Məhkəmə qərarları › İş №3(019)-293/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-293/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-293/2025 01.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Balakən rayonu Talalar kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Balakən rayonu Talalar kəndində yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Balakən Rayon Dövlət X3 Yol Patrul Xidməti inspektoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:16da idarə etdiyi Mercedes-Benz Vito markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən şəhəri H.Əliyev prospektində İXM-nin 333.1 maddəsində nəzərdə tutulmuş xətanı bir il ərzində təkrar törətmişdir, son bir il ərzində təkrar olaraq sərxoş vəziyyətdə avtomaşın idarə etmişdir. Balakən RPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş vəzifəli şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, inzibati protokol tərtib edilməzdən bir gün əvvəl spirtli içki qəbul etmişdir, anlaşılmazlıq olduğundan barəsində protokol tərtib edilmişdir. Barəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəsi aktından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:22-də müayinə zamanı Şəxs qanda alkoqolun konsentrasiyasının 0,370 promilli olmasına əsasən alkoqol sərxoşluğu müəyyən edilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 400 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. İnzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib olunsa da, məhkəməyə baxılması üçün xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının: 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. 2.3-ci bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 333.2-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəxs barəsində tərtib edilmiş protokolda inzibati xətanın törədilmə saatı 17:16 kimi göstərilsə də, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəsi aktında müayinə oldunduğu saat 16:22 olaraq qeyd olunmuşdur. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, barəsində protokol tərtib edilən gündən əvvəlki gün spirtki içki qəbul etmişdir. Bundan başqa tibbi müayinə aktına əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:22-də müayinə zamanı alkoqol sərxoşluğu müəyyən edilsə də, protokol tərtib edən orqan tərəfindən onun xx.xx.2025-ci il tarixdə saat 17:16-da avtomaşın idarə etməsi barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəblə məhkəmə hesab edir ki, iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmə işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin tərkibi yoxdur, ona görə də iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar