Məhkəmə qərarları › İş №3(019)-282/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-282/2021

06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-282/2021 06.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, inzibati məsuliyyətə cəlb olunmuş X4 iştirakı ilə İnzibati məsuliyyətə cəlb olunmuş Dibirov Mustafa Dibir oğlunun Balakən rayon Polis Şöbəsinin 14 mart 2021-ci il tarixli, AZA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: X2 rayon Polis Şöbəsinin 14 mart 2021-ci il tarixli, AZA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək Balakən rayon polis şöbəsi tərəfindən barəsində MN ******* nömrəli protokol əsasında İXM-nin 211.2-ci maddəsinə əsasən 100 AZN məbləğində tətbiq edilən inzibati cərimə haqqında AZA ******* saylı 14 mart 2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, o, 14.03.2021-ci il tarixində saat 17.50 radələrində, Balakən şəhəri Ə.Ansuxskiy küçəsində işi ilə bağlı yoldaşları ilə söhbətləşdiyi zaman, içərisində polis əməkdaşları olan ** AP *** dövlət nişanlı qara rəngli avtomobil yanlarından keçərək təqribən 100 metr kənarlaşandan sonra, geri dönərək onlara yaxınlaşaraq avtomobilin qabaq oturacağında əyləşən polis geyimli, polkovnik- leytenant rütbəli bir şəxs düşərək onlarla birgə dayanan yoldaşlardan olan X3 üzündəki qoruyucu maskaya qəfil əl ataraq cırıb çıxatrdıqdan sonra, onun da maskasını çıxartmağa cəhdlər göstərərək PPX-nin əməkdaşlarını çağıraraq onlara cərimə tətbiq etmələrini tələb etmişdir. Həmin şəxsin hansı səbəbdən və nə üçün onlara qarşı qərəzli hərəkətlər etməsinin səbəbini başa düşməmişlər. Həmin polis zabitinin özünün üzərində qoruyucu maska olmadığı halda, onların üzərinə qəfil basqı edərək, özünü təqdim etmədən, polisə yaraşmayan hərəkətlər edərək ağsaqqallara qarşı kobudluq etdikdən sonra Post Patrul Xidmətini çağıraraq hər üçünə cərimə tətbiq etmələrini tapşırmışdır.Onlar onun qanunsuz hərəkətlərinə öz etirazlarını bildirəndə, gəldiyi avtomobilə əyləşərək çıxıb getmişdir. Sonradan cərimə olunmaları barədə xəbərdarlıq edilməyinə baxmayaraq protokol təqdim edilməsinə baxmayaraq İnzibati Tənbeh vermə haqqında Qərar təqdim edilməməmişdir. Bununla bağlı dərhal DİN-nin “102” xidməti-zəng mərkəzinə məlumat verilmiş və onun barəsində 14.03.2021-ci il tarixli Akt tərtib edilmişdir.İnzibati tənbeh haqqında AZA ******* saylı qərarın surətini 13.08.2021-ci il tarixində Balakən rayon Tülü kənd poçtundan əldə etmişdir. Yuxarıda göstərdiyi hallar onu deməyə əsas verir ki, o heç bir qanun pozuntusuna yol vermədiyi halda ona əsassız cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında inzibati məsuliyyətə cəlb olunmuş X7 şikayəti müdafiə edərək onun məzmununa uyğun izahat verərək Balakən rayon Polis Şöbəsinin 14 mart 2021-ci il tarixli, AZA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon PŞ-si məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Balakən Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İşdə olan 14 mart 2021-ci il tarixli AZA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etməməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələblərini pozduğuna görə 100 (bir yüz) manat cərimə edilmişdir. İşdə olan Balakən rayon Polis Şöbəsi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 28.08.2021-ci il tarixli 109-21135/1221 nömrəli məktubda göstərilmişdir ki, “Sizin şifahi sorğunuza cavab olaraq bildiririk ki, Balakən rayonu Tülü kənd sakini X7 14.03.2021-ci il tarixdə Balakən şəhər ərazisində fərdi qoruyucu vasitə olan tibbi maskadan düzgün istifadə etmədiyi üçün onun barəsində RPŞ-nin İTB-nin sabiq polis sahə rəisi, polis kapitanı Şamil Ramazanlı tərəfindən Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə MN-1021629 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və MN-1016227 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq Mustafa Dibirov 100 AZN inzibati cərimə edilmişdir. Mustafa Dibirov həmin tarixdə DİN-nin “102” xidməti zəng-mərkəzinə zəng vuraraq narazılığını bildirmiş və müraciəti ilə bağlı 04.04.2021-ci il tarixdə Mustafa Dibirova rəsmi məktub göndərilmişdir. Bundan başqa 02.08.2021-ci il tarixdə Mustafa Dibirova yenidən məktub və barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun elektron surəti göndərilərək tətbiq olunmuş cəriməni ödəməsi izah olunmuşdur. Odur ki, Mustafa Dibirovun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun, inzibati tənbeh vermə haqqında qərarın elektron surətləri və ona ünvanlanmış məktubların surətləri aidiyyatı üzrə Sizə göndərilir”. İşdə olan Balakən rayon Polis Şöbəsi tərəfindən X5 ünvanlanmış 04.04.2021-ci il tarixli 109-7570-1221 nömrəli məktubda göstərilmişdir ki, “Sizin 14.03.2021-ci il tarixdə DİN-nin “102" xidməti-zəng mərkəzinə etdiyiniz müraciət Balakən RPŞ-si tərəfindən araşdırılmış, araşdırma zamanı 14.03.2021-ci il tarixdə tibbi maskadan istifadə etmədiyiniz üçün Sizin barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək 100 AZN məbləğində inzibati cərimə olunduğunuz müəyyən olundu. Odur ki, məlumat üçün Sizə bildiririk”. İşdə olan Balakən rayon Polis Şöbəsi tərəfindən X5 ünvanlanmış 02.08.2021-ci il tarixli 109-18414-1221 nömrəli məktubda göstərilmişdir ki, “14.03.2021-ci il tarixdə siz fərdi qoruyucu vasitə olan tibbi maskadan düzgün istifadə etmədiyiniz üçün Balakən RPŞ-nin əməkdaşları tərəfindən barənizdə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq 100 AZN inzibati cərimə olunmağınız barədə qərar qəbul edilmişdir. Həmin cərimənin tətbiq edilməsindən 1 aydan artıq müddət keçməsinə baxmayaraq hələ də cəriməni ödəməmisiniz. Azərbaycan Respublikası İXMnin 150.7-ci maddəsinə əsasən vətəndaş barəsində tətbiq olunmuş inzibati cəriməni könüllü qaydada ödəmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir.Odur ki, məlumat üçün sizə bildiririk”. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsi dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət qismən təmin edilməli, Balakən rayon Polis Şöbəsinin 14 mart 2021-ci il tarixli, AZA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli,inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: - protokolun tərtib edildiyi tarix və yer; - protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat - inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; - inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; - olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; - inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; - inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; - inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-100.4-cü maddələrinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materiallarından görünür ki, X7 14 mart 2021-ci il tarixdə santitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən düzgün istifadə etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin tarixli AZA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən o, 100 manat cərimə edilmişdir. İnzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, protokolda inzibati xətanın törədildiyi yer göstərilməmiş, X4 izahatı alınmamış, onun hüquqları təmin edilməmiş, protokolun surəti ona 4 ay 18 gündən sonra göndərilmişdir. X7 həmin qərardan şikayət verərək qərarın əsassız olduğunu göstərib qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolun düzgün tərtib edilməməsini, X4 hüquqlarının təmin edilməməsini , inzibati xəta haqqında protokolun və AZA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətinin qanunla müəyyən edilmiş müddətdə ona verilməməsini nəzərə alaraq hesab edirəm ki, AZA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Eyni zamanda inzibati xəta haqqında işdən görünür ki, inzibati xətanın baş verdiyi vaxtdan 5 ay 22 gün müddət keçmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, şikayət təmin edilməli, məsuliyyətə cəlb etmə müddəti keçdiyindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: İnzibati məsuliyyətə cəlb olunmuş X4 şikayəti təmin edilsin. Balakən rayon Polis Şöbəsinin 14 mart 2021-ci il tarixli, AZA ******* nömrəli qərarı ləğv edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar