Məhkəmə qərarları › İş №3(019)-284/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-284/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-284/2025 22.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, protokol tərtib etmiş şəxs Balakən RPŞ-nin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Balakən RPŞ-nin İTB-nin sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2025-ci il tarixli MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində Balakən şəhəri Niyazi küçəsində uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bu hərəkətlərinin dayandırılmasını tələb edərək onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Balakən RPŞ-nin İTB-nin sahə rəisi X5, xx.xx.2025-ci il tarixdə icraatına raport daxil olduğunu, həmin raport əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edildiyini, inzibati xətaları törətməsinin iş materialları ilə təsdiq olunduğunu, barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində xalasına məxsus Balakən rayonu Gərəkli kəndində yerləşən evdə onunla həyat yoldaşı X6 arasında qısqanclıq zəminində mübahisə yarandı. Mübahisə zamanı o, özünü ələ ala bilməyib yoldaşı Anarəyə bıçaqla xəsarət yetirdi. Sonra isə o, Balakən şəhəri Niyazi küçəsində yerləşən öz evinə gəldi. O, evdə olan zaman iki nəfər polis əməkdaşı gələrək onu küçəyə çağırdılar və baş vermiş hadisə ilə əlaqədar onlarla RPŞ-yə getməli olduğunu izah etdilər. Bu zaman o əsəbi olduğu üçün RPŞ-yə getməyəcəyini deyərək küçədə uca səslə ünvansız nalayiq ifadələr işlətdi. Təxminən 15 dəqiqə küçədə mübahisə etdikdən sonra polis əməkdaşları ilə birgə Balakən RPŞ-yə getdi. Törətdiyi etdiyi əməldən peşmandır. Azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs həyat yoldaşı X2 bıçaqla xəsarət yetirməsi ilə əlaqədar həmin tarixdə saat 22:30 radələrində o və RPŞ-nin KMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru X11 Yetimovu RPŞ-yə gətirmək üçün onun yaşadığı ünvana getdilər. Onlar Şəxs küçəyə çağıraraq ona özlərini təqdim etdilər və baş vermiş hadisə ilə əlaqədar onlarla RPŞ-yə gəlməli olduğunu izah etdilər. Bu zaman Şəxs onlarla RPŞ-yə gəlməyəcəyini deyərək küçədə uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başladı. Onlar dəfələrlə onu nizam-intizama dəvət etsələr də Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirməyə başladı. Təxminən 15 dəqiqə Şəxs onlarla küçədə mübahisə etdikdən sonra onlar onu sakitləşdirdilər və özlərilə birlikdə Balakən RPŞ-yə gətirdilər. Bundan sonra onlar bu barədə RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatı şahid X4 göstərdiyi xüsusatlarla eyni mahiyyətli olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 22:00-da azad edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü Zəhra və xx.xx.2013-cü il təvəllüdlü Ramazan adlı iki azyaşlı uşağı var. Azərbaycan Respublikası İXM-nin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. İnzibati xəta haqqında protokollar xx.xx.2025-ci il tarixdə tərtib olunsa da, məhkəməyə baxılması üçün xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə işin hallarını araşdıraraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.2-ci maddəsinə əsasən görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. Məhkəmə inzibati xətaları törətməsindən səmimi peşmançılığını, himayəsində 2 azyaşlı uşağının olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətaların xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta sayılan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs tətbiq edilməli, Şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək inzibati qaydada tutulub saxlandığı müddət nəzərə alınmalı, inzibati həbs müddətinin əvvəli 22 iyul 2025-ci il tarixdən saat 15:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində 12 (on iki) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək inzibati qaydada tutulub saxlandığı müddət nəzərə alınsın və barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs müddətinin əvvəli 22 iyul 2025-ci il tarixdən saat 15:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar