən rayonu Talalar kənd sakini, xx.xx.1987-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, Balakən rayonu Talalar kəndində ailə üzvüləri ilə birlikdə yaşayır.15 və 7 yaşında iki uşağı vardır. Təxminən bir həftə əvvəl baş vermiş yağış və leysan nəticəsində onun evi, evinin dam örtüyü və evinin pilləkənləri dağıdılmışdır. Buna görə də o, 27 iyul 2024-cü il tarixdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin qəbuluna getmişdir.İcra hakimiyyətində onu icra başçısının birinci müavini Turan Dibirov qəbul etmişdir. O, onlardan evinin təmir edilməsini xahiş etmişdir. Turan Dibirov ona bildirmişdir ki, “sənə pula görə imtina gəlmişdir,sənə pul verə bilmərik. X3 bildirmişdir ki. ona 80 manat pul verə bilər. O, da Turan Dibirova bildirmişdir ki, ona pul lazım deyildir,ona iki otaqlı ev tiksinlər. Turan Dibirov pul olmadığını, ona ev tikə bilməyəcəklərini bildirmişdir. Bundan sonra o əsəbiləşmiş, rayonun icra başçısı İslam Rzayevlə görüşmək istədiyini bildirmişdir. X5 görüşməsinə imkan verməmişlər. O,həmin vaxt nalayiq ifadələr işlətməmişdir. Əsəbi olduğundan, həmçinin danışıq xüsusiyətinə görə uca səslə danışmışdır. İşin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o,Balakən rayonu İcra Hakimiyyətində Sosial-iqtisadi proqnozlaşdırma şöbəsinin müdir müavini vəzifəsində çalışır. 27 iyun 2024-cü il tarixdə saat 13:00 radələrində o və rayon icra hakimiyyətinin rəhbər şəxsləri ilə İcra Hakimiyyətinin dəhlizində olduqları zaman Balakən rayonu Talalar kənd sakini Şəxs rayon İcra Hakimiyyətinin inzibati binasına daxil olmuşdur.Şəxs özünə məxsus fərdi yaşayış evinin pis vəziyyətdə olduğunu, evə baxış keçirilməsini və ona yeni ev tikilməsini tələb etmişdir. O və orada olan məsul şəxslər Şəxs ilə profilaktiki söhbətlər aparmış, mövcud qanunvericiliyin tələblərini ona izah etmiş, eyni zamanda ona lazımi köməkliyin göstəriləcəyini bildirmişlər. Lakin Şəxs onların sözlərinə məhəl qoymamış, İcra hakimiyyətinin inzibati binasının dəhlizində səs-küy salmağa başlamış, uca səslə icra hakimiyytinin məsul şəxlərinin ünvanına nalayiq söyüşlər söymüş və ictimai qaydanı pozmuşdur. Təxminən 20 dəqiqə o hərəkətlərini davam etdirmişdir. Bundan sonra onun barəsində qanuni tədbir görülməsi üçün bu barədə Rayon Polis Şöbəsinə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 İsfəndiyar oğlu ifadəsində göstərdi ki, o, Balakən rayonu İcra Hakimiyyətində Sosial-iqtisadi proqnozlaşdırma şöbəsində çalışır. 27 iyun 2024-cü il tarixdə saat 13:00 radələrində o və rayon icra hakimiyyətinin rəhbər şəxsləri ilə İcra Hakimiyyətinin dəhlizində olduqları zaman Balakən rayonu Talalar kənd sakini Şəxs rayon İcra Hakimiyyətinin inzibati binasına daxil olmuşdur. Şəxs evinin yararsız vəziyyətdə olduğunu bildirmiş və ona yeni ev tikilməsini tələb etmişdir. Orada olan məsul şəxslər Şəxs ilə izahedici, profiliktiki söhbətlər aparmış, mövcud qanunvericiliyin tələblərini ona izah etmiş, eyni zamanda ona lazımi köməkliyin göstəriləcəyini bildirmişlər. Lakin o, onların sözlərinə məhəl qoymamış, səs-küy salmağa başlamış,uca səslə onların ünvanına söyüşlər söymüşdür. Şəxs hərəkətlərinə son qoymadığını gördükdə bu barədə Rayon Polis Şöbəsinə məlumat vermişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Balakən rayonu Talalar kəndində yaşayan, xx.xx.1987-ci il təvəllüdlü Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemoloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, qadın olmasını, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Vəkil Bürosunun vəkili Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 50(əlli) manat məbləğində inzibati cərimə edilsin. Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar