Məhkəmə qərarları › İş №3(019)-293/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-293/2021

01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-293/2021 01.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən Rayon Polis Şöbəsinin İTBin sahə rəisi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən şəhəri H.Əliyev prospektində yaşayan Şəxs Sabir oğlu barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Sabir oğlu 31 avqust 2021-ci il tarixdə saat 16:00- radələrində Balakən şəhəri H.Əliyev prospektində yerləşən binanının həyətində ucadan nalayiq sözlərlə söyüş söyərək ictimai qaydanı pozmuş və həmin vaxt onu intizama dəvət edən Balakən rayon Polis Şöbəsinin əməkdaşları Şahid1 və Şahid2 oğlunun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs Sabir oğlunun sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında özünün səmimi etirazedici ifadəsi, şahidlərin ifadələri və işdə olan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X1 məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin CAB-in əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 oğlunun raportu əsasında onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, şahidlərin ifadələri alınmış və Balakən şəhəri Heydər Əliyev prospekti 41 saylı binada yaşayan xx.xx.1990cı il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddələrlə inzibati protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs Sabir oğlu özünü təqsirli bilərək göstərdi ki, o, Balakən şəhəri, H.Əliyev prospektində yaşayır. 31 avqust 2021-ci il tarixdə o, yaşadığı Balakən şəhəri H.Əliyev prospektində yerləşən binanın həyətində olan zaman iki nəfər şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək onu rayon polis şöbəsinə dəvət etmişlər. Bu zaman o, qorxduğu üçün yaşadığı binanın həyətində səs-küy salmış və orada olan şəxslərlə mübahisə yaratmışdır. Polislər onu intizama dəvət etsələr də o sakitləşməmişdir.Buna görə polis əməkdaşları onu rayon polis şöbəsinə gətirmişlər. Əməlindən peşmandır.Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Balakən rayon Polis Şöbəsinin CAB-in əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 oğlu göstərdi ki, Balakən şəhəri H.Əliyev prospekti 25 nömrəli evdə yaşayan Zərərçəkmiş şəxs ərizə ilə rayon polis Şöbəsinə müraciət edərək oğlu -Şəxs Sabir oğlunun narkotik vasitələr qəbul etməsini, bu tələbini ödəmək üçün ondan pul tələb etməsini, pul verməyəndə isə evdə dava- dalaş saldığını göstərmişdir. Həmin ərizə onun icraatında olmuş və o, sözügedən ərizənin icrası ilə bağlı 31 avqust 2021-ci il tarixdə əməliyyat müvəkkili Şahid2 Ziyad oğlu ilə birlikdə Şəxs yaşadığı ünvana getmişlər. Həmin şəxsi Balakən rayon polis şöbəsinə dəvət edərkən o küçəyə çıxmış və ucadan nalayiq söyüşlər söyməyə başlamışdır. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmaqdan boyun qaçırmış və qaçmağa cəhd göstərmişdir. Şəxs onlardan qaçmaq cəhdinin qarşısı alınmış və o, rayon polis şöbəsinə gətirilmiş və Balakən Rayon Polis Şöbəsinin rəhbərliyinə bu barədə raportla müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Balakən rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili , Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 31 avqust 2021-ci il tarixli inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs Sabir oğlu 31 avqust 2021-cu il saat 17:00-da inzibati qaydada tutulmuş, 01 sentyabr 2021-ci il tarixdə saat 16:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Sabir oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sabir oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, 535.1-ci maddəsinin sanksiyasında isə bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs Sabir oğluna həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sabir oğlunun şəxsiyyətini, törədilmiş xətanın xarakterini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Sabir oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sabir oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilsin. Onun bir gün tutulub saxlandığı müddət inzibati həbs müddətinə daxil edilib həmin müddətdən çıxılsın,üzərində qəti olaraq 9 (doqquz)gün müddətə inzibati həbs saxlansın. İnzibati həbs müddətinin əvvəli 01 sentyabr 2021-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar